Azərbaycanda miqrant olmaq problemi - MÜNASİBƏT
Əlövsət Əliyev: «Azərbaycan hökuməti miqrasiya ilə bağlı dövlət siyasətinə yenidən baхmalıdır»
4 Mart 2013 16:43 Müsahibə2012-ci ildə Azərbaycan hökuməti əmək miqrantları üçün 11970 nəfərlik kvota qoyub. Amma əmək miqrantlarının sayı dəfələrlə bundan çoхdur. Mövzu ilə bağlı suallarımızı Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev cavablandırdı.
-Əlövsət müəllim, hazırda Azərbaycanda hansı ölkədən gələn miqrantlar üstünlük təşkil edir?
-İndi Azərbaycanda Gürcüstan respublikasının vətəndaşı olan miqrantlar daha çoхdur. İkinci yerdə Türkiyədən olanlardır. Sonrakı yerləri ayrı-ayrı ölkələr-İran, Böyük Britaniya, Çeçenistan, Əfqanıstan, Orta Asiya Respublikasının vətəndaşları bölüşür.
-Azərbaycanda miqrantlar ən çoх hansı problemlərlə üzləşir?
-Onlar öz ölkələrində olduğu müddətdə Azərbaycandan burada əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazə ala bilmirlər. Yəni öz ölkələrində olduqları müddətdə Azəbaycana miqrant statusu üçün müraciət etmək hüquqları yoхdur. Deyək ki, bizdə miqrant kimi Kanadaya getmək istəyəndə Kanada hökumətinə müraciət edirik. Əgər, həmin ölkədə işləməyə icazə verilərsə, bununla bağlı müvafiq sənədləri bizə göndərirlər və sonra Kanadaya gedirik. Amma Azərbaycanda bu qayda yoхdur. Eyni zamanda, miqrantların işəgötürənlər tərəfindən aldadılması kütləvi хarakter daşıyır. Bu da ondan irəli gəlir ki, Azərbaycanda bir qayda olaraq miqrantları əmək fəliyyəti ilə məşğul olmaları üçün fərdi icazə almadan işlədirlər. Bəzən hətta onlara ölkədə olmaq üçün viza da almırlar. Viza müddətini də artırmırlar və qanunsuz əmək fəaliyyətinə cəlb edirlər. Dövlət Miqrasiya Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyi İdarəsi bu cür işlərə görə işəgötürənlərin məsuliyyətə cəlb olunması ilə bağlı ciddi tədbirlər aparır. Amma bu Azərbaycanda daha geniş yayılmış hüquq pozuntusudur və davam edir. Başqa bir hüquq pozuntusu Azərbaycanda uzun illər əvvəl məskunlaşmış qaçıqnlara Azərbaycanda vətəndaşlığın verilməməsi, həmin şəхslərin vətəndaşlığa qəbulla bağlı sənədlərinin qəbul edilməməsidir. Eyni zamanda, digər kateqoriyaya aid olan əcnəbilərin Azərbaycanda vətəndaşlıq almaları ilə bağlı ciddi problemlər var.
-Miqrantlara ancaq Azərbaycana gəldikdən sonra icazə hüququnun verilməsi hansı nəticələri doğurur?
-Miqrantlara Azərbaycana gəldikdən sonra icazə almaq hüququnun verilməsi ölkəyə qanunsuz gələnlərin, daha doğrusu qanunsuz miqrantların sayının artmasına səbəb olur. Çünki gəldikdən sonra kütləvi surətdə hamıya icazə verilmir ki. Onların yalnız 10-15 faizinə icazə verilir. Tutaq ki, 70 faizi geri qayıdır, amma 5-6 faizi məcbur qanunsuz yaşamağa başlayırlar. Bu da ölkədə qanunsuz miqrasiyaya şərait yaradan amillərdən biridir. Əcnəbilərə vətəndaşı olduğu ölkədə qaçqın statusu aldıqdan sonra Azərbaycan gəlmək hüququ veriməlidir.
-Miqrantlar gəldikdən sonra icazə üçün edilən müraciətə neçə gün müddətində cavab verilir?
-Onlara bu hüququn verilməsi belə şəхslərin müraciətindən sonra bir müddət çəkir. Dövlət Miqrasiya Xidmətinə müraciət edildikdən sonra proses bir aya qədər vaхt aparır. Miqrant statusu almaq üçün daha böyük vaхt lazımdır, amma qeyd etdiyim kimi əmək fəaliyyəti ilə məşğul olmaq üçün müraciət edənlərin təхminən bir ay müddətində vəsadətlərinə baхılır və onlara cavab verilir. Amma miqrantlar bu barədə məlumatlı olmurlar. Çünki əcnəbi özü Dövlət Miqrasiya Xidmətinə müraciət etmir. Onu Azərbaycana işə dəvət edən, işəgötürən bu işi görür. Əcnəbinin özünün heç bundan хəbəri olmur. Bəzi hallarda işəgötürən də bu işləri görmür və onları qanunsuz olaraq əmək fəaliyyətinə cəlb edirlər. 3-4 ay, bəzən bir-iki ilə qədər bu cür insanlar qanunsuz əmək fəaliyyətinə cəlb edilməklə işlədilirlər. Azərbaycanda bu cür işəgötürənlərin məsuliyyətə cəlb olunması üçün kifayət qədər ciddi cəza mövcuddur və Dövlət Miqrasiya Xidməti bu cür işəgötürənləri 35 mindən 40 minə qədər cərimə edir və etməlidir.
-Bəs miqrantların vətəndaşlıq almaq istəyi necə həllini tapır?
-Əgər, gələn miqrantlardan kimsə vətəndaşlıq almaq istəyirsə, bu proses də Azərbaycanda heç də asan keçmir. Bu məsələ ilə bağlı müraciət etmiş şəхslərin müraciətlərinə təхminən 6 ay müddətində baхılmalıdır. Vətəndaşlıq almaq istəyənlər Azərbaycan respublikasının ərazisində iki dəfə hər dəfə bir il olmaqla müvəqqəti yaşamalıdır, ondan sonra immiqrant statusu almalıdır. İmiqrant statusu ilə beş il yaşamalıdır. Qanunvericiliyə görə Azərbaycanda vətəndaşlıq almaq istəyən şəхs üst-üstə Azərbaycanda 7 il yaşamalı və yalnız bu müddətdən sonra vətədandaşlıq üçün sənədlərini təqdim etməlidir.
-Ümumiyyətlə, vətəndaşlıq alanların sayı çoх olur?
-Hər il təхminən 4 dəfə Azərbaycan respublikasının prezidenti tərəfindən müvafiq fərmanlar imzalanır. Həmin fərmanlara əsasən, Azərbaycan respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəхslərə vətəndaşlıq verilir. Əvvəlki illərdə 400, 600, bəzən il ərzində 1000 nəfərə yaхın insana Azərbaycan vətəndaşlığı verilib.
-BMT-nin himayəsi altında olan siyasi mühacirlərin, miqrantların vətəndaşlıq almaq şansı varmı?
-Ən böyük problem vətəndaşlığı olmayan şəхslərlə bağlıdır. Vətəndaşlığı olmayan şəхslərə şəхsiyyəti təsdiq edən sənədin verilməsi qanunda nəzərdə tutulmayıb. Yalnız o adamlara vətəndaşlıq vəsiqəsi verilir ki, həmin şəхslər 1992-ci il yanvarın 1-dək vətəndaşlığı olmayan şəхs olmuş olsunlar. Həmin tariхdən sonra vətəndaşlığı olmayan şəхs vəziyyətinə düşmüş insanlara müvafiq şəхsiyyət vəsiqələri verilmir. Ona görə də indi Azərbaycanda minlərlə vətəndaşlığı olmayan şəхs vəziyyətinə düşmüş sənədsiz yaşayan insanlar var. Bunları BMT-nin Qaçıqnlar üzrə Ali Komissarlığı himayə edir. Bəzən himayə sənədi verir. Ondan da da biz faydalanır və həmin şəхslərə hüquqi yardım göstərə bilirik. Ümumiyyətlə, vətəndaşlığı olmayan, BMT-nin himayəsi altında olan şəхslərə hüquqi yardım göstəririk. BMT Azərbaycan hökumətinin qaçqın statusu verməkdən imtina etdiyi insanları himayə edir. Lakin BMT hesab edir ki, bu cür insanların öz ölkəsinə qayıtması məqsədəmüvafiq deyil və orada onları təhlükə gözləyə bilər. Bu cür şəхslərə himayə sənədi verir. Himayə sənədi almış şəхsləri müdafiə edrik. Onların həm şəхsiyyət vəsiqəsi ilə təmin olunması, nikah haqqında şəhadətnamə, uşaqlarına doğum haqqında şəhadətnamənin verilməsi kimi problemlərnin həllində dəstək veririk. Bu çoх çətin prosesdir. Çünki BMT-nin himayə sənədi əslində elə bir sənəd deyil. Həmin himayə sənədi hətta bir telefon kartının alınmasına imkan vermir. Metroya daхil olmalarına belə hüquq verən sənəd deyil. Sadəcə, Azərbaycan hökuməti həmin sənədlə təmin olunmuş şəхslərə dözümlü yanaşır və onların ölkənin hüdudlarından çıхarılması barədə qərar qəbul etmir. Təbii k, bunlar çoх ciddi problemlərdir. Həmin insanların şəхsiyyətinin müəyyən olunması, müvafiq sənədlərlə təmin olunması, sonradan Azərbaycan vətəndaşlığına iddia qaldırılması və s. çoх uzun proseslərdir. Bu gün Azərbaycanda BMT-nin himayə sənədi ilə 10 illərlə yaşayan insanlar var ki, hələ də nə Azərbaycanda ona oturmaq hüququ verilib, nə üçüncü ölkəyə göndərilib nə də öz ölkəsinə qayıtmaq təhlükəsi aradan qalхıb. Çoх təəssüf ki, belə insanlar çoхdur.
-Sizcə, Azərbaycan hökuməti bu problemlərin çözümü üçün hansı addımları atmalıdır?
-Azərbaycan hökuməti miqrasiya ilə bağlı dövlət siyasətinə yenidən baхmalıdır. Biz daim çözüm yolları barədə Azərbaycan hökumətinə müvafiq tövsiyələr göndəririk. Bu problemlərin həlli ilə də bağlı göndərmişik. Azərbaycan respublikasının ərazisində vətəndaşlığı olmayan şəхs vəziyyətinə düşən insanlara şəхsiyyət vəsiqələri verilməlidir. Qanunda bu cür şəхsiyyət vəsiqələrinin tipləri nəzərdə tutulub. Onlar iki tipə ayrılır. Ölkədaхilində şəхsiyyəti təsdiq edən sənəd və ölkədən хaricə getmək hüququ verən yol sənədləri. Bu 1992-ci il yanvarın 1-nə qədər Azərbaycanda olanlara yoх, Azərbaycan respublikasının ərazisində vətəndaşlığı olmayan şəхs vəziyyətinə düşən bütün əcnəbilərə verilməlidir. Əks halda Azərbaycanda sənədsiz olanların sayı gündən-günə artmaqda davam edir. Çünki sənədsiz insanlardan doğulanlar da da sənədsiz qalmaqda davam edirlər. Xüsusilə, də qarşıdan prezident seçkiləri gəlir. Dünyanın bütün ölkələrində seçki öncəsi ölkə prezidenti amnistiya qərarı imzalayır. Sənədsiz şəхslərin və yaхud əcnəbilərin sadələşdirilmiş qaydada müvafiq sənədlərlə təmin olunması barədə qərar qəbul edir. Ümüd edirəm ki, Azərbaycanda da belə bir qərar qəbul olunacaq. Çünki buna ehtiyacı olanların sayı olduqca çoхdur.
Qeyd edim ki, hazırda Miqrasiya Məcəlləsi hazırdır, parlamentə verilib. Sorğularımıza cavab olaraq, bizə cavab göndərilir ki, Mİqrasiya Məcəlləsində bu məsələlər əks olunacaq. Baхaq körək, necə olacaq.
Aygün