“Ad gözəl səslənir, Azərbaycanın ilk gənc xanım baş rejissoruyam” - MÜSAHİBƏ
Günay Səttar: “Ən səmimi köməkçilərim səhnələşdirdiyim əsəri izləmək üçün teatra gələn tamaşaçılardır”
18 Fevral 2013 15:02 MüsahibəMüsahibimiz Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru Günay Səttardır.
- İlk əvvəl yaradıcılıq yolunuza ekskursiya edək. Günay Səttar rejissorluq işinə nə kimi başlayıb, hansı teatrlarda çalışıb, neşə əsər səhnələşdirib?
- Rejissorluq fəaliyyətimə Yuğ Teatrında başlamışam. O vaxtı mənim müəllimim rəhmətlik Vaqif İbrahimoğlu Yuğ teatrının bədii rəhbəri idi. Vaqif müəllim öz tələbələrindən gözünün tutduğu, qiymətləndirdiklərini yanında işləməyə dəvət edirdi. Mən də Vaqif müəllimin köməkliyilə Yuğda rejissor assistenti kimi işləməyə başlamışam. İlk səhnələşdirdiyim əsər Frans Kafkanın "Çevrilmə" pyesi olub. Əsərlə bağlı mono-tamaşa qurmuşdum. Həmin tamaşa ilə Yuğ teatrı festivalda da iştirak edib. Yuğ Teatrından başqa Qazax teatrında dövlət sifarişilə tamaşa qurmuşam. Azərbaycan çərçivəsində olan bir neçə festivalda iştirak etmişəm. "Boş məkanın dolğunluğu" və çoxlu sayda mono-tamaşa festivallarının da iştirakçısıyam. Sonra Ankarada praktika keçərkən rejissor assistenti kimi də fəaliyyətim olub. Hal-hazırda da Mingəçevir Dövlət Dram Teatrının baş rejissoruyam.
- Səhnələşdirdiyin əsərlərin başqalarının izləməsi necə bir hissdir?
- Qurduğum tamaşanın pis, yaxud yaxşı alınmasını görmək üçün həmişə özüm tamaşaçı gözüylə baxmağa çalışıram. Yəni bu zaman mən tamaşadakı səhvləri görə bilirəm və təbii ki, sonradan həmin yerləri işləyib dərhal aradan qaldırıram. Başqa tamaşaçıların səhnələşdirdiyim əsəri izlərdiyini görəndə əlbəttə ki, bu mənə xoş gəlir. Məncə hər bir rejissorun istəyidir ki, insanlar teatrlara gəlsinlər və inların tamaşalarını izləsinlər. Tamaşaçıların tənqid, yaxud təklifləri olanda bu mənə xoş gəlir. Hərdən elə olur ki, bir izləyicinin tamaşadan gördüyü səhvlə mənim gördüklərim üst-üstə düşür. Bu məni sevindirməyə bilməz, çünki belə hallarda məhz mənim ən yaxşı köməkçilərim tamaşaçılardır.
-Müstəqil olduqdan sonra Azərbaycan tamaşaçılarına tamaşaçı axınında azalma müşahidə edilir. Günay xanım, bu azlıq sizin teatr işçisi olmağınıza peşimançılıq hissi aşılamır? Peşiman deyilsiniz ?
- Dediyim sözlər şablon səslənməsin, şükür ki, rejissor olmuşam. Bəlkə də rejissorluğu istəyib də başqa sənətə yiyələnsəydim, bu məni xoşbəxt etməzdi. Mənim xarakterimdə də amiranəlik keyfiyyətləri var, rejissor - rejim yaradan deməkdir. Adətən rejisssorlar qurduğu tamaşalarda aktyorların səhnədəki rejimlərinə də nəzarəti öz əlində cəmləyir. Sən özün də görmüsən, mənim qurduğum tamaşada rol da almısan. Mən çalışdığım elə kollektivlər olub ki, onun içərisində həm peşəkarı, qeyri-peşəkarı, ümumiyyətlə bu işdə yeni olan studiya tələbələri olub ki, onların səhnədə bir-birilərini anlaması üçün rejim yaratmağa çalışmışam. Rejissorluq sənətinə işıqlı gələcək kimi baxıram. Bu gün teatrlarda yaxşı rejissor işinə qiymət verilir. Rejissor öz işinə ağılla, əqidə ilə yanaşsa ortada heç bir problem olmaz, bu baxımdan teatrlara üz tutan tamaşaçı və aktyor axını güclənə bilər. Mən maaş almaq, ya da ki, tamaşa qurmaq xətrinə yox, yaradıcılıq işimin əhatəsini genişləndirmək və müəyyən qədər də insanlara yaxşı sənət göstərmək üçün bu sənəti sevirəm. Yaradıcılıqla məşğul olanda bu məni xoşbəxt edir, demək ki, mən peşiman deyiləm.
- Azərbaycanın ilk gənc xanım baş rejissorusunuz. Çoxları bu adı qazanmaq üçün illərlə teatr köşələrində uzun illərini xərcləməyə məcburdurlar. Sizin özəlliyiniz nədir?
- Ad çox gözəl səslənir, mən Azərbaycanın ilk gənc xanım baş rejissoruyam. Bu adı alanda öz işimdə məsuliyyətimi daha da artırdı. Mənim çoxlarından nə fərqim varsa, bunu bir Allah bilir. Yəqin ki, baş rejissor adına layiq görülməyimdə şansım məndən yana oldu. Həmişə mənə deyirdilər, mən inanmırdım. Amma, bu il inandım ki, həqiqətən də şanslı insanam. Həm də Vaqif müəlimin sayəsində biz tanındıq. Mənim gənc rejissor yoldaşlarım - Gümrah Ömər, Tural Mustafayev də hal-hazırda baş rejissor kimi çalışırlar. Bundan başqa Mikayıl Mikayılov Akademik Milli Dram Teatrında "Şah İsmayıl" tamaşasını qurur. İradə Sayya var, o, Musiqili Komediya Teatrında və Mingəçevir Dövlət Dram Teatrında əsərlər səhnələşdirib. İradə Sayya mənim tələbə yoldaşım olub və kifayət qədər işinə məsuliyyətli xanımdır. Yəqin ki, bizə yardımçı olan əsas keyfiyyətlərimiz bacarıq və şanslarımızın bolluğudur. Təşəkkür edirəm ki, bunları görüb bizi qiymətləndirirlər. Bu işdə Mədəniyyət və Turizm Nazirliyinin əməyi danılmazdır.
- Çalışmaq üçün daha çox region teatrlarına üstünlük verirsiniz. Bu dəqiqdir ki, Bakıya nəzərən rayon teatrlarında böyük bir qeyri-peşəkar aktyor, aktrisa ordusu var. Bu tip kollektivlərdə çalışmağın çətinliyi nədən ibarətdir? Ad çəkməkdə sərbəstsiniz...məsələn...
- Yox, ad çəkməyəcəyəm. Digər tərəfdən bu istiqamətdə olan problemlərin hamısı rejissorların əlindədir. Bu tip kollektivləri peşəkarlığa çəkmək rejissorun səlahiyyətlərinə daxildir. Rejissor mümkün olan, hətta ondan artığını bacarmalıdır. Mən də ilk təyin olunduğum teatrlarda hansı aktyorların peşəkar, hansıların qeyri-peşəkar olduğunu ilk əvvəl görə bilmirəm, zaman-zaman, tamaşadan-tamaşaya, hətta boş zamanlarda da müəyyən məsələlərdə zəif olan aktyorlarla işləyib mövcud olan problemləri aradan qaldırmağa çalışıram. Çox vaxt bəzi şeylərə nail ola bilirəm. Rejissor adətən belə işlərdə qeyri-peşəkarlara səthi yanaşmamalıdır. Elə aktyorlar var ki, üç ayda bir dəfə də olsun bir kitab üzü belə açıb baxmır, ya da ki, internetdə də axtarışlar etmir. Elə aktyorlar var ki, Mədəniyyət və İncəsənət Universitetini bitirməyib, amma bu o demək deyil ki, o yaxşı aktyor deyil. İnsanda aktyorluq qabiliyyəti doğuşdan olur. Elələri də var ki, ixtisası aktyorluqdur, lakin qeyri-ixtisas sahibi olan aktyor ondan dəfələrlə peşəkardır. Qeyri-ixtisas sahibi olan gənclərin çox böyük əksəriyyəti istedadlıdır, onların üzərində işləyib qəlibə saldıqdan sonra ortaya peşəkar aktyor qoymaq mümkündür. Belə aktyorlara adətən rejissorlar teatrlarda işləməyin qaydalarını öyrədirlər, zatən onlar doğuşdan istedadlıdırlar, belələrinə öyrədilən tək şey teatrın intizam qaydaları və qanunlarıdır. Özünə rejissor deyən hər bir insan kollektivin peşəkar, yaxud qeyri-peşəkar səviyyəsindən asılı olmayaraq həmin birlikdə işləməyi bacarmalıdır. Rejissor öz üslubunu ortaya qoyub kollektivi qəlibə salmağı bilməlidir. Bir də ki, bu cür işlərdə rejissorun özünəməxsus öyrətmək metodologiyası olmalıdır.
- Teatrlara sovetlərdə insanların simpatik münasibəti var idi. Günay xanım, nə baş verir, insanlar teatrlardan niyə ayaqlarını kəsirlər?
- Sovet dönəmində çox yaşamamışam, o dönəmi kitablardan çox oxumuşam. Ümumiyyətlə, sovet dönəmini işıqlı dövr kimi tanımıram. Bu gün teatrlara üz tutan tamaşaçı azlığına görə teatrın administrativ kollektivini günahlandırıram. Məsələn, bu gün Mingəçevir Dövlət Dram Teatrının tamaşaçı baxımından problemi yoxdur. Yaşlılar üçün nəzərdə tutulan tamaşalara əsasən uşaqlar gəlirlər. Bu faktor da teatrların ən böyük qüsurlarından biridir. Teatra tamaşaçı kütləsini cəlb etmək üçün reklam olunmalıdır, administrasiya bununla bağlı müəyyən tədbirlər planı hazırlamalıdır, biletlər vaxtında təşkil edilməlidir, insanların maraq dairəsində olan tamaşalar qurulmalıdır, rejissorlar səhnələşdirdiyi əsərlərə maraq keyfiyyətləri qatmalıdır, aktyorlar səhnədə olarkən öz işinə məsuliyyətlə yanaşmalıdır. Bu amillərin hamısı birində olsa ortaya nəticə qoymaq mümkün olacaq.
- Hal-hazırda hansı tamaşa üzərində işləyirsiniz, gələcək planlarınızda nələr var?
- Bu yaxınlarda türk yazarı Turqay Narın "Zibillik" ("Çöplük") əsərini səhnələşdirib təhvil verdik. Mingəçevir Dram Dövlət Teatrında (MDDT) premiyerası oldu. Tamaşa deyilənə görə tamaşaçılar tərəfindən bəyənildi. Biz tamaşa barədə Etrus Ankara Beynəlxalq Teatr Festivalına bildirdik. İnşallah ayın 21, 22 və 23-ü "Zibillik" tamaşası ilə Mədəniyyət Nazirliyi və Türksoyun təşkilatçılığı ilə Ankarada keçirilən festivalda təmsil olunacağıq. Hal-hazırda isə MDDT-da İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" əsərini səhnələşdiririk.
- Çalışdığınız hansı teatrda rastlaşdığınız hansı olay heç vaxt Günay xanımın yadından çıxmayacaq?...
- Belə hadisələrdən biri Yuğ Teatrında çalışarkən baş verib. Amma, deməyəcəm.
- İstəmirsinizsə deməyə bilərsiniz. Maraqlı olsun deyə soruşdum...
- Bəyəm, bayaqdan danışdıqlarım maraqlı deyil?
- Yox, mən elə demək istəmədim, yəni əlavə maraq üçün...
- Ad çəkməyəcəm, mən bir teatrda işləyirdim. Orada keçmiş baş rejissor var idi. Səhv etmirəmsə o rəhmətə gedib. Amma, bu bir az sürüşkən məsələdir. Nə isə...mənə dedilər ki, bəs mən tamaşa qurduğum vaxt işlədiyim zalın qapısından balaca dəlik açıb oradan zala baxırmış ki, mən nə iş görürəm. Sonra kollektivi bir yerə yığıb deyirmiş ki: "Günay bunu belə dedi, onu elə elədi, bu bizim teatra ziddir, Günaya qarşı çıxın!" Təbii ki, bunların hamısı söz olaraq qaldı.
Mənsur Rəğbətoğlu