Qənirə Ataşova: "Bizim evdə “qızsan, otur yerində!” sözləri..."
ANS TV-nin "Baş xəbər" proqramının aparıcısının "Aysel" jurnalına müsahibəsi
18 Fevral 2013 10:56 Müsahibə-İş qrafikiniz çox gərgindir, bütün işləri görməyə necə müvəffəq olursunuz?
-Düzdür, hərdən həddindən artıq yoruluram, amma bu, bir həyat tərzidir. Mən həyatımı saatlara bölürəm. Qeyd dəftərçəmdə hər gecə sabah üçün görəcəyim işlərin 1-2 səhifəlik siyahısı olur. Mən kimə zəng etməliyəm, kimin məsələsi var, onunla danışmalıyam, rayonda hansı məsələ var, işimdə hansı sənədlər getməlidir və s. Amma mən Allahımdan narazı deyiləm. Vay o gündən ki, insanın işi olmasın, insan çalışmaq, özünü reallaşdırmaq üçün bir iş axtarsın! O çətindir. Hərdən yaxın qohumlarım deyir ki, görüşə bilmirik. Yaşlı nəslin nümayəndələri deyirlər ki, bizim vaxtımızda belə deyildi. Mən də deyirəm ki, mobil telefonlar, kompüterlər, informasiya texnologiyaları həyatımıza girib, həyat o qədər sürətlənib ki, insan artıq yetişdirə bilmir. Ancaq şükür, Allah bu imkanları verir ki, nədəsə yararlı olmağa çalışıram, kiməsə kömək etməyə imkan tapıram, kiməsə dəstək verirəm, öz işimin öhdəsindən gəlməyə çalışıram və bundan hansısa rahatlıq tapıram.
-Belə həyat tərzi ümumilikdə, bir xanım üçün nə dərəcədə çətin, yaxud asandır?
-İş fəaliyyətində qadın-kişi ayrımını qəbul etmirəm. Mənim üçün insan, onun fiziki və zehni imkanları var. Elə qadınlar var ki, kişilərdən daha fəal işləyə, yararlı ola bilər. Biz belə görmüşük. Gözümü açandan anam kimya müəlliməsi işləyib və öz ailəsinə də baxıb, 4 uşaq böyüdüb, onları tərbiyə edib. Evdə oturan çox xanımlar var ki, öz uşaqlarının dərdləriylə maraqlana bilmir, daha doğrusu, maraqlanmırlar. Amma anam hər gün işə gedirdi, evin yükü üzərindəydi, onu da çatdırırdı. Hər gün 4 övladının dərsləriylə məşğul olurdu, bizə kitablar oxumağa da vaxt tapırdı. Əsas istəkdir, insan istəsə həm işinin, həm də ailəsinin yükünü çəkməyi çatdıra bilər. Hesab etmirəm ki, iş fəaliyyəti qadın üçün ailə həyatında bir əngəldir. Mənim nəzərimdə insanlar tənbəl və qoçaqlara, məsuliyyətli və məsuliyyətsizlərə bölünür. Biz belə görmüşük, ətrafımızda mühafizəkar mühit olmayıb.
-Sizin üçün karyera nədir?
-Karyera vəzifə demək deyil. Bizdə karyera deyəndə fikirləşirlər ki, o, ya deputat, ya da nazir olmalıdır. Xeyr. Karyera odur ki, hər bir qadının öz potensialını reallaşdıra bildiyi bir işi olsun. Yaxşı müəllimlik, həkimlik də karyeradır. Təbii ki, hamı ali təhsil ala bilməz. Amma qadınlarımızın məşğul olduğu bir peşə mütləq lazımdır. Hər bir qadın özünü ayaq üstə saxlayacaq gücdə olmalıdır. Qadının bu formada özünü ayaq üstə saxlayacaq gücünün olmaması qadın haqlarının pozulmasının, onun əziyyət və təzyiqlərə məruz qalmasının əsas səbəblərindən biridir.
-Sizcə, gənc yaşda uğurunuzun səbəbi nədir?
-Bu, yəqin ki, atamdan gəlir. Hər bir qızın uğur əldə etməsində atasının dəstəyi, atasının onun arxasında olması çox böyük rol oynayır. Məktəbdə oxuduğumuz zamanlarda atam deyərdi ki, qoy bütün günü dərslə məşğul olsunlar, oxusunlar, çünki onlara ilk növbədə bu lazımdır. Ali məktəbə daxil olanda da atam həmişə arxamızda olub, deyib ki, çalışın, öz üzərinizdə işləyin. Bizim evdə "qızsan, otur yerində!" sözləri dilə gətirilməyib. Əksinə, atam həmişə deyirdi ki, biz dəstək olmalıyıq ki, qızlarımız irəli getsin. Atam bu prinsipi anam üçün də əsas sayıb, onun çalışmasını, savadıyla cəmiyyətə müsbət nə isə verməsini istəyib. Bu baxımdan mən şanslıyam.
Bizdə ailə ənənələri də möhkəm olub və həmişə ailəyə vaxt ayırmışıq. Ana ilə atanın, qardaş və bacının qayğısına qalmağa iş mane olmur. Əsas istəkdir, bu, insanın içərisində olur, ya da olmur. İşləyib işləməməyin buna heç bir maneəsi yoxdur. Filosofların birindən soruşublar ki, bütün uğurlarına görə nəyə borclusan? Deyib ki, bütün uğurlarımı çəkdiyim zəhmət və əziyyətə borcluyam. Yəni uğurun açarlarından biri zəhmətdir, ona da uşaqlıqdan öyrətmək lazımdır.
-Xoşladığınız yeməklər hansılardır?
-Mən öz mətbəximizi sevirəm. Düzdür, hərdən mətbəximizin zərərli təsirləri də var. Çünki bizim mətbəximizdə xəmir, yağ, yağlı ət çox üstünlük təşkil edir. Amma mənim ən çox sevdiyim kələm dolması, dovğa, bir də təbii ki, mənim doğulduğum bölgənin xüsusiyyətindən asılı olaraq xəngəldir. Xəngəl bizim mətbəxin tacı hesab olunur. Bir də Bakıda qutab, bizim bölgədə kətə deyirlər. Elektrik piltəsində yox, sac üzərində bişən kətə. Gərək odunun istisi ona dəysin. Bax o kətəni çox sevirəm. Rayona gedəndə yemək istədiyim şeylərin başında o gəlir.
-Nə kimi arzularınız var?
-Yunanların yaxşı bir sözü var. Deyilir ki, Allahı güldürmək, əyləndirmək istəyirsənsə, ona öz planlarından danış. Mənim fəlsəfəm budur ki, insan həyatı hər zaman bitə bilər. Mənim bir neçə sinif yoldaşım artıq həyatda yoxdur, Ermənistan Azərbaycan ərazilərini işğal edən zaman torpaqlarımızın müdafiəsində şəhid olublar. Bəziləri də itkin düşdülər. Eləcə də onların içərisində yaxın qohumlarım var, içərisində Milli Qəhrəmanlar var. Biz bir yerdə böyümüş və oxumuşduq. Amma onlar çox gənc yaşlarında həyatlarını itirdilər. Ona görə də düşüncəmdə yoxdur ki, uzun yaşayacağam, arzular da belə olmalıdır. Mən hər gün səhər şükür edirəm ki, bu gün həyata gözümü açdım, günəşi, havanı gördüm. Hər gecə də yatanda şükür edirəm ki, bu günü də başa vurdum, çalışdım ki, yaxşılıq edərək, insanlara yararlı olaraq günü başa vurum. Pis əməllər etməyərək, günahların içərisinə girməyərək. Bu mənim həyat fəlsəfəmdir. Hindlilərdə və digər xalqlarda da məşhur olan bir məsəl var. Deyirlər ki, sən dünyaya gələndə hər kəs sevinirdi, təkcə sən ağlayırdın. Həyatını elə yaşa ki, sən həyatdan köçəndə hər kəs ağlasın, qəmlənsin. Sən isə üzündə təbəssüm, rahatlıqla həyatdan gedə biləsən.