“Üç yaşa qədər uşaqlarda əlillik daha çox ola bilər” - MÜSAHİBƏ
Hadı Rəcəbli: “Uşaqların bədəni səpir, valideynlərin bilməməzliyi üzündən onların qulağı tutulur”
14 Fevral 2013 12:49 MüsahibəMüsahibimiz Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəblidir.
-Hadi müəllim, rəhbərlik etdiyiniz komitə tərəfindən "Uşaqların icbari dispanserizasiyası haqqında" qanunvericilik aktı müzakirəyə çıxarılıb. Bu qanunun hazırlanması hansı zərurətdən yaranıb?
- Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları bir neçə müalicə-diaqnostik mərkəzlərinin açılışlarında belə bir fikir səsləndirib ki, Azərbaycan vətəndaşları ən azı ildə bir dəfə dispanserizasiyadan keçməlidir. Bu, dünyada qəbul olunmuş bir sistemdir. Sovet dönəmində də buna oxşar məsələlər vardı. Bütün bunlar sosial dövlətin göstəriciləridir. Sosial dövlətin vacib göstəricilərindən biri budur ki, insanları sağlam olsun. Ümumiyyətlə, dünyada kasıblığın aradan qaldırılması üçün insanlara xidmətin iki baş istiqaməti var - biri təhsildir, biri sağlamlıq. Və bu iki məqsəddən ötəri məhz həmin o addım atılmalıdır. Möhtərəm Prezidentimiz İlham Əliyev o baxımdan uşaqların dispanserizasiya məsələsini gündəmə gətirib. Bununla bağlı, biz hüquqi bazanın möhkəmləndirilməsinə diqqət yetiririk. Bildiyiniz kimi, "0" yaşdan 18 yaşa qədər uşaq yaşı hesab olunur. Bu da əhalinin, demək olar ki, Azərbaycan miqyasında təxminən yarısını təşkil edir. Yəni, ilk addım olaraq, əhalinin yarıbayarı hissəsinin - gələcəyimiz olan uşaqların dispanserizasiyası, sağlamlığı bu gün vəzifə olaraq qarşıya qoyulubsa, demək, biz sabahımızı indidən təmin edirik. Məhz bu baxımdan, bu qanun layihəsi ortaya qoyulub və burada çox maraqlı bölmələr var. Bu bölmələrin biri məişətdir. Məqsəd də ölüm səviyyəsinin azaldılması, uzaqların xəstəlikdən qorunması, ən başlıcası isə gələcəyimizin bünövrəsinin yaxşı qoyulmasıdır.
-Bunun üçün əsas prinsiplər hansılardır?
- Əsas prinsiplər odur ki, insan azadlıqlarına hörmət etmək baxımından bu iş görülməlidir, planlı şəkildə, kompleks şəkildə həyata keçirilməlidir. Bir də burada bununla bağlı müalicə- sağlamlıq tədbirlərinin diferensiallaşdırılmasıdır. Eyni zamanda, bu dispanserizasiya hamı üçün mümkündür. Biz buradan durub gedirik dünyanın o başına qanın analizinə. Ancaq bu qanunun qəbulundan sonra uşaqlarımızın qanının analizi əlimiz altında olanda biləcəyik ki, hansı xəstəliklər var. Sonra həmin uşaqların valideynləri də biləcək və onlarla məşğul olacaq. Həmçinin, cəmiyyət də biləcək, onunla məşğul olacaq, hökumət də.
-Bu məsələdə dövlətin vəzifələri hansılardır, yəni dövlət öz üzərinə hansı işlərin görülməsini götürəcək?
- Dövlətin bu məsələdə vəzifələrindən birincisi ondan ibarətdir ki, elə əsas siyasəti dövlətin özü müəyyənləşdirir. Yəni, bu dispanserizasiyanın qaydasını müəyyənləşdirir ki, o, məktəbdə keçiriləcək, polilinikada aparılacaq və ya necə olacaq. İlk növbədə bu qaydaların müəyyən edilməsidir. Tədbirləri qurur, keyfiyyətinə təminat verir-bunun keyfiyyəti yüksək səviyyədə olmalıdır-vaxtında həyata keçirilməsini təmin edir. İldə bir dəfə demişik, ildə bir dəfə olsun. Sonra müayinələrin keçirilməsi gəlir. Burada nəticədə keyfiyyətin yaxşılaşdırılması nəzərdə tutulur.Vacib məsələlərdən biri bu məlumatların xüsusi kompüter bazasında yığılmasıdır. Bu da informasiya mərkəzinin yaradılması deməkdir. Uçotun aparılması da burada çox diqqət kəsb edir. Uşağın "kartoçka"sı ayrılır, burada onun ilbəil müayinələrinin göstəriciləri olur. Bu, özü xeyli dərəcədə həkimlərin imkanlarını təmin edir, yəni, həkimlərin də işi rahatlaşır. Bir də dispanserizasiya ilə bağlı maarifləndirmə işinin təşkili burada xüsusi önəm kəsb edir. Möhtərəm Prezidentimiz də bu haqda iki ildir deyir, amma konkret addımların atılmasına təşəbbüs bizim tərəfimizdən hələ də yoxdur. Maarifləndirmə çox böyük əhəmiyyət kəsb edir. Dövlət təminatı nədən ibarətdir? Bildiyiniz kimi, bütün bu işlər beynəlxalq tələblərə uyğun aparılır və keyfiyyətə dövlət cavab verir. Sonra burada uşaqların reyestri yaradılır- dispensarizasiya reyestri bayaq dediyim məsələdir. Dövlət büdcəsindən maddi-texniki bazası güclənir. Mal aparmaq üçün, məsələn, Lerikdə filan dərman yoxdur, filan yoxdur, bunların hamısı onun vasitəsi ilə təmin edilir. Hər il uşaqların sağlamlıq vəziyyəti ümumiləşir, qiymətləndirilir. Bununla bağlı, eyni zamanda, ardıcıl olaraq aşkar edilən xəstəliklərə qarşı mübarizə aparılır və uşaqların bəzi qrupları, məsələn, elə xəstəliklər var ki, onlar gərək uçota alınsın. Buraya isə ciyər xəstəlikləri, yayılan xəstəliklər və sair aiddir və onlar dəqiq uçota götürülür. Bu dispensarizasiyada ən yaxşı mütəxəssis həkimlərin cəlb olunmasını dövlət təşkil edir. Eyni zamanda, dövlət uçot və qeydiyyata nəzarət edir, sonra riskli xəstəliklərin, xəstələrin ayrılması, müəyyənləşdirilməsi və xəstəxanalara yerləşdirilməsini dövlət təmin edir. Bununla bərabər, beynəlxalq əməkdaşlığı dövlət təmin edir, bu da dövlətin bilavasitə funksiyalarındandır. Həmçinin, dispanzerizasiyanın təşkili, həyata keçirilməsi yenə də dövlətin, dövlət müəssisələrinin, vətəndaşların, ictimai birliklərin, hamısının köməyi ilə birgə reallaşdırılır və bunlar - göstəricilər kartlara yazılır, kompüterə köçürülür, sonradan istifadə olunur...
- Dispenserizasiyanın tədbirlərinin bəzilərinin adlarını çəkə bilərsinizmi...
- Bu, müayinə ola bilər davam edilsin, bu, fərdi qaydada ola bilər aparılsın, bir-birindən ayrıca bunların müşahidə olunması məsələsi olsun. Dinamik müşahidə məsələləri ola bilər. Dispensiv nəzarətə götürmə məsələlərə ola bilər. Yəni, beləliklə, burada baş məqsəd uşağın xəstəliyini müəyyənləşdirmək, uşağın fiziki sağlamlıq durumunu öyrənmək və bununla əlaqədar olaraq tədbirlər görmək, dövlətin vəzifəsini müəyyənləşdirmək. Vətəndaşın vəzifələri müəyyənləşdirilir, müəssisənin vəzifəsi müəyyənləşdirilir. Burada uşaq müəssisələrinin hər biri iştirak etməlidir. Qeyri-hökumət təşkilatları burada fəal iştirak etməlidir və elə olmalıdır ki, biz də bu iş yüksək səviyyədə aparılsın. Bu, dövlətimizin sosial dövlət olduğuna dəlalət edən bir addımdır. Möhtərəm Prezidentimizin təşəbbüsü ilə gələn bir layihədir və bu bir daha onu göstərir ki, dövlət uşaqlar haqqında, Azərbaycanın cəmiyyəti haqqında düşünür. Və yenə də o statistikaya gəlmək istərdim ki, bizdə 18 yaşına qədər vətəndaşlar, demək olar ki, əhalinin yarısını təşkil edir.
- Hadi müəllim, reallıqda bu prosesdə bir irəliləyiş olacaqmı? Yoxsa yenə də qanunun icrası kağız üzərində qalacaq?
- Belə bir müddəanı oxumaq istəyirəm ki, burada vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. İnzibati Xətalar Məcəlləsində bununla bağlı müvafiq müddəalar da var. Buna baxmayaraq, bu məsələdə nəzarətçi məktəbin direktoru olmalıdır, nəzarətçi eyni zamanda, valideynlər, sinif rəhbərləri olmalıdır- əgər məktəbdə bu işlər görülürsə, məktəb bu işdə təşkilatçıdırsa. Lap uşağın özünü maarifləndirmək olar. Formal nə ola bilər? Uşağı bir rentgendən keçirirlər, deyirlər uşaq rentgendən keçdi. Burada formal nə ola bilər? Rentgen göstərir ki, yoxlandı. Səhvlər ola bilər, nöqsanlar da ola bilər. O birisi il müşayiət olunar, yenidən rentgenden keçirilər. Yəni, bunlar hamısı təkrar olunacaq...
- Elə valideynlər- və ya uşaqlar- var ki, onlar övladlarının, öz xəstəliklərini gizlətməyə çalışırlar...
- Artıq bu uşaqlıq olmayacaq. Həkim gələcək bunu müəyyən edəcək. Bu, uşağa aid olan bir şey deyil. Odur ki, uşaq bunu gizlədə bilməz...
- Ümumiyyətlə, uşaqlar arasında daha çox hansı xəstəliklər yayılır və ya onlara rast gəlinir?
- Məsələn, öskürək xəstəliyi. Görürsən, uşağa soyuq dəyir, burnu axır, valideyn ona yaxşı baxmır və nəticədə onun ağ ciyəri xəstələnir. Bu xəstəlik daha geniş yayılmış xəstəliklərdəndir. Sonra üç yaşa qədər uşaqların bədəni səpir, valideynlər bilməməzliyi üzündən uşaqların qulağı tutulur və sair. Ümumiyyətlə, təcrübə göstərir ki, üç yaşa qədər uşaqlarda əlillik daha çox ola bilər. Bu baxımdan, burada ən ciddi məsələ ana südü ilə qidalanmağa nail olmaqdır. Ona nail ola bilsək, bir sıra xəstəliklərin qabağını alarıq. Valideyndən soruşulmalıdır ki, sən balanı ana südü ilə qidalandırmısanmı? Əgər qidalandırmayıbsa, orada fəsad baş verir. Bu, belə məsələdir. Eyni zamanda, bunun ardınca digər bir qanun hazırlayırıq - "Uşaqların asudə vaxtının təşkili". Uşaqlar idmanla məşğul olmalıdır. Asudə vaxtında uşaq əgər kompüterə yapışırsa, mütləq onun gözündə problem olacaq. O, kompüterdən ayrılmalıdır, kompürerdən istifadənin faizi aşağı endirilməlidir. Bu qanun artıq uşaqların asudə vaxtının təşkili və sağlamlığının qorunmasıdır. İllərlə bizdə pioner düşərgələri olub, şəhərdə yaşayan uşaqların heç olmasa, bir həftə kənd yerində, dağ havasında nəfəs almasını təşkil etməliyik. Bu günləri bizdə düşərgələr yaradılır, amma uşaqlar üçün yaradılmır. Biz minnətdarıq Həmkarlar Komitəsinə ki, o da bizim uşaqlar üçün vəsait ayrılmasının tərəfdarıdır.
Mən düşünürəm ki, həmkarlara uşaqların istirahət düşərgəsinə getməsi üçün, uşaq mərkəzlərinə getməsi üçün vəsait ayrılmalıdır. Bunu qışda da etmək olar. Dünyada belə qəbul olunub. Qışda da görürsən, gedirlər uşaqlar, yayda da gedirlər. Bunu da bilmirəm bu gün nədənsə Təhsil Nazirliyi qadağan edib, müəllimlər qorxurlar uşaqları aparmağa. Birdən avtobus qəza edər, nə bilim nə olar. Onda gərək heç bir şey etməyəsən. Şəhərin özündə də qəza olur. Bu uşaqların yığılıb bu cür ezamiyyətə getməsi, istirahətə getməsi çox vacibdir ki, kənd evlərində, digər yerlərdə qalsınlar bir yerdə gecə yatsınlar, səhər gəlsinlər, axşam qayıtsınlar. Çünki bu, uşaqların dünyagörüşünə də, sağlamlığına da müsbət təsir edir, asudə vaxtını da doldurur. Uşaq evdə qalsa həmin o iki günü kompüterdən ayrılmayacaq. Mən görürəm yayda bəzi ailələr Almaniyaya, İngiltərəyə uşaqlarını istirahətə göndərirlər. Niyə bizim öz rayonlarımıza getməsin? Bu baxımdan, uşaqların asudə vaxtının təşkili və sağlamlığının qorunması çox mühüm məsələdir. Bir dispenzariyasiya etdik, bildik bu xəstədir, sağlamlığını qorumalıyıq. Bunun profilaktik tədbirləri də var. Bu da idmandı, bu da təmiz havadı... Gedib kənd yerində hava almaq, ekoloji təmiz ərzaq yemək tamam başqa məsələdir...
Bu gün uşaqlarımız nə yeyirlər? Pitsa yeyirlər, nə bilim, ketçup yeyirlər, fastfud yeyirlər, nə bilim "kartoşka"nın qızarmışı var- çipsi yeyirlər... Bunlar hamısı ziyanlıdır. Amma kəndə gedəndə elə oradaca inəyin südünü sağıb ona bir stəkan o süddən versən onun bütün yediklərinə dəyər. Bütün bunlar hamısı kəndə inteqrasiya ilə bağlıdır. Uşaqlarımızın kəndə getməsi vacib məsələdir və bunun üçün həftə sonundan istifadə edək. Dünyaya baxın, kinolara baxın, həftə sonu hamı uşaqlarını yığırlar avtobusa gedirlər. Bütün məktəb uşaqlarını avtobuslar daşıyırlar. Baxın bütün dünyada məktəb avtobusları var. Türkiyədə də var onlardan. Taşıtım deyirlər onlara - okul taşıtımı. Okul taşıtımları uşaqları məktəbə daşıyırlar. Burada nə qədər fəlakətli iş var ki? Bir dəfə də okul taşıtımı səni daşısın İsmayıllıya, daşısın Qəbələyə, daşısın Lənkərana. Müəllim getsin üstündə, müəllim olsun üstündə, valideynləri, seçmə valideyn qrupu getsin, ya da valideyn-uşaq qrupu getsinlər. Avtobusun yarısı valideyn olsun, yarısı uşaq. Yəni, bu gün həm turizmin inkişafı baxımından, həm uşaqlarda ekologiyaya bağlılıq baxımından bunu etmək çox vacibdir.
Alim