Ağ ev planına daxil edir, Kreml isə SSRİ-nin yeni sxeminə... - MÜSAHİBƏ
Azərbaycandan heç nə soruşulmur
11 Fevral 2013 13:36 MüsahibəElxan Şahinoğlu: "Müxtəlif siyasi qütblərin Azərbaycan uğrundakı mübarizəsi dövlətin bölgədə oynadığı rolla bağlıdır"
Müsahibimiz politoloq Elxan Şahinoğludur.
- Elxan bəy, Ağ Evin rəsmi dövlət saytının elektron səsverməsində lazım olan qədər səs toplanıb. Xocalı soyqırımı, Dağlıq Qarabağ və Güney Azərbaycan məsələləri ABŞ Konqresində müzakirəyə çıxarılsa, Azərbaycanın gözlədiyi nəticəni əldə etmək mümkün olacaqmı?
- Önəmli olan Dağlıq Qarabağ və Güney Azərbaycan problemlərini, Xocalı soyqrımını Vaşinqtonun diqqətinə çatdırmaqdır. Vaşinqton rəsmilərinin "Xocalı soyqırımı", "Dağlıq Qarabağ" və "Güney Azərbaycan" ifadələrini tez-tez təkrarlamaları belə artıq müəyyən qədər uğur sayıla bilər. Ancaq, bu o anlama da gəlmir ki, əgər gərəkən imzalar toplansa, Konqres və Ağ Ev qollarını çırmalayaraq həm Dağlıq Qarabağ münaqişəsinin həllinə, həm də Güney Azərbaycanın haqlı mübarizəsinə dəstək verəcək. Hər halda çalışmalıyıq ki, amerikalı rəsmilər və diplomatlar problemlərimizə diqqətlərini artırsınlar.
- Politoloq Mübariz Əhmədoğlu mətbuat konfransında belə bir fikir irəli sürdü ki, Rusiyanın Dağlıq Qarabağ məsələsindəki mövcud status-kvonu Azərbaycanın lehinə geri götürəcəyinin izləri görünür. Rusiyanın Dağlıq Qarabağla bağlı mövqeyini nə vaxtsa dəyişməsi müəyyən məntiqə əsas tapırmı?
- Mən Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın Azərbaycanın xeyrinə addım atacağını gözləmirəm. Bu mümkün deyil. Kreml üçün Ermənistanla hərbi-strateji əlaqələri inkişaf etdirmək daha vacibdir, nəinki Dağlıq Qarabağ problemini həll etmək. Bir də ki, hazırda Rusiya-Azərbaycan münasibətlərində müəyyən gərginlik hökm sürür. Belə olan halda Kremldən münaqişənin ədalətli həllində hansı müsbət addım gözləyə bilərik?
- Rusiya Azərbaycanın irəli sürəcəyi hansı şərtlər, yaxud Kremlin təklif etdiyi prinsiplərlə Azərbaycana qarşı olan imperialist siyasətindən geri çəkilə bilər? Nəticədə həmin şərtlər həm Rusiyanı həm də ki, Azərbaycanı razı salsın...
- Azərbaycanın heç bir şərtinin Rusiyanı razı salacağını düşünmürəm. Əksinə Rusiya bizim onun şərtlərini yerinə yetirməmizi istəyir. Kreml Azərbaycanın Gömrük İttifaqına və Avrasiya Birliyinə üzv olmasını istəyir. Bu isə Azərbaycanın milli maraqlarına uyğun gəlmir. Biz ona görə müstəqil olmadıq ki, yenidən Rusiya imperiyasının quruculuğunda iştirak edək. Bu baxımdan rəsmi Bakının Kremlə "yox" cavabını dəstəkləyirəm. Ancaq bu halda Rusiyanın təzyiqlərinə də hazırlaşmalı və onları neytrallaşdırmaq qabiliyyətinə malik olmalıyıq.
- Bir başqa məsələyə diqqət yetirək, çox maraqlıdır, indiki məqamda regionda İran üçün ən əhəmiyyətli müttəfiqlər Azərbaycan və Türkiyə ola bilər. İran isə bu iki dövlətlə əlaqələrin inkişafında maraqlı görünmür, teokratik rejimin iki dövlətə qarşı aqressiyası nədən qaynaqlanır?
- İrandakı hakimiyyət Azərbaycanın güclənməsində və inkişafında maraqlı deyil. Çünki, düşünürlər ki, Azərbaycan sürətlə inkişaf edərsə, bu İranda yaşayan azərbaycanlıların müstəqillik tələblərini gücləndirə bilər. Azərbaycan İranla normal qonşuluq münasibətlərində maraqlıdır. Çox təəssüf ki, Tehran belə münasibətlərə açıq görünmür və az qala hər ay münasibətlərə kölgə salacaq addımlar atır, bəyanatlar səsləndirir.
- ABŞ Güney Azərbaycanın müqəddaratının təyin edilməsi istiqamətində böyük səy göstərirmiş kimi görünür. Hadisələri qabaqlayaraq belə bir nəticə ortaya qoyaq ki, İsrail-İran müharibəsi başladı və İran məğlub oldu. Bundan sonra doğrudanmı ABŞ 50 milyondan çox azərbaycanlının səbrlə gözlədiyi nəticəni ortaya qoyacaq?
- ABŞ-ın birmənalı şəkildə Güney Azərbaycanın müstəqilliyinə dəstək verəcəyini söyləmək çətindir. Bəli, Vaşinqton İranı demokratikləşdirməyə, nüvə çalışmalarından əl çəkməyə vadar etmək istəyir, ancaq bu o demək deyil ki, Güney Azərbaycanın ayrıca subyekt olmasına da "yaşıl işıq" yandıracaq. Vaxtilə Güney Azərbaycanın müstəqilliyini məhz ABŞ əngəlləyib. 1946-ci ildə BMT-dəki səsvermədə ABŞ İranın bütövlüyünün qorunmasına səs verib. Doğrudur, ABŞ o zaman SSRİ-nin İrandakı təsirini azaltmaq istəyirdi, ancaq sonrakı illərdə də Vaşinqton İran şahı ilə sıx münasibət qurub, onun azərbaycanlılara qarşı diskriminasiya siyasətinə göz yumurdu.
- Elxan bəy, müxtəlif qütblərin Azərbaycan ətrafında yaratdığı siyasi hərəkətlilik gələcəyə Azərbaycan üçün nə vəd edir, bunun pis və ya yaxşı nəticələri nə ola bilər?
- Müxtəlif siyasi qütblərin Azərbaycan uğrundakı mübarizəsi məmləkətimizin bölgədə oynadığı rolla bağlıdır. Azərbaycan bölgənin açar dövlətidir. Bölgənin enerji resurslarının dünya bazarlarına nəqlində fövqəladə rola malikik. Ona görə də Qərb dövlətləri Azərbaycanda sabitlikdə maraqlıdırlar. Ancaq bunun tərsini istəyən dövlətlər də var ki, Azərbaycanın zəiflədilməsi üçün əllərindən gələni edirlər. Bu mənada Azərbaycan daxili və xarici siyasətində diqqətli olmağa məcburdur.
Mənsur Rəğbətoğlu