“Bir az gecim, bir az tezim olacaq”, amma olacaq! - MÜSAHİBƏ

Əkbər Qoşalı: “Turan ideyası gerçək ola bilərmi? – Olacaq deməliyəm, əks halda veriləcək cavab mənim cavabım deyil”

Müsahibimiz Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) başqanı,

Milli QHT Forumu İdarə Heyətinin üzvü yazıçı-publisist Əkbər Qoşalıdır.

- Əkbər bəy, adətən təşkilat rəhbəri olan yazıçılarla söhbətdə, yaradıcılıq məsələləri barədə sona yaxın sual verilir. Mən istərdim, biz ilk öncə sırf yaradıcılıq sualı ilə başlayaq: Yaradıcılığınızda nə kimi yeniliklər var, nə üzərində işləyirsiz, hazırda?

- Təşəkkürlər, əfəndim. Sizin bu sual tərcihinizi qəbul edirəm. Nə gizlədim, təşkilat başqanlığından irəli gələn məsələlər, sorumluluğunu daşıdığımız işlər, bunun yanısıra qaçınılmaz məişət qayğıları-filan bəzən, Kərküklü soydaşımız Şəmsəddin Kuzəçinin sözü olmasın, "adamın başını ərəb saçına döndərir". Qısa kəsim, dolaşan, düyünlənən "saç"-başdan avazıyıb da yazdığım şeirlər var, təbii, inşallah, fevralda onları yayımlayacağam. Bir də, baxaq, görək, maddi və texniki baxımdan çatdıra bilsək, yeni şeirlər kitabımı 40 yaş tamamınadək oxucuların ixtiyarına verməyi düşünürəm.

Sizə deyim, əgər gündəlik yenilənən ədəbi saytın başçısı olmaq, kitab tərtib eləmək, kitabla sonuclanan layihəyə başçılıq eləmək də yaradıcılıqdırsa (inşallah ki, belədir), - ötən ilin sonu, yeni ilin ilk ayı mənim üçün əlamətdar olub. Ötən ilin son ayı "Bölgələrdən səslər", bu ilin ilk ayında isə "Gəldik, gördük, yazdıq" adlı kitablarla oxucu qarşısına çıxdıq. Birinci kitab, adından və DGTYB-nin mandatından da bəlli olduğu kimi, bölgələrimizdə yaşayan gənc yazarlarımızın yaradıcılıq örnəklərini içərməkdədir; ikinci kitab isə türksoylu ölkə yazarlarının Azərbaycana səfərləri ilə bağlı təəssürat yazıları toplusudur. Hər iki nəşrimiz nəfis şəkildə çıxıb və hesab edirəm, kitablı toplum, başqa sözlə, toplumumuzu kitaba qaytarma çabalarına biz tərəfdən bir töhfədir.

- Elədir! Başqa yönlü bir sual vermək istəyirəm. Necə bilirsiz, türk dövlətlərinin ortaq türkcəsinin yaradılması sahəsində hansı irəliləyişlər var?

- Ortaq türkcəni dövlətlər yaratmır. Dövlətləri də, türkcəni də xalq yaradır. Ortaq türkcə ideyası nəyi ifadə edir? - İlk öncə, ortaq keçmişimizin gerçəkliyini (həqiqətini) ifadə edir, xatırladır. Biz ortaq köklərə malik olduğumuzu, ortaq dəyərlərimizi bilirik, amma etiraf edək, bir qardaşımız o biri qardaşımızın türkcəsini ya bilmir, ya da güc-bəla ilə anlayır... Bu anlayış, daha doğrusu, anlamamazlıq da ona gətirib çıxarır ki, qardaşımızla qonşunun, yadın dilində danışırıq. Demək, ortaq türkcə ehtiyacdı, ehtiyacın ifadəsidir..!

Biz ortaq gələcək qurmaq istəyirik (inşallah), bəs o ortaq gələcəyin dili yenə, yabançı dilmi olmalıdır?!. - Bax, bu anlamda, ortaq türkcə istəyi xalqın içindən gəlir və dövlətlər də bu içdən gələn istəyi dəyərləndirirsə, nə gözəl! Olsun ki, bu gün bir türk dövlətində bu iş nizamlı, birində nizamsız gedir, başqa birində isə ümumiyyətlə dövlət səviyyəsində heç bir iş görülmür, ancaq xalq, harda yaşamasından asılı olmayaraq, türk insanı ortaq türkcəyə meyl edir, bir-biri ilə ruhunun dili ilə danışmaq istəyir, ana südü ilə ruhunu mayalandıran sözlərlə anlaşmaq istəyir... İstəyir ki, onunla bir boydan, bir soydan olan insanla məktəbdə öyrəndiyi dillə danışmasın... Uzun sözün qısası, mən bu mövzuda yeni nəsil aydınlarımızın keçirdiyi rahatsızlıqları bölüşərkən, inamımı da bildirmək istərdim ki, ortaq türkcə yaranacaq!.. Şair demişkən, "Bir az gecim, bir az tezim olacaq", amma olacaq! O olacağın şəkillənəcəyi günədək isə Türkiyə türkcəsi ortaq türkcə kimi qəbul edilib. Yanılmıramsa, bu barədə türk dövlət və topluluqlarının İstanbulda keçirilmiş Qurultayında qərar qəbul edilib.

- Yenidən ədəbiyyata və Azərbaycana qayıdaq. Əkbər bəy, indiyədək Azərbaycanda keçirilən müxtəlif ədəbiyyat müsabiqələri olub. Sizcə, o müsabiqələr özünü doğruldubmu?

- Deməzdim, tam doğruldub, amma müsabiqə təşkili, necə deyərlər, yarışma mühiti özü diqqətə­layiqdir. Əsas məsələ, münsif heyəti, heyətin seçim və iş prinsipi ilə, texnologiyası ilə bağlıdır. Örnək verim, müsabiqə keçirən qurum, münsiflərinin adını öncə açıqlamırsa, münsiflərə də əsərlər kodla təqdim olunursa bu əla olar. - Yəni nə münsif bilir kimin əsərinə qiymət verir, nə müəllif bilir kim ona qiymət verir... Doğrudur, irad tutula bilər ki, münsif heyətinin tərkibini, o tərkibdəkilərin zövqünə, ədəbi yetənəyinə güvənməyin mümkün olub-olmadığını bilmədən müsabiqəyə qatılmaq istəməyənlər ola bilər. Olsun! Birincisi, elə ziyandansa, belə ziyan yaxşıdır ( - əgər buna ziyan demək olarsa); ikincisi, müsabiqə keçirən qurum, quruluş ədəbi ictimaiyyətin etimadını qazanmaq istəyirsə yaxud o etimadı itirmək istəmirsə, o zaman münsif olaraq da münsif olmağa layiq insanları seçmək zorundadır...  Qaldı ki, hansısa müsabiqənin özünü doğruldub-doğrultmamasına, nə gizlədim, mən şəxsim adına hələ ki, arzuolunan səviyyədə parlaq müsabiqə görməmişəm. Bununla belə, yenədəlik olmasın, ədəbi müsabiqə düzənləyən şəxslərin, qurum və quruluşların zəhmətini də yerə vura bilmərik. Gəlin inanaq ki, ilbəil daha yaxşı müsabiqələr olacaq, daha parlaq sonuclarla tanışacağıq. 

- Yeni yazarların yaradıcılıq səviyyələri hansı vəziyyətdədir, onlar arasında kimlər sevilir və onlar yazdıqları ilə ədəbiyyatımıza hansı qatqılarda bulunurlar? 

- Biz DGTYB olaraq, Gənclər İdman Nazirliyinin dəstəyi ilə ötən ilin son 5 ayı ərzində "Bölgələrdə yaşayan yaradıcı gənclərlər görüşlər" adlı bir layihə həyata keçirdik. Sizin sualın cavabını tapmaq bizim o layihədə qarşımıza qoyduğumuz vəzifələrə aiddir. Bizim gəldiyimiz qənaət odur ki, yeni yazarlar dediyimiz kateqoriyanın səviyyəsi hələ tam bitkin, oturuşmuş səviyyədə deyil. Ancaq, o səviyyə dinamik inkişafda olan bir səviyyədir: irəliyə boylanan, axtaran, inanan...

Bölglərdən ad çəkmək gərəkirsə, Elməddin Nicat (Kəlbəcər), İsrail Fərhad (Xocalı), Hikmət Qarayev (Bərdə), İlham İsmixanoğlu (Ağdaş), Elnarə Nur (Tovuz), Taleh Mansur (Qazax), şeirləri ilə bu yaxınlarda tanış olduğum Ramil Əhməd və başqaları... Siz bu adları yadda saxlayın, inşallah çox keçməz, onları Böyük Ədəbiyyat Yolunda inamla irəliləyən görəcəksiz, deyə ümid edirəm...

- Qayıdaq yenə türkçülüyə... Bəy, türkçülüklə bağlı layihələrdə daha çox Azərbaycan və Türkiyə aktivdir, bəzən düşünürsən ki, digər 5 türk dövləti öz türkçülüklərini unudublar...

- Vallah, bunun, belə deyək, "obyektiv niyə"si bəlli olsaydı, sorun çözüm bulardı bu günədək... Bir qardaş dövlət o biri qardaş dövlətə qarşı öz mükəlləfliyinə uyğun addım atardı, ancaq görünən o ki, ortada yad barmaqlar, barmaqlar da yox, əllər... heç əl də deyil, qollar var, qollar... Azərbaycanla Türkiyə bir ürəkdə iki candır, inşallah digər qardaşlarımızla da yaxşı olan ikitərəfli münasibətlərimiz ümumtürk maraqlarına töhfə verir və verəcək də.

- Bakıda TAQM adlı türk dövlətlərinin hərbi təşkilatı yaradıldı. Fikrinizcə bu amil türk dövlətlərinin birliyi üçün əhəmiyyətli olacaqmı?

- Olacaq, əlbəttə. Ümid edirəm, bu format digər qardaş dövlətlər üçün də cəlbedici olacaq.

- Türk dövlətlərinin Turan bayrağı adı altında birləşməsinə nələr lazımdır, doğrusunu danışaq - Turan gerçək ola bilərmi?

- Adı altında niyə? - Elə bir başa bayrağın öz altında! Artıq ortaq bayrağımız var, mübarək olsun! Arzu edirəm, o bayraq gələcəkdə bütün türk dövlətlərinin bayraqları ilə qoşa dalğalansın! Çalışmalıyıq, bir-birimizin dərdinə aşina olaq - daha dərindən..! Sevgimiz, sayğımız işə, çalışmalara tökülməlidir! Turan ideyası gerçək ola bilərmi? - Olacaq deməliyəm, əks halda veriləcək cavab mənim cavabım deyil...

Mənsur Rəğbətoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31