“Moskva ilə Tehranın qayğıları oxşardır” - FİKİR
Aqil Camal: “9 milyonluq xalq kompleksindən qurtulub, 50 milyon olduğumuzu özümüzə aşılamalıyıq”
15 Yanvar 2013 14:06 MüsahibəMüsahibimiz "Türküstan" qəzetinin baş redaktoru Aqil Camaldır
- Aqil bəy, Rusiya və İran uzun tarixdir ki, ənənəvi anti-türk siyasətinə sadiq qalırlar. Hər iki ölkənin dövlət başçıları türk millətlərinə qarşı sanki, qanlarında virus daşıyırlar
- Bunun ən başlıca səbəbi hər iki dövlətin ümumtürk coğrafiyasında yerləşməsidir. İkincisi isə hər iki ölkədə əhalinin əhəmiyyətli hissəsinin türksoylular olmasıdır. Bu gerçəklik, əhalisinin yarıdan çoxunun Azərbaycan türkləri olması həm İranı idarə edən siyasi sistemə, həm də bütün dünyaya məlumdur. Zatən, İran adlı dövlətin yerləşdiyi ərazi tarixən Azərbaycan-türk dövlətçiliyinin əsas mərkəzi olub. Tarixi ədalətin bir gün bərpa oluna biləcəyindən qorxan fars şovinizmi davamlı olaraq antitürk siyasəti yeritməkdə maraqlı olub. Daha doğrusu, İran adlı coğrafiyada öz hökranlığını davam etdrmək üçün fars şovinizmi antitürk siyasəti həyata keçirməyə məhkumdur. İndiki Rusiyanın ərazisində də çox sayda türk dövlətləri mövcud olub və o dövlətlərin əhalisinin bugünkü nəsli Rusiya vətəndaşı kimi həmin ölkədə yaşayırlar. Rusiyanın dövlət qurumlarının açıqlamalarına ölkə əhalisinin 40 faizini müsəlmanlar təşkil edir. Sözsüz ki, bu rəqəm reallığı əks etdirmir. Birincisi ona görə ki, Rusiyanın dövlət qurumları ölkə əhalisinin 50 faizinin və ya ondan yuxarısının müsəlman olduğunu heç vaxt etiraf etməzlər. Digər tərəfdən, məlumdur ki, bir neçə yüz illik işğal faktı milyonlarla türksoylu insanın assimilyasiya olunmasına, ruslaşmasına gətirib çıxarıb. Ona görə də hətta 40 faiz rəqəmi belə Kreml üçün qorxunc rəqəmdir. Məlumdur ki, Rusiyadakı müsəlmanların 90 faizi türksoylu xalqlardır. Amma axı Rusiya ərazisində müsəlman olmayan türksoylu toplumlar da var. Bu isə onu deməyə əsas verir ki, bu gün Rusiya əhalisinin yarıdan çoxunu türklər təşkil edir. Həmçinin, son illər Tatarıstan və Başqırdıstan kimi federasiyada özünəməxsus çəkisi olar subyektlərdə milli özünəqayıdış və mərkəzdənqaçma meylləri güclənib. Xüsusən, gənc nəsl arasında bu əhval-ruhiyyə daha güclüdür. Bu prosesi Moskva da isləyir. Bu baxımdan, Rusiyanın anti-türk siyasətini "anlamaq" olar. Yəni, bu məsələdə Moskva ilə Tehranın qayğıları oxşardır. Ona görə də eyni platformadan çıxış etmək məcburiyyətindədirlər.
- İranda dövlət vəzifəsinə keçən azərbaycanlıların öz milliyyətlərini danması ənənə formasına keçib. Yoxsa ki, fars rejimi bu istiqamətdə Azərbaycan türklərinə psixoloji təzyiq vasitəsidir?
- Bu məsələdə iki amil rol oynayır. Birincisi, sistemin tələbi. Dövlət qurumlarında yüksək vəzifə tutan insanlar öz milli kimliklərini unudaraq "iranlı" kimliyini qəbul etməlidirlər. Və bu şərt tək Azərbaycan türklərinə deyil, İranda yaşayan bütün qeyri-fars millətlərə şamil edilir. Bu ölkədə yalnız farslar öz milli kimlikləri ilə fəxr edə bilərlər. Maraqlıdır ki, bir də ermənilər üçün belə bir imkan tanınır.
Digər səbəb kimi mən insanların karyera naminə öz milli kimliyini danmağa məcbur olmasını qeyd edərdim. Bilirsiniz, bunlar bizim üçün tanış mövzulardır. Quzey Azərbaycanın tarixində də həm Çar dövrünə, həm də Sovet dövrünə aid belə nümunələr var. Bəzi görkəmli aydınlarımız irəli çıxmaq üçün hətta dinlərindən imtina edib xristianlıgı qəbul ediblər. Təbii ki, bütün bunlar formal xarakter daşıyıb. Bu gün İranda öz milli kimliyini gizlədən soydaşlarımız da əslində kim olduğunu, damarlarında hansı etnosun qanının axdığını çox gözəl bilirlər. Sadəcə, zamanın və sistemin şərtlərinə uyaraq belə bir metoddan yararlanırlar. Ancaq mən bu məsələdən o qədər də narahat deyiləm. Sovetlər Birliyi zamanında soydaşlarımız imperiyanın məmurları kimi hərbidə, siyasətdə, diplomatiyada, həyatın bütün sahələrində çalışırdılar. Azərbaycan müstəqillik qazananda biz ilk növbədə həmin kadrlara üz tutduq və bu gün də ölkənin idarə edilməsində həmin kadrlar mühüm rola malikdirlər. İnanıram ki, bu gün İran dövlətinin müxtəlif strukturlarında vəzifə tutan soydaşlarımız, diplolmatlar, hərbçilər, ruhanilər, sabah gərəkən anda millətin önündə gedəcəklər.
- İranda 40 milyondan çox azərbaycanlı yaşayır. Doğrudanmı bu qədər millət 10-15 milyonluq fars qarşısında acizdir? Axı heç bir dünyəvi hökumət bu qədər çoxluğa heç nə edə bilməz...
- Bilirsiniz, buradan baxanda bəlkə də bizə çox şey asan görünür. Mən hələ İrandakı rejimin analoqu olmayan sərt bir sistem olmağını bir kənara qoyuram. İstiqlaliyyət məsələsinə münasibətdə həmin 40 milyonluq soydaşımızın düşüncələrində də fərqliliklər mövcuddur. Hazırda orta və yaşlı nəslin nümayəndələri hesab edir ki, İran elə tarixən öz dövlətimiz olub, onun hər qarışı bizimdir. Məsələn, Tehran dünyada türkcənin ən çox danışıldığı ikinci şəhərdir. Necə ola bilər ki, o şəhəri özümüzdən ayıraq? Ona görə də sistemdən və fars şoviniznminin zülmündən qurtulub əvvəlki səltənətimizi bərpa etməliyik. Qeyd edim ki, bu fikir hakimiyyətdə təmsil olunan azərbaycanlılarda daha çox hakimdir. Yeni gələn gənclik isə istiqlaliyyət və bütövlük məfkurəsini mənimsəyib. Bu iki baxış arasında qızıl ortanı tapmaq və o hədəfə doğru yürümək Güney Azərbaycanın qarşısında dayanan ən önəmli məsələdir.
- Zəngəzur, Göyçə, Qarabağ və Güney Azərbaycan Rusiyanın siyasi oyunbazlığının qurbanına çevrildi. Aqil bəy, rus süfrəsinə tökülən bu qutsal torpaqları yığışıdra biləcəyikmi?
- İtirilmiş torpaqlar haqqında "Bizimdir" deməyimiz məsuliyyətdən qurtulmaq üçün ən asan yoldur. Əgər o torpaqlara gedə bilmiriksə, dağında gəzib suyundan içə bilmiriksə, "bizimdir" deməklə, özümüzü aldatmış oluruq. Dediyiniz tarixi yurdlarımızın bizim olması və bir bütöv halında olması üçün ilk növbədə 9 milyonluq xalq kompleksindən qurtulub 50 milyonluq xalq kompleksini özümüzə aşılamalıyıq. Dünyada o qədər məşhur xalq var ki, sayı 50 milyondan çox aşağıdır. Tanrı isə bizə dünyada sayca böyük olmaq və dünyanın çox önəmli bir strateji nöqtəsində məskunlaşmaq, dövlət qurmaq şansı verib. Bu şansı millət olaraq dəyərləndirə bilsək, bütün itirdiklərimizi qaytara biləcəyik. Əks halda, bundan da agır itkilərimiz ola bilər. Çünki, düşmən hər an çalışır.
- Türk millətlərinin Böyük Turan ideyası utopik məfhudmdur, yoxsa ki, gerçəkliklə utopiyanın vəhdətində olan düşüncə tərzidir? Nə vaxtsa türk millətləri öz gələnəklərini Turan bayrağı altında birləşdirə biləcəklərmi? Məncə türk millətlərinin gücü Turan adı altında birləşməkdən keçir...
- Turan əlbəttə, hər bir türkün qəlbində onunla qəbr evinəcən gedəcək əbədi bir sevgidir. Turan idealı insanımızı hər zaman diri və duru saxlayır, mənəvi güc verir. Bu gün biz çağdaş dünyanın bir hissəsiyik və bizim Turan idealımız da məzmunca ənənəvi olsa da, formaca müasir biçimdədir. Biz minillikləri geriyə gətirmək niyyətində deyilik. Bizim təbliğ etdiyimiz çağdaş Turançılıq türk dövlətləri arasında Avropa Birliyi tipində və bəlkə də ondan daha da möhkəm Türk Birliyinin yaradılmasıdır. Eyni zamanda böyük türk mədəniyyəti coğrafiyasının bu birlik ətrafında sıx birləşməsidir. Hazırda bu inteqrasiya prosesi getməkdədir. Bu prosesdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan dövlət olaraq çox aktiv, təşəbbüskar rol alıblar. Türkmənistan və Özbəkistanın da Turan qatarına qoşulacağı zaman məsələsidir. Tanrının istəyi və dövlətlərimizin ardıcıl, eyni zamanda ağıllı siyasətləri sayəsində Avrasiya coğrafiyasında yeni bir güclü türk coğrafiyasının yaranacağına və türkün dünyada layiq olduğu gücü yenidən əldə edəcəyinə inanıram.
Mənsur Rəğbətoğlu