“Kimsə siyasi mənsubiyyətinə və baxışlarına görə həbsxanaya düşmür” - MÜSAHİBƏ

Rəbiyyət Aslanova: “Qəbul günümdə gəlib yanımda oturun”

Müsahibimiz millət vəkili, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri  Rəbiyyət Aslanovadır.

- Rəbiyyət xanım, ötən ilin sonunda dövlət başçısı növbəti əfv sərəncamı imzaladı. Lakin ayrı-ayrı qüvvələr ümumilikdə əvf fərmanını tədqir etsələr də siyasi məhbus adlandırılan şəxslərlə bağlı müxtəlif fikirlər səsləndirirlər. Milli Məclisin insan hüquqları komitəsinin sədri kimi  bu sərəncamı  necə qiymətləndirirsiniz?

-Mən məsələni siyasi məhbuslar və sair şəkildə qoymağı doğru hesab eləmirəm. Bu müəyyən cinayət törədən, fəaliyyətində cinayət tərkibi olan insanlar idi və onlar buna görə həbsxanada idilər. Onların əfv olunması dövlət başçısının yüksək insanpərvərliyinin bariz nümunəsidir.

- Avropa Şurası Azərbaycanda siyasi məhbusların olduğunu deyir və hətta bu məqsədlə məruzəçi də təyin edib. Sizcə belə humanitar aksiyalar  Avropa Şurasında müsbət qarşılana və ölkəmizlə bağlı aparılacaq müzakirələrin pozitiv istiqamətdə getməsinə səbəb ola bilərmi?

-Gəlin, bir məsələyə diqqət edək. İnsanlar həbsxanaya nahaq yerdən düşmürlər. Azərbaycanda ədalətli məhkəmə var və bu məhkəmədə cinayət törədən insanları azadlıqdan mərhum etmək haqqında qərar verir. Əlbəttə ki, bu insanlar məhkəmələrin hökmü ilə həbsxanalarda cəza çəkir və islah olunurlar. Əgər onların fəaliyyətində cinayət tərkibi olmasaydı, bu insanlar həbsxanalara düşməzdilər. Bu baxımdan kimsə siyasi mənsubiyyətinə və baxışlarına görə həbsxanaya düşmür. Hamı həbsxanaya törətdiyi əmələ görə düşür. Bu baxımdan həbsxanada olan məhkumlara fərqli yanaşmaq lazım və doğru deyil.

-Rəbiyyət xanım, siz Milli Məclisin insan haqları komitəsinin sədrisiniz.  Ötən 2012-ci ildə rəhbərlik etdiyiniz komitəyə nə qədər müraciət daxil olub?

-Sentyabr ayından bu günə qədər bizim komitəyə təxminən 300-320 müraciət daxil olub. Bundan əlavə, dekabrın 27-də mənim qəbul günüm olub. Qəbuluma 30-40 nəfər insan gəlir. Onlar bu və ya digər problemlərini qaldırırlar.

-Sizə edilən müraciətlər və keçirdiyiniz qəbullarda vətəndaşlar daha çox hansı məsələləri qaldırır, nədən şikayət edirlər?

-Məişət problemləri, sağlamlıq, müalicəyə getmək kimi problemlərini qaldırırlar. Bu gün siz vətəndaşlardan soruşsanız  görərsiniz ki, onlara elə gələr ki, hansısa həll edə bilmədikləri məsələ elə insan haqlarının pozulmasıdır. Hətta özləri bir başqasının hüquqlarını pozsalar belə özlərini haqlı bilirlər. Amma insan haqları komitəsi ona edilən müraciətlərə, eləcə də qəbulda olan hər bir şəxsə diqqətlə qulaq asır. Əgər bu insanların mülki, siyasi hüquqları pozulubsa buna da diqqət edir. Amma nəzərə alın ki, insanlar buraya özlərinin həlli edilməyən problemlərinin həlli məqsədi ilə gəlirlər. Sözsüz ki, biz də burada həmin insanlara mümkün qədər başa salırıq, çalışırıq imkanlarımız daxilində onlara kömək edək.

- Komitə sədri kimi  sizə daxil olan 320 problemli müraciətdən neçəsini həll edə bilmişiniz?

-Mən sizə bir təklif verim. Bu cür müsahibədənsə, qəbul günümdə bir  dəfə gəlib mənim yanımda oturun. Bu günə qədər jurnalistlərdən mənə belə təklif daxil olmayıb ki, gələk sizin yanınızda oturaq və gələn insanların problemləri, sizin onlara münasibətinizi görək, sonra da vətəndaşın qaldırdığı problemin həll edilib-edilmədiyini izləyib həqiqəti üzə çıxaraq. İndi mənə sual edirsiniz. Mən də sizə çağırış edirəm ki, növbəti qəbul günü siz jurnalistlər də gəlib yanımda oturun və növbəti bir-iki ay müddətində bu problemin hansı instansiyalardan keçərək necə həll olduğunun şahidi olun. Artıq bu praktiki məsələdir. Əlbəttə, sizi otağıma dəvət edə bilərəm. Sizdə bizə daxil olan ərizələr, onlara verilən cavablarla tanış ola bilərsiniz. Amma mən sizə desəm ki, bizə daxil olan ərizələrin yüz faizi həll edilib doğru və gerçək deyil. Amma nəzərə alın ki, mənim sözümün arxasında ciddi məntiqim durur.

-Rəbiyyət xanım, 1 mayda Qubada baş verən ixtisaslarla bağlı ittiham olunan şəxslərə hökm oxunub. Bu hökmü nə dərəcədə ədalətli hesab edirsiniz?

-Biz hakimiyyətin müxtəlif qollarıyıq. Mən qanunverici orqanı təmsil edirəm. Siz dediyiniz məsələ isə məhkəmə hakimiyyəti qolu ilə bağlıdır. Məhkəmə hakimiyyətinin qəbul etdiyi hökm fikrimcə, ədalətsiz ola bilməz. Quba hadisələrini bütün Azərbaycan cəmiyyəti diqqətlə izləyirdi. İzlənən belə işlərdə azacıq da olsa subyektivliyə yol verilə bilməz. Amma nəzərə alın ki, həmin cinayət prosesində iştirak edən şəxsin belə həmin prosesə münasibətində, fəaliyyət dərəcəsində fərqlilik var.

-Yəni,  birinin hüququnun təminatı digərinin hüququnun pozulmasına səbəb ola bilməz.

-Tamamilə, doğrudur.  Eyni zamanda, bütün fəaliyyət və məramlar qanun və hüquq çərçivəsində aparılmalıdır. Başqa sözlə, azadlıq hüquq normalarını pozmaq üçün istifadə edilməməlidir.  Bəzən bunu hüquq və demokratiyanın paradoksu da adlandırırlar.  Bəzi hallarda insan hüquqlarının tam təminatı üçün həmin hüquqların məhdudlaşdırılması halları da tətbiq edilir. İnsanın müdafiəsi üçün insan hüquqlarının məhdudlaşdırılması 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra ABŞ-da və bir sıra Avropa ölkələrində antiterror tədbirləri çərçivəsində vətəndaşların hüquq və azadlıqlarının məhdudaşdırılmasını nəzərdə tutan qanunlar qəbul edilib. Bu telefon danışıqlarının dinlənilməsinə, bank sirlərinin məhdudlaşdırılmasına, fərdi informasiya məlumatları sisteminin yaradılmasına və sairə  aiddir. Bu, dünyada terrorizmin və mütəşəkkil cinayətkarlığın getdikcə artan  təsirinə reaksiyadır.

-Lakin burada da belə bir əsas sual  yaranır: hara qədər getmək olar?

- Məşhur amerikalı  alim, hüquq müdafiəçisi Alan Derşovits özünün "Terrorozm nə üçün işləyir?" adlı kitabında  terrorçuların  mənsub olduqları dinə, etnosa, ailələrə qarşı kollektiv qisasçılıq prinsipini tətbiq etməyə,   immiqrasiyanın sayını kəskin azaltmağa, xüsusən də,  dünyanın məlum regionlarından gələnlərin qarşısını almağa  çağırır. Belə baxışlar getdikcə daha çox ölkələrə yayılır. Siyasi mübarizə aparan qüvvələrin şüarlarına çevrilir. Ümümdünya Insan Hüquqları Bəyannaməsinin hansı tarixi şəraitdə qəbul edildiyini isə  heç vaxt unutmaq olmaz. Onun qəbul edilməsini bəşər tarixində ən qanlı müharibə olan 2-ci Dünya müharibəsinin  sona çatmasından  cəmi 3 il ayırırdı. Yaxud, nəinki insan hüquqlarının, ümumiyətlə,  insanın üstündən xətt çəkən  faşizm üzərində Nürnberq məhkəməsindən cəmi 2 il keçirdi. Yəni, nəyi diqqətə çatdırmaq istərdim: Bəyannamə ilk növbədə fundamental insan hüquqlarının ən ağır şəkildə pozulmasına, insanın həyat və yaşam hüquqlarına qəsd edən müharibə cinayətlərinin təkrar olunmamasına reaksiya kimi ərsəyə gəlib.   O gələcəkdə də - ilk baxışda qanunla seçilmiş bir hakimiyyətin çoxluq, əksəriyyət adından insanlığa qarşı cinayət törətmək kimi   situasiyanı yaratması təhlükəsinin  aradan qaldırılmasında ən mühüm vasitə kimi  meydana gəlib.

-O da var ki,  bəşəriyyətin tarixində dövri olaraq  baş verən humanitar fəlakətlərin yox edilməsi əsas məqsədlərdən olsa belə,  hələ arzu kimi qalır...

-Elədir ki, var. Əks təqdirdə kimin ağlına gələ bilərdi ki, Ümümdünya Insan Hüquqları Bəyannamənin qəbul edilməsinin 40-cı ildönümündə -1988-ci ildə Ermənistan dövləti işğal və təcavüz siyasəti nəticəsində Azərbaycana hücum edəcək, dinc sakinləri gülləbarana tutacaq, doğma yurdlarından didərgin salacaq, XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı  və dünyanın ən uzun sürən, bu gün də davam edən  müharibələrindən biri baş verəcək. Dünya birliyi  Bəyannamənin ildönümündə onun yaranmasının başlıca səbəblərini xatırlamalı və  müharibə və işğal siyasətini hələ də davam etdirən dövlətləri pisləyən mövqelərini ortaya qoymalıdır. Bu gün, 2012-ci i dekabrın 10-da, Azərbaycana qarşı artıq 24 ildir ki, davam edən işğalçı müharibə faktı  və  təcavüzkar ordunun ərazilərimizdən çıxarılmaması,  1 milyon qaçqın və məcburi köçkünün  fundamental hüquqlarının hələ də təmin edilməməsi, günahkarların hələ də tapılıb  cəzalandırılmaması - İnsan Hüquqlarına dair Bəyannamənin qəbulunun əsas səbəblərinə hələ də biganəliyin olmasının göstəricisidir. Söhbət 1-2 nəfərin deyil,  bir milyon insanın taleyindən gedir. Ümümdünya Insan Hüquqları Bəyannaməsinin ideya və prinsipləri beynəlxalq münasibətlərin məzmunu və xarakterini dəyişib. Məhz qeyd etdiyim bu biganəlik Bəyannamənin ruhuna hörmətsizlik olmaqla bərabər,  ona olan inamın da sarsılmasını şərtləndirir. Həmçinin, bu hüquqların təminatında "ikili standartların normaya", "cəzasızlıq" sindromunun ənənəyə çevrilməsinə və yeni-yeni ayrı-seçkilik formalarının tətbiq edilməsinə imkan yaradır. Müasir dünyada "sülhə məcbur etmək"- hüquqların təminatının nisbətən yeni sahəsi kimi, sülh yaradıcılığı və preventiv diplomatiya ilə yanaşı, lokal münaqişələrin həllində tətbiq edilir. "Sülhə məcbur etmək" əməliyyatları-beynəlxalq sülhyaratma fəaliyyətinin ən radikal forması hesab edilir. Belə əməliyyatlar adətən BMT-nin Təhlükəsizlk Şurası tərəfindən sanksiyalaşdırılır.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31