Avropada bəzi güclər irqçi siyasət yürütməyə başlayıb - MİLLƏT VƏKİLİ

Qənirə Paşayeva : “Peyğəmbərimizin karikaturalarının çəkilməsi, Quranın yandırılması 1,5 milyarda yaxın müsəlmanın ülvi hisslərinə hörmətsizlikdir”

"Avropa məkanında və ümumiyyətlə, dünyada dözümsüzlüyün və ksenofobiyanın artması, tolerantlığın azalması ciddi narahatlıq doğurur. Biz bunun səbəblərini ciddi təhlil etməli və onlara qarşı sərt mübarizə aparmalıyıq".  Bunu deyən millət vəkili Qənirə Paşayevanın sözlərinə görə, dövlət səviyyəsində başqa millətlərə və dinlərə qarşı dözümsüzlüyün, nifrətin necə böyük ağır faciələrə, soyqırımılara səbəb olduğunu biz Ermənistanın torpaqlarımızı işğalı zamanı yaşamış bir xalq və dövlət olaraq dünyanın harasında və kimlərə qarşı törədilməsindən asılı olmayaraq hər kəsi bu cür hallara qarşı sərt mübarizəyə səsləyirik: "Doğrudur, bu istiqamətdə din xadimlərinin, dini icmaların üzərinə çox böyük yük düşür. Amma siyasətçilərin, medianın, qeyri-hökumət təşkilatlarının da üzərinə böyük yük düşür. Məsələn, Avropa məkanını götürsək görərik ki, bəzi ölkələrdə bəzi siyasətçilərin, siyasi partiyaların bəyanat və açıqlamaları insanlar arasında dözümsüzlüyü, ksenofobiyanı artırır. Bu prosesi dünyanın müxtəlif bölgələrində də görə bilərik. Düşmənçilik, dözümsüzlük, etnik təmizləmələr, müharibələr bugünkü dünyanın reallığıdır. Bu gün dünyada qarşıdurmaların və münaqişələrin sayı azalmır, əfsuslar olsun ki, artır". Q.Paşayeva Avropada və dünyada tolerantlığın, dözümlülüyün getdikcə azalmasının hamını, xüsusilə, gəncləri ciddi narahat etməli olduğunu deyib:"Bu gün dünyada ən çox müzakirə olunan mövzu mədəniyyətlərarası və sivilizasiyalararası dialoqdur. Amma biz hər gün bu sahədə vəziyyətin daha da gərginləşdiyini görürük. Demək ki, danışmaqdan daha çox bu istiqamətdə, dünyada ciddi işlərin görülməsinə ehtiyac var. Dialoq dözümlülükdən deyil, fərli mədəniyyətlərin daşıyıcılarının biri-birinə qarşılıqlı hörmətindən keçir. Amma Avropada bəzi güclərin, siyasətçilərin irqçi düşüncələr altında siyasət yürütməyə başlayıb". Millət vəkili bildirib ki, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq indi dünyada ən aktual mövzulardan biridir: "Dünyanın müxtəlif ölkələrində bu problemə həsr olunmuş çoxlu sayda konfranslar, forumlar keçirilir. Ancaq bu mövzu tez-tez gündəmə gətirilsə də, əfsuslar olsun ki, mövcud vəziyyətə onun təsiri olduqca azdır. Biz elə bir dövrdə yaşayırıq ki, hətta insanların ən müqəddəs, ən ülvi hissləri ilə oynamaq istəyənlərin sayı artır. Məhəmməd Peyğəmbəri təhqir edən filmin çəkilərək nümayiş edilməsi, ifadə azadlığı adı altında Peyğəmbərimizin karikaturalarının çəkilməsi, Quranın yandırılması kimi hadisələr 1,5 milyarda yaxın müsəlmanların ülvi hisslərinə bir hörmətsizlikdir və hansı dinin mənsubu olmasından asılı olmayaraq hər kəs insanlığın və dünyanın gələcəyi naminə bu kimi hallara qarşı öz etirazını bildirməlidir. Harada və kim tərəfindən törədilməsinə baxmayaraq, müqəddəs dini kitabların yandırılmasını, təhqir edilməsini qətiyyətlə pisləməliyik. Biz unutmamalıyıq ki,  müxtəlif dinlərdə bir Tanrıya dua edirik. Ona görə də müxtəlif dinlərə və etnik qruplara məxsus insanların biri-birinə sadəcə dözümlü yanaşması, tolerantlıq göstərməsi kifayət deyil, dünyanın gələcəyi üçün biz onların biri-birinə hörmət etməsi üçün çalışmalıyıq. Biz mədəniyyətlər və sivilizasiyalararası dialoqun vacibliyini böyüyən uşaqlarımıza ailədən, məktəbdən başlayaraq öyrətməliyik".
Onun sözlərinə görə, Azərbaycan xalqı bu bəlalardan böyük  əziyyət çəkib. Ermənistan hökuməti etnik təmizləmə siyasəti apararaq bütün azərbaycanlıları Ermənistandakı öz ev-eşiyindən qovdu və bu gün orada bir azərbaycanlı belə yaşamır: "Məhz onun nəticəsi idi ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirərək 20 mindən çox insanı qətlə yetirdi, 1 milyon insanı öz yurdlarından didərgin saldı, dinc azərbaycanlılara qarşı Xocalıda soyqırımını törətdi. Biz bu cür hadisələrdən nəticə çıxarmalı və dözümsüzlüyün, ksenofobiyanın nələrə səbəb olduğunu görməli və dünyanın harasında baş verməsindən asılı olmayaraq ona qarşı sərt mübarizə aparmalıyıq". Millət vəkili əlavə edib ki, Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkədir və Şərqlə Qərb, Qərblə İslam dünyası arasında bir körpü olaraq mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verir. Mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun genişlənməsində ailələrin üzərinə düşən roldan danışan millət vəkili qeyd edib ki, bu gün dünyada ən çox müzakirə olunan mövzu mədəniyyətlərarası və sivilizasiyalararası dialoqdur: "Amma biz hər gün bu sahədə vəziyyətin daha da gərginləşdiyini görürük. Demək ki, danışmaqdan daha çox bu istiqamətdə dünyada ciddi işlərin görülməsinə ehtiyac var. Dialoq dözümlülükdən deyil, fərqli mədəniyyətlərin daşıyıcılarının biri-birinə qarşılıqlı hörmətindən keçir. Bu isə ilk növbədə ailədə verilən tərbiyədən başlayır. Amma Avropada bəzi güclərin, siyasətçilərin irqçi düşüncələr altında siyasət yürütməyə başlayıb. Belə hallar Avropanın gələcəyi üçün mənfi nəticələrə səbəb ola bilər". Millət vəkili Azərbaycanın mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa önəm verdiyini, Azərbaycanın bu istiqamətdə örnək ölkələrdən olduğunu və çalışmalar həyata keçirdiyi deyib: "Sosial media da mədəniyyətlərarası dialoqun genişlənməsində böyük rol oynaya bilər. Qloballaşan dünyada sosial media böyük bir gücdür. Onun yaxşı istifadə olunması toplumun inkişafına, pis istifadə olunması isə kütləvi qırğın silahı kimi topluma dəhşətli mənfi təsir göstərə bilər. Ona görə də gənclər sosial mediadan necə yararlana bilmələri üçün davamlı şəkildə bilgiləndirilməli, təhsillərini artırmalıdırlar".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31