Çoxunun öz gələcəyinə ümidi yoxdu
Cəzaçəkmə müəssisələrində dustaq həyatı yaşayan insanların psixoloji vəziyyətinə aydınlıq gətirmək istədik. “Global Fund”- un dəstəyi ilə “Gənclər İnkişaf Naminə” Qeyri Hökumət Təşkilatının “Zərərin azaldılması” proqramı çərçivəsində 7 və 10 saylı cəzaçəkmə müəssisələrində məhbus həyatı yaşayan dustaqlarla maarifləndirmə və məsləhət proqramları təşkil edən psixoanalitik Eldar Haqverdi ilə söhbətləşdik.
1 May 2017 14:20 MüsahibəEldar Haqverdi: "Yenidən cinayət törədib, həbsxanaya qayıdırlar"
Cəzaçəkmə müəssisələrində dustaq həyatı yaşayan insanların psixoloji vəziyyətinə aydınlıq gətirmək istədik. "Global Fund"- un dəstəyi ilə "Gənclər İnkişaf Naminə" Qeyri Hökumət Təşkilatının "Zərərin azaldılması" proqramı çərçivəsində 7 və 10 saylı cəzaçəkmə müəssisələrində məhbus həyatı yaşayan dustaqlarla maarifləndirmə və məsləhət proqramları təşkil edən psixoanalitik Eldar Haqverdi ilə söhbətləşdik.
- Eldar bəy, qanunlara tabe olmayaraq, məhbus həyatı yaşayanlar, cəzaçəkmə müəssisələrinin ağır qanunlarına necə tab gətirirlər?
- "Ağır qanunlar" dedikdə azadlıqdan məhrum olmaq özü özlüyündə çox ağır cəzadı, lakin bəzi məhkumlar bunu heç də ağır hesab etmirlər, "həbsxana bizim doğma evimizdir" deyirlər. Həbs şəraiti insanları bəzi sosial məsuliyyətlərdən azad edir. Onlar işləmirlər, kommunal xidmətləri ödəmək barədə düşünmürlər. Bəziləri cəmiyyətə uyğunlaşmaq barəsində heç fikirləşmirlər.
- Ağır cəzaya məhkum olan insanların daha öncədən də psixoloji problemləri olub?
- Yaxşı sualdı. Residivstleri götürsək, burada çoxluğu şəxsiyyət pozuntuları olan insanlar təşkil edir. Amma təsadüfi hallar da olur. Şəxsiyyət pozuntuları arasında çoxluğu əsasən 3 tip təşkil edir. Əksər pozuntu - şəxsiyyətin dissosial pozuntusudu, 2-ci yeri emosinal davamsız növ tutur, 3- cü yerdə isə "epileptoid tip" təşkil edir. Ən qəddar cinayətləri törədən epiletoidlər olur. Məsələn, qısqanclıq zəminində yoldaşını tikə - tikə kəsənlər bu tipə aid edilənlərdi. Onlar cinayət törədtiyi zaman anlaqlı hesab olunur. Onların xasiyyəti belədi. Patoloji formalaşmış xasiyyətdi. Onlar vicdan əzabı çəkmirlər. Bir dəfə də belə bir şansları olsaydı, yenə də bu cinayəti təkrarlayarlar. Əlbəttə, bu hamıda belə deyil. Ona görə bu tip insanlar cinayət zamanı anlaqlı olmuş sayılırlar. Bunların başqa adı da psixopatlardı.
- Bu qrupa aid insanları yenidən cəmiyyətə qaytarmaq nə dərəcədə düzgündü?
- Onları ruhi xəstəxanaya qoymaq olmaz, onlar xəstə deyillər. Bizdə xasiyyət yeniyetmə yaşına kimi formalaşır. Amma normal şəxsiyyət anlayışı yoxdu. Hamımız fərqliyik. Bu fərqlilik aksentuasiya formasında ola bilər. O pozuntu deyil. Şəxsiyyət pozuntularının aşağıdakı növləri var: Paranoid tip, şizoid tip, emosionaldavamsiz tip və asılı tiplər. Bunlara uyğun aksentuasiyalar da mövcuddur. Aksentuasiya pozuntu dərəcəsinə çatmır. Bu, sanki normal çərçivədə olan psixopatdı. Bu insanlar sosiumda əvəzolunmazdırlar. Məsələn: anankast şəxsiyyət aksentuasiya olan insan çox vicdanlı və işgüzar olur. Təşvişli tip aksentuasiyası olan çox ehtiyatlı olur. Bu cür insanlar ehtiyat tələb edən işlərdə əvəzolunmazdı. Ona görə də psixopatlar bu spektrin lap uca nöqtələrinə aiddilər. Onları cəmiyyətdən çıxarmaqla, cəmiyyət rəngsiz və cansız olacaq.
- Eldar bəy, təsəvvür edək ki, bu tip insanları cəmiyyətdən çıxarmadıq. Amma onlardan dünyaya gələcək övlad, ümumiyyətlə bu qrupa aid etdiyimiz insanların çəmiyyətdə çoxalması qətllərinin, terrorların artması deməkdi...
- Hitler sizinlə razılaşardı (gülür). Amma Hitlerin eksperimenti uğursuz oldu.Çünki bir neçə məqam var. Cəmiyyətdə zorakılıq var və həmişə də olacaq. Əslində biz hamımız potensial cinayətkarıq. Ona görə ki, bizim hamımızın qeyri-şüurlu meyillərimiz var. Bu meyilləri çox vaxtı heç anlamırıq. Çünki onları dərk etmək bizim Super- ego instansiyamız icazə vermir. Super- eqo- vicdan, daxili qanun deməkdir. Bu qanunun az ifadə olunması insanın meyillərinin bilavasitə realizasiyasina səbəb olur. Yəni, bizim hamımızda sadistik meyli var. Lakin vicdan bunu biruzə verməyə mane olur. Şərti "normal" insan bu meyilləri digər, sosial qəbul olunan formalarda yaşayır. Çox vaxtı mahiyyətini başa düşmədən. Məsələn, sadə bir misal çəkim. Kimsə kəsib - doğramaq istəyən destruktiv impulsun daşıyıcısı olan şəxs həmin impulsun enerjisi hesabına oxuyub cərrah olur. Sonda kimisə kəsib - doğrayır, buna görə hətta pul alır. Digər tərəfdən, Stanford Prison Experiment onu göstərir ki, hər bir insan zorakılıq törədə bilər. Milgram Experiment nəticəsinə görə isə insanların çoxu digər insanı öldürə də bilər. Bu eksperimentler haqqında internetdə material var, bir neçə film çəkilib. Aparılan bütün eksperimentlər onu sübut edir ki, hər birimizə belə bir imkan verilsə, hər birimiz istənilən cinayətə - insan zorakılığına hazırıq. Yəni demək istəyirəm ki, zorakılıq hər bir insanın "qanındadı".
- Həbsxanada dustaqların bir - birlərini "idarəetmə" prinsipləri necə aparılır?
- Həbsxanalarda həmişə qruplaşmalar olub. Bu təkcə Azərbaycanda deyil, demək olar ki,bütün dünyada var. Amma hər yerdə fərqli "idarəetmə" olur. Məsələn, ABŞ türmələrindəki durum bizdəki və ya MDB ölkələrindəki kimi deyil. Bizdə isə vəziyyət MDB ölkələrindəki vəziyyətə uyğundu. Ümumiyyətlə, həbsxanalar daxilində baş verən hadisələrin hər biri real həyatdakı "qanunlar" -la çox fərqlənir. Onların özlərinə məxsus "cəzavermə" üsulları olur. Bütün bunlara tab gətirmək, dözmək böyük iradə tələb edir.Burada sadəcə, bir prinsip həmişə qüvvədə olur. Biz bunu Stanford eksperimentini izləyəndə də görürük. "Lider" olub, ətrafına hökm etmək istəyindən yaranır. Hətta "outsider" adlandırdığımız qrupun özündə belə "lider" olur. Həmin "liderlərdən" sonra daha bir "lider"("aşağı səlahiyyətli") olur. Biz bu halın " "lider" - liyin məktəblərədə hökm sürdüyünü şahidi oluruq. Orda da uşaqlar arasında "lider" və "outsider" olanlar var. Bu da eyni ilə türmədəki problem - zorakılıq problemidi. Məktəbdə də hansısa uşağı təkləyirlər, təzyiq göstərirlər, ələ salırlar. Bu hallar "bullying" adı daşıyır.
- Həbsdə olan insanlarla seanslar zamanı onlar öz gələcəklərini, həbsdən sonrakı həyatlarını sizə necə təsəvvür edib, danışırlar?
- Çoxunun öz gələcəyinə ümidi yoxdu. Çünki, hamısı düşünür ki, həbsdən çıxıb harada işləyəcəm? Bilirik ki, çox zaman həbsdən çıxan insanları heç kim işə qəbul etmir. Və ona görə də yenidən cinayət törədib, həbsxanaya qayıdırlar. Azad olunandan sonra heç kimlə əlaqəsi yoxdu, amma həbsdə müəyyən ətrafı yaranıb, əlaqələri var. Həmin insan yenidən cinayətkar qrupa daxil olur. Amma QHT var ki, biz həbsdən azad olan insan haqqında bütün məlumatları onlara bildiririk. Təbii ki, bu həmin - həbsdən azad olan insanın istəyi ilə olur. QHT həmin insanla əlaqə saxlayır, onun cəmiyyətə adaptasiya olunmasına, özü üçün şərait qurmasına, bəzən işlə təmin olunmasına kömək göstərir. Onu da deyim ki, bəziləri bundan imtina edir.
- Hansı cinayətlər əsasən təkrarlanır?
- Əsasən, oğurluq və narkotiklərin istifadəsi və satışı ilə bağlı cinayətlər təkrarlanır. Bir insan həyatında necə insan öldürə bilər? Bir insanı qətl edib, tutaq ki 15 il həbs olunur. Amma sadaladığım bu cinayətlərə görə dəfələrlə həbsdə yatanlar var. Bəzən, həddən artıq narkotik bağlıları olur ki, onlar azad olacaqları günü gözləyirlər ki, yenidən istifadə etsinlər. Onlar hətta buna görə ölümə belə gedirlər. Bu cür insanlar üçün dövlətin metadon proqramı var. Yəni, əgər bu insanda HİV, hepatitlər virusları varsa və o virusların yayılmaması üçün, özünə ziyan verməməsi üçün metadon adlanan maddə ilə dövlət özü onları təmin edir. O istifadəçilərə pulsuz, "metadonla əvəzedici müalicə" proqramı əsasında verilir. Bu maddə heroindən də güclüdü. Metadon Respublika Narkoloji Mərkəzində bir də QİÇS mərkəzində verilir. Bu maddə məhlul şəkilində xəstələrə verilərək, 24 saat ərzində heroin və tiryək asılılığından əziyyət çəkən insanın təlabatını ödəyir. Bu maddə əsasən kriminal narkotik aləminə düşmək istəməyən, özündəki hansısa virusun başqasına keçməsini istəməyən, eləcə də özünun hansısa virusa yoluxmasını istəməyən insanlar üçün nəzərdə tutulub. Amma bir neçə dəfə başqa müalicə üsulları yoxlanılmalıdı. O müalicələr uğursuz olduqda həmin insanlara metom proqramı tətbiq olunur. Necə ki, diabet xəstələrinin müalicəsini, dərmanlarının müəyyən hissəsini dövlət təmin edir, bu da o cürdü. Dünya praktikasında bu geniş yayılıb.
- Həbsdə olanlarla söhbət zamanı etdikləri cinayətlərdə peşmanlıq hissi keçirənlər olur?
- Çoxu özünə haqq qazandırır. Bu normal müdafiə mexanizmidi. Digərləri isə (psixopatlar) həmişə özlərini haqlı sayırlar, ətrafındakı insanları, cəmiyyəti, valideynlərini, məktəblərini hər zaman günahkar bilirlər. Təbii ki, bunlar normal cəmiyyətə uyğunlaşa bilmirlər. Bu tip insanlarda vicdan praktiki inkişaf etməyib. Bəzən, çoxu ona verilən cəzanın ədalətli olmamasına inanır. Amma elələri də var ki, doğrudan da peşmandılar. Elə insanlar ki, onun özünə verdiyi vicdan əzabının yanında, qanuni cəza heç nədi.
- Çox zaman qatı cinayətkarların həyatlarını araşdıranlar hər zaman ailə faktorunu önə çəkiblər. Araşdırmalarda ailədən gələn travmalar daha çoxdu, ya cəmiyyətdən gələn travmalar?
- Xüsusi qəddarlıqla cinayətlər törədən insanlarda şəxsiyyət pozuntusunun formalaşmasında hər cür travmaların "payı" var. Ailə, genetika, cəmiyyət və.s Elə cinayətlər var ki, onu işlədən insanların ailədə heç bir problemi olmayıb. Normal ailədə və normal ətrafı, dostları olub. Uşaq psixologiyası çox müxtəlifdi. Bir uşağa yavaşca vurulan sillə böyük bir travma yarada bilər, amma digəri üçün bu sanki bir adi ünsiyyət rolunu oynayar. Ümumilikdə isə indi bir çox ailələr uşaqları ərköyün edirlər. Yəqin bunun gələcəkdə hansı fəsadlara yol açacağından xəbərsizdilər. Xüsusi diqqət ayrılmış uşaqlarda gələcəkdə mütləq öz "izini" buraxacaq. Uşaqların döyülməsinin tərəfdarı deyiləm. Uşaq döyülsə də, döyülməsə də həyatda öz travmasını alacaq.
- Eldar bəy, istərdim sonda cəmiyyətimizdə artan intiharlarla bağlı fikirlərinizi bilmək maraqlı olardı.
- Əslində, digər ölkələrlə müqayisədə Azərbaycanda intiharların sayı azdı. Gözə çox görünə bilər. İntiharın sayı ölkənin ekonomik vəziyyətindən asılı deyil və çox zaman da konkret insanın özünə qəsdində səbəb maddiyyat olmur. Bir çox inkişaf etmiş, maddi cəhətdən vətəndaşlarını təmin edən ölkələrdə intihar hadisələri dəfələrlə çoxdur.
NigarNigar