Azərbaycan müxalifətində geniş islahatlara ehtiyac var

Son vaxtlar müxalifət düşərgəsində az da olsa hərəkətlilik müşahidə edilməkdədir. Belə ki, bir partiya və birliklər indidən 2018-ci ilin prezident seçkilərinə hazırlaşmağı təklif edərək sözügedən düşərgənin seçkiyə vahid namizədlə getməsi təşəbbüsünü də səsləndirir. Hələlik qeyri-rəsmi səviyyədə gedən bu söhbətlər partiyalar arasında geniş müzakirə də edilməyib.

Məhəmməd Əsədullazadə: "Müxalifət radikal siyasətdən uzaqlaşıb, barışcıl mövqe tutmalıdır"

"Ənənəvi müxalifət liderləri siyasətdən getməli, estafeti gənclər həyata keçirməlidir"

Son vaxtlar müxalifət düşərgəsində az da olsa hərəkətlilik müşahidə edilməkdədir. Belə ki, bir partiya və birliklər indidən 2018-ci ilin prezident seçkilərinə hazırlaşmağı təklif edərək sözügedən düşərgənin seçkiyə vahid namizədlə getməsi təşəbbüsünü də səsləndirir. Hələlik qeyri-rəsmi səviyyədə gedən bu söhbətlər partiyalar arasında geniş müzakirə də edilməyib. Bəs görəsən bu prosesin baş tutması nə dərəcədə mümkündür? Ümumiyyətlə, müxalifət düşərgəsi uzun illərin tilsimini qıraraq 2018-ci ilin prezident seçkilərində vahid namizədlə iştirak edə bilərmi? Bu və ya digər məsələlərlə bağlı Razi Nurullayevin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, politoloq Məhəmməd Əsədullazadə ilə söhbətləşdik.

-Məhəmməd bəy, siz politoloq fəaliyyəti ilə yanaşı, eyni zamanda partiyada siyasi fəaliyyətlə də məşğul olursunuz. Hazırda Azərbaycanın siyasi səhnəsini necə dəyərləndirirsiniz və gələn il keçiriləcək prezident seçkilərinə siyasi partiyalar, xüsusilə müxalifət düşərgəsi necə hazırlaşır?

-Partiya funksioneri olaraq, qeyd edim ki, ölkədə siyasi durumun vəziyyəti, xüsusilə ənənəvi müxalifətin tutduğu siyasət ölkədə müxalifətin parçalanmasına səbəb olub. İllərdir davam etməkdə olan siyasi intriqalar, 20 ildən artıqdır ki, müxalifətdə qalan partiya sədrlərinin bundan sonrakı siyasi fəaliyyəti uğursuzluğa aparır. Gələn il ölkəmizdə keçirilməsi gözlənilən prezident seçkiləri ilə bağlı da ənənəvi müxalifət camesində birlik məsləsində fikir ayrılığı mövcuddur və hər seçkidə olduğu kimi növbəti seçkilərdə də bu gözlənilir. Görünən odur ki, Milli Şura, Yurd sədri Əli Kərimli və Müsavat Partiyasının arasında ixtilaflar bundan sonra da yeni mərhələyə qədəm qoyacaq. Bu, ənənəvi siyasilər ölkədə ana müxalifət uğrunda mübarizə apararaq, ölkə əhalisinin böyük əksəriyyətinin gözləntilərini puç edibdir. Bundan sonra da seçkiqabağı ciddi bir birliyin yaradılmasından söhbət gedə bilməz.

-Adətən seçkilər ərəfəsində vahid namizəd məsələsi gündəmə gəlir. 2018-ci il seçkilərində də eyni təşəbbüs qaldırıla və uzun illərin fikir ayrılıqlarından sonra müxalifət bir araya gəlib vahid namizəd müəyyən edə bilərmi?

-Seçkilər ərəfəsində ənənəvi müxalifətin birləşəcəyi, hər hansı bir qüvvə ilə hakimiyyətə alternativ olacağını gözləmirəm. Amma siyasi partiyalar arasında bu istiqamətdə iş aparılır. Xüsusilə AXCP sədri Razi Nurullayev müxalifət partiyalarının birləşməsi üçün geniş işlər aparır. 2018-ci il prezident seçkilərinə vahid namizədin müəyyən edilməsi məsələsi hələ ki, aktual olmasa da, ancaq ilk növbədə partiyaların birləşməsi şərtdir. Təəssüf ki, ənənəvi müxalifətin bu illər ərzində seçkiyə beş ay qalmış hazırlıq metodu uğursuz bir siyasi gediş olub və bu digər partiyalarda da qalmaqdadır. Buna baxmayaraq, ölkədə siyasi canlanma çox zəifdir.

-Ümumiyyətlə, müxalifət buna, yəni vahid namizədlə seçkiyə getməyə nə dərəcədə hazırdır?

-Ölkədə müxalifət iddiasında olan amma, bölücülüyü müxalifətə tətbiq edən Müsavat və Yurd sədri Əli Kərimli seçkilər ərəfəsində vahid bir mərkəzdə birləşsə də, seçkidə fiaskoya uğrayan kimi bir-birilərinə düşmən kəsilirlər. Öz üzvüləri vasitəsilə qarşı tərəfə bir müddət sosial şəbəkələrdə təhqir yağdırırlar. Əlbəttə belə bir siyasi müxalifət mövqeyi sərgiləmək, hakimiyyətə alternativliyi sual altına qoyur. Bundan əlavə Müsavat və Yurd sədrinin digər siyasi partiyalarla əməkdaşlıq etməməsi, ölkə siyasətində parçalanmaya gətirib çıxardıb. Buna görə də xalqın indiki ənənəvi müxalifət liderlərinə inamı və etimadı tükənib. Hesab edirəm ki, Azərbaycan müxalifətində geniş islahatlara ehtiyac var.

-Hazırda görünən odur ki, yeni də əsas etibarilə 2 partiya, AXCP və Müsavat özünü daha çox müxalifət hesab edərək digər partiyalardan kənar gəzir. Bu mənfi tendensiya ümumilikdə müxalifətin ziyanına işləmirmi?

-Hesab edirəm ki, müxalifət radikal siyasətdən uzaqlaşıb, barışcıl mövqe tutmalıdır. Hazırda AXCP olaraq müxalifətin yenidən toparlanmasına çalışırıq. Ölkədə sivil, demokratik, xalqın etimadını alan müxalifət mütləq formalaşmalıdır.

Hazırkı ənənəvi müxalifət liderləri siyasətdən getməli, estafeti gənclər həyata keçirməlidir. Müxalifət partiyalarının əksəriyyətinin nizamnamələrində bir nəfərin iki dəfədən artıq sədr seçilməsi qadağası yoxdur. Hesab edirəm ki, bu qadağa tətbiq olunmalı və bununla siyasi cameədə dəyişikliklər həyata keçirilməlidir. Xüsusilə qeyd edim ki, müxalifətdə bir nəfərin iki dəfədən artıq seçilməsinə məhdudiyyət maddəsini AXCP tətbiq edib. Muxalifətin dəyişikliklərə ehtiyacı var. 2018-ci ildə dəyişikliklər mütləqdi.

-Bu arada bir politoloq kimi Türkiyə ətrafında cərəyan edən proseslərə də aydınlıq gətirmənizi istərdim. Türkiyə ilə sərhəddə PKK-nın Suriya qanadı sayılan YPG-nın Amerika əsgərləri tərəfindən müdafiə olunması Vaşinqtonun NATO-dakı strateji müttəfiqi olan Ankaraya xəyanəti deyilmi?

-Aprelin 16-da Türkiyədə baş tutan referendumdan sonra, Türkiyə hakimiyyətinin Suriya və İraqda PKK və onun Suriya qolu olan YPG-yə qarşı antiterror əməliyyatı qətiləşib. Aprelin 25-dən başlayaraq İraqın Sincar bölgəsində möhkəmlənən PKK-nın hədəflərini və Suriyanın şimalında YPG-yə qarşı Türkiyənin artilleriya və hava atəşi İranın, ABŞ və Rusiyanın ciddi etirazlarına səbəb olub. Qeyd edim ki, belə bir narazılıqlar, bu ölkələrin birbaşa həmin terror təşkilatlarının Türkiyəyə qarşı dəstəklənməsi deməkdir. İranın Sincarda PKK-ya qarşı əməliyyatda Türkiyəyə etiraz etməsi, Türkiyənin İraqda möhkəmlənməsinin qarşısını almaqdan ibarətdir. Hazırda Türkiyənin Şimali Suriyada YPG-yə qarşı hərbi əməliyyatlarının qarşısını almaq üçün Birləşmiş Ştatlar öz hərbiçilərini Türkiyə ilə sərhəddə göndərərək, kürdləri qorumağa başlayıb. Bir tərəfdən də Rusiya YPG-ni dəstəkləməklə, terror təşkilatına öz siyasi dəstəyini əsirgəmir. Öz hərbi təlimatçıları ilə YPG-nin təlimlərinə qatılır, onları müxtəlif silahlarla təmin edir. Göründüyü kimi, Türkiyənin Yaxın Şərq siyasətində terrorçu kürd qruplaşmalarını məhv etmək siyasəti, üç ölkənin maneələri ilə üzləşib. Burada əsas faktor olan Birləşmiş Ştatların Şimali Suriyada YPG-ni silahlandırmasıdır. Bunu İŞİD-ə qarşı mübarizə kimi qeyd etsə də, amac regionda Kürd muxtariyyətini yaratmaq və bölgəni Şimali İraq kürd muxtariyyəti ilə birləşdirməkdir. Həmçinin burada kürd silahlı dəstələrindən istifadə edərək, Türkiyə əleyhinə yönəltməkdir. ABŞ hərbçilərinin Rojavada YPG -ni Türkiyənin hücumlarından qoruması, Türkiyənin geri çəkilməsi ilə nəticələnməyəcək. Türkiyə artıq, Şimali Suriyada kürd muxtariyyətini milli təhlükəsizlik və suverenliyi üçün təhlükə hesab edərək, buna imkan verməyəcəyini elan edib. Rəsmi Ağ Ev Türkiyənin bu siyasətinə qarşı gedəcəksə, ABŞ-Türkiyə əməkdaşlığı sona çata bilər. May ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ağ Ev rəhbəri Donald Trampla görüşü gözlənilir. Bu, görüşdə əsas müzakirə mövzusu Suriyada vəziyyət və ABŞ-Türkiyə əlaqələri olacaq. Bundan əlavə, ABŞ-ın Suriyada Kürd terrorçu qruplarına dəstəyi, İŞİD-lə birgə mübarizə masada iki liderin aydınlaşdıracağı əsas məsələ olacaq. Rəcəb Tayyib Ərdoğanın ABŞ -ı YPG siyasətindən çəkindirəcəyi real görünmür. Çünki, Birləşmiş Ştatların Orta Şərq planında kürd qruplaşmaları əsas təsir vasitəsidir. İki ölkə liderləri YPG müzakirəsində ortaq məxrəcə gəlməsə, Türk-YPG qarşıdurması davam edəcək. İki müttəfiq dövlətin qarşıdurmasından şübhəsiz, Rusiya uduşlu çıxa bilər. Artıq, Avropa İttifaqından Türkiyəyə qarşı loyal mesajlar verilir. Mayın 25-də Avropa İttifaqının liderləri Türkiyə ilə görüşə hazırlaşırlar. Avropa İttifaqı xarici əlaqələr komissarı Mogereni də Türkiyə ilə danışıqların dayanmadığını qeyd edir. NATO -nun baş katibi də Türkiyənin əsas müttəfiqi və Avropanın təhlükəsizliyi üçün vacib ölkə olduğunu qeyd etdi. Qərbin Türkiyəyə qarşı sərt reaksiyasının səmərəli olmayacağı bəlli idi. Çünki, güclü Türkiyə Yaxın Şərqdə əsas söz sahibidir.

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31