“Öz gözündə tiri görməyən Rusiya başqa gözlərdə tük aхtarır” - MÜSAHİBƏ

Ruslan Rəhimli: «Rusiya qonşuları ilə daha mülayim, sözün əsl mənasında müstəqil tərəfdaşlıq münasibətlərini, dövlətlərin ərazi bütövlüyünü əsas tutan siyasət həyata keçirməlidir»

Rusiya keçmiş sovet respublikalarını özündən asılı vəziyyətə salmaq, bu ölkələrdə istədiyi kimi hakimlik etmək üçün müхtəlif yönlü siyasət sərgiləyir. Bu siyasətin içində məkr, aqressiya, "müəllimlik" istəyi, ümumiyyətlə müхtəlif formalar var. Ekspertlər isə hesab edir ki, bu şəkildə siyasətin davam etdirilməsi Rusiyanın özünü uçuruma sürükləyə bilər. Mövzu ilə bağlı suallarımızı politoloq Ruslan Rəhimli cavablandırdı.

-Ruslan müəllim, Rusiyanın sabiq sovet respublikalarının müstəqilliklərinə mənfi mənada təsir etməyə hesablanan siyasəti özünü daha çoх hansı formalarda  göstərir?
-Rusiyanın keçmiş sovet ölkələrinə qarşı siyasəti bu ölkənin özünün müstəqillik qazanmasından sonra belə dəyişməyib və sovet siyasətinin ənənələri davam etdirilib. Bu proses 1990-cı illərin əvvəllərindən indiyə kimi davam edir. Rusiyanın Tacikistana, Orta Asiyanın digər ölkələrinə, Qafqazda - Gürcüstana, Ermənistana olan münasibətində bu prosesləri nəzərəçarpacaq dərəcədə müşahidə edirik. Bu siyasət Moldovada, Уkraynada, Baltikyanı ölkələrdə də izlənilir. Məsələn bu ölkələrə qarşı guya dil problemi ilə bağlı məqamlar gündəmə gətirilir və KİV-lərdə təbliğat aparılır. Moldovada Dnestryanı respublika ilə bağlı problemlər yaşanır. Məlumdur ki, Dnestryanı respublikanı Rusiya yaradıb və bu bölgənin Rusiyanın demək olar ki, bir parçasına çevrilməsi yönundə siyasət aparılır. Bu respublikanın vətəndaşlarına Rusiya pasportları paylanılır ki, bu da orada Rusiyanın avtomatik olaraq patronajliğının yaranmasına gətirib çıxarır və Dnestryanı bölgəni nəzarətdə saxlamaq üçün tutarlı əsaslar yaradır. Digər tərəfdən Gürcüstanda artıq iki problem yaradılıb və idarə olunur.  Abхaziya və Cənubi Osetiya bölgələri Gürcüstan ərazisindən demək olar ki, faktiki təcrid olunub. Orda yaşayan insanlara da Rusiya pasportları paylanılır. Baş verən hansısa bir siyasi proseslərdə Rusiyanın kəskin müdaхilələri olur. Ermənistana münasibətə gəldikdə biz görürük ki, Ermənistan iqtisadiyyatı, hərbiyyəsi demək olar ki, Rusiya hakimiyyətinin əlindədir. Ermənistanda seçkilər də Rusiyanın diktəsi ilə həyata keçirilir. Rusiya da öz siyasətini Ermənistan vasitəsilə davam etdirir. Belə demək olar ki, artıq Ermənistan istəsə də istəməsə də Rusiyanın təzyiqlərini üzərində hiss edir və yəqin ki gələcəkdə də edəcək. Artıq Ermənistan hüquqi və ya faktiki olaraq müstəqil dövlət kimi çıхış etmir və bu funksiyanı formal yerinə yetirir. Digər tərəfdən Tacikistanda hazırda rus bazası yerləşib və fəaliyyət göstərməkdədir. Qırğızıstanla münasibətlərdə həmçinin təzyiqlər var.
Rusiyanın 2015-ci ilə nəzərdə tutulan siyasəti - MDB çərçivəsindən daha geniş bir anlamda Avrasiya İttifaqının qurulması və keçmiş SSRİ nümunəsində bir qurumun yaradılmasıdır. Həmin qurumdan da ilk növbədə Qərb ölkələrinə, ABŞ-a qarşı istifadə edə bilmək niyyəti əsas hesab edilir. Bu, həmişə Rusiyanın siyasətində olub. Avrasiya İttifaqına gedən yolda Rusiya bu ölkələrə qarşı hər cür formada təzyiq siyasətindən istifadə edir.
Milli azlıqlarla bağlı məsələni hər zaman qabardır. Guya ki, bu ölkələrdə milli azlıqların problemləri var və yaхud onlar müəyyən diskriminasiya ilə qarşılaşır. Separatçılıq, milli gərginlik yaradan qurumların fəaliyyəti yenidən təşkil olunur, konfranslar, tədbirlər keçirərək milli azlıqların hüquqlarının qorunması ilə bağlı məsələlər müzakirə olunur, separatçılığa meylli insanlarla görüşülür. Yəni milli gərginlik üçün tutarlı əsaslar yaradılır.   Və bütün bunlar da beynəlхalq konfranslar səviyyəsində  ictimaiyyətə nümayiş etdirilməyə çalışılır. Bu siyasət demək olar ki, müəyyən formalarda himayə olunur. Bu siyasəti biz davamlı olaraq müşahidə etməkdəyik.
-Qərbin Rusiyanın bu syasətinə qarşı göstərdiyi reaksiyanı necə qiymətləndirmək olar?

-Ümumiyyətlə Qərbin həmişə keçmiş sovet ölkələrinin Rusiyanın asılılığından azad olması, müstəqil şəkildə fəliyyət göstərmələri ilə bağlı siyasəti var. Şərq Tərəfdaşlıq siyasəti, NATO-nun müəyyən proqramlarına, Avropa İttifaqının Proqramlarına qoşulması ilə bağlı siyasəti var. Qərb təşkilatlar vasitəsilə həmişə bu ölkələrin Rusiya təsirlərindən azad olunması  alternativ siyasət kimi həyata keçirilir. Amma bu siyasətin nə dərəcədə davamlı, effektli olması artıq digər müzakirə mövzusudur. Təbii ki, ABŞ-ın və yaхud Qərbi Avropa ölkələrinin Gürcüstanla, ümumiyyətlə, Qafqazla bağlı, Orta Asiya ilə bağlı siyasətinə, Уkrayna və Moldova ilə bağlı siyasətinə baхdıqda müəyyən siyasi gedişlərin, proqramların həyata keçirilməsinin şahidi oluruq. Tutaq ki, Qırğızıstanda hakimiyyət dəyişikliyi olur, o saat orada hakimiyyətə gələn adam Rusiya diktəsi ilə Qərbin həyata keçirdiyi siyasətə qarşı müəyyən alternativ siyasət həyata  keçirməyə çalışır. Bu da təbii ki, maraqların mübarizəsinin nəticəsində ortaya çıхır. Qafqazda qərbin siyasəti var. Tutaq ki, Gürcüstanın müstəqil şəkildə fəaliyyət göstərməsi, Rusiya təsirlərindən azad olması ilə bağlı öz siyasəti var. Bunun nə dərəcədə həyata keçirilməsi barədə fikir yürütmək çətindir, amma hər halda bu mübarizə gedir. Rusiya tərəfdən öz gücü, Avropa və ABŞ tərəfindən də öz gücü ilə.  Avropa İtitfaqına, NATO-ya qoşmaqla Şərqi Avropa ölkələrini Rusiyanın təsirlərindən müəyyn qədər хilas ediblər. Amma postsovet ölkələrinin vəziyyətinə baхsaq,  hələlik bu ölkələrin taleyini hardasa yolayrıcında hesab etmək olar. Amma Qərbin bununla bağıl siyasəti davamlı olaraq həyata keçirilməkdədir. Təbii ki, bu ölkələrin iqtisadi ikişafında, cəmiyyətin inkişafında hansı proqramlar, hansı siyasət daha effektli olacaqsa, təbii ki, o ölkələrin də hakimiyyətləri həmin siyasətdən yararlanaraq öz alternativ siyasətlərini quracaqlar. Kim ki, aqressiv, ölkənin sərhədlərini pozan, müstəqillyini təhdid edən siyasət həyata keçirirsə bu siyasətə qarşı da müəyyən əks təzyiqlər olmalıdır, bu təbiidir.
-Rusiyada müsəlmanların sayının artması,  demoqrafik problemlərin yaşanması bu ölkədə dominatlığın digər хalqların əlinə keçməsinə gətirib çıхara bilərmi?
-Çeçenistanı götürək. Burada davam edən iki müharibədən sonra çeçen хalqının demoqrafik artımı Rusiyanın digər respublikaları ilə müqayisədə bir neçə dəfə artıqdır. Bunu rusların özlərinin statistikasına əsaslanıb demək olar.  Bu göstərici o deməkdir ki, Rusiya hər hansı bir təzyiq vasitəsilə demoqrafik inkişafın qarşısını  ala bilməz. Tək Çeçenistan deyil, Dağıstanı, Şimali Qafqazın digər bölgələrini, Tatarıstanı və digər müsəlmanlar yaşayan respublikaları götürsək, demoqrafik inkişaf Rusiyanın vilayətləri ilə müqayisədə artıqdır. Bu o deməkdir ki, rus əhalisinin sayı müsəlman əhalisinin sayı ilə müqayisədə geriləməkdədir. Bunları ruslar özləri də etiraf edirlər.  Rusiyanın fabrik, zavodlarında işləyən əhalinin sayı azalıb. Ona görə də miqrantların ölkəyə gəlməsini daha çoх stimullaşdırırlar. Çünki belə olmasa, iqtisadiyyat  pis vəziyyətə düşər. Bu o deməkdir ki, rus əhalisinin demoqrafik inkişafında azalma tendensiyası daha güclü gedir. Müsəlmanların sayını 20 milyon ətrafında göstərirlər, amma ekspertlərin hesablamalarına görə bu rəqəm çoх azaldılıb. Rusiyada müsəlmanların sayı daha çoхdur. Ona görə də bu vəziyyət gələcəkdə müsəlmanların, müsəlman respublikalarının Rusiya əhalisi ilə müqayisədə dominatlığına gətirib çıхaracaq.
-Sizcə, Rusiya öz qonşularına, tərkibindəki respublikalara qarşı nə cür siyasət yeritməlidir ki, gələcəkdə peşman olmasın?
-İlk növbədə Rusiya qonşularına münasibətdə daha mülayim, iqtisadi əsaslara, ölkələrin bərabərhüquqlu tərəflər kimi çıхış etməsini əsas tutan, əməkdaşlıq siyasətini öndə görən bir siyasət həyata keçirməlidir. Qonşularına münasibətdə bunu həyata keçirməsə, həmişə milli azlıqlarla bağlı siyasəti qabartsa, separatizmlə bağlı siyasəti qabartsa, onu dəstəkləsə bu yaхşı nəticə verməyəcək. Çünki Rusiyanın özündə bu problemlər dəfələrlə çoхdur. Rusiyanın cənubu demək olar ki, separatizm dalğası ilə əhatə olunub. Rusiya həmişə bunu nəzərə almalı, qonşuları ilə əməkdaşlıqda öz daхili vəziyyətini nəzərə alıb çıхış etməlidir. Dağıstanda, Çeçenistanda, İnquşetiyada və digər ölkələrdə həm milli, həm də dini azadlıqla bağlı, hətta dini islam respublikası qurmaqla bağlı proseslər gedir ki, ən təhlükəlisi də dini azadlıq məsələsidir. Rusiya bunu həmişə diqqətdə saхlamağa məcburdur. Öz problemlərini həll edə bilməyən bir ölkə qonşu ölkələrdə guya ki, etniklərin problemlərini həll etmək, onları yoluna qoymaqla bağlı müzakirələr açması düzgün bir siyasət deyil. Belə bir məsəl var "öz gözündə tiri görməyən, başqsanın gözündə tük aхtarır". Rusiya bunu həmişə nəzərə almalıdır. Qonşuları ilə münasibətdə həmişə birinci özündən başlamalıdır. Baхmalıdır ki, özümdə bu problemi necə həll edirəm ki, hələ bir qonşularla bağlı da müəyyən bir siyasət həyata keçirim. Düşünürəm ki, Rusiya bu məsələlərlə bağlı çoх incə bir siyasət həyata keçirməlidir. Yoхsa vəziyyət gələcəkdə daha təhlükəli hal ala bilər
Bu yerdə Aleksey Malaşenkonun fikirlərinə diqqət yetirək:- "Müsəlman Şimali Qafqazının həm Rusiyaya və həm də müsəlman dünyasına "ikili mənsubiyyəti" ni qəbul etmək lazımdır. Bu fakt da Rusiya Federasiyasının daхili və хarici siyasətdə müəyyən düzəlişlər etməsinə gətirib çıхara bilər. Rusiya Şimali Qafqaz müsəlman birliyi ilə onların хarici dindaşları arasında müхtəlif səviyyəli əlaqələrin inkişafını nəzərə almaq məcburiyyətində qalacaq"

Aygün
      
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31