Gürcüstanda keçiriləcək parlament seçkilərində soydaşlarımızdan kim şanslıdır?
Məlum olduğu kimi oktyabrın 8-də Gürcüstanda növbəti parlament seçkiləri keçiriləcək. Seçkilərdə mübarizə aparacaq namizədlər arasında bu ölkədə yaşayan azərbaycanlılar da var. Etiraf etmək lazımdır ki, əvvəlki seçkilərdən fərqli olaraq bu dəfəki seçkilərdə Gürcüstan azərbaycanlıları daha aktivdirlər və soydaşlarımız Gürcüstanın həm iqtidar, həm də müxalifət partiyalarının sıralarından deputatlığa namizəd göstərilib.
6 Oktyabr 2016 13:16 MüsahibəRuslan Hacıyev: "Düşünürəm ki, seçilmə şansım yüksəkdir"
"Öz gücümə və xalqımın mənə inamını doğruldacağıma söz verirəm"
Məlum olduğu kimi oktyabrın 8-də Gürcüstanda növbəti parlament seçkiləri keçiriləcək. Seçkilərdə mübarizə aparacaq namizədlər arasında bu ölkədə yaşayan azərbaycanlılar da var. Etiraf etmək lazımdır ki, əvvəlki seçkilərdən fərqli olaraq bu dəfəki seçkilərdə Gürcüstan azərbaycanlıları daha aktivdirlər və soydaşlarımız Gürcüstanın həm iqtidar, həm də müxalifət partiyalarının sıralarından deputatlığa namizəd göstərilib. Seçkilərdə deputat mandatı uğrunda mübarizəyə qoşulan azərbaycanlılardan biri də Ruslan Hacıyevdir. Məlumat üçün bildirək ki, Ruslan Hacıyev qısa müddət ərzində azərbaycanlıların ən sıx yaşadığı Marneuli rayonunda təhsil-resurs mərkəzinin rəhbəri vəzifəsində çalışıb. Bu müddət ərzində azərbaycandilli məktəblərin inkişafı istiqamətində apardığı işlər müsbət nəticə göstərib, bir çox kənd məktəbi əsaslı təmir olunub, yeni məktəblər inşa edilib. Ötən illərin təcrübəsi və əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilərək Ruslan Hacıyev deputatlığa namizəd kimi irəli sürülüb. O, deputat seçiləcəyi təqdirdə Gürcüstan parlamentində bu ölkədə yaşayan azərbaycanlıların problemlərini müntəzəm olaraq qaldıracağını, həmin problemlərin həlli istiqamətində müvafiq addımlar atacağını da deyib. Ruslan Hacıyev "OLAYLAR"-a verdiyi müsahibədə Gürcüstan azərbaycanlılarının parlament seçkilərinə olan marağından da danışıb. Məlumat üçün qeyd edək ki, Ruslan Hacıyevin namizədliyi "Gürcü arzusu " partiyasının Marneuli rayonunun kəndlərindən irəli sürülüb.
-Ruslan bəy, bildiyimiz qədər Gürcüstan parlamentinə namizədliyinizi irəli sürmüsünüz. Deputat seçilmək şansınız nə qədərdi?
-Məlumat üçün bildirim ki, mən uzun müddətdir təhsil sahəsində çalışıram, Marneuli rayon təhsil-resurs mərkəzinin rəhbəri vəzifəsində çalışmışam. Müəyyən zaman ərzində Marneulidə təhsil sahəsində mövcud olan bir sıra problemlərin həllinə nail olmuşuq. Partiyamızın qərarı ilə Parlamentə namizəd olaraq təqdim olundum. İllərdir ki, xalqa xidmət edirəm, əhalilə çalışıram, hər zaman onlarla ünsiyyətdə olub problemlərinin həlli istiqamətində əlimdən gələni etmişəm. Düşünürəm ki, seçilmə şansım yüksəkdir. Öz gücümə və xalqımın mənə inamını doğruldacağıma söz verirəm.
-Deputatlığa namizəd olaraq seçicilərə nə vəd edir və deputat seçiləcəyiniz təqdirdə hansı addımları atmağı nəzərdə tutursunuz?
-Əvvəla onu vurğulamaq istəyirəm ki, mənim üçün vəzifə, status heç bir zaman önəmli olmayıb. Mən harada işləməyimdən asılı olmayaraq öncə insanlara, cəmiyyətə faydalı olmaq üçün əlimdən gələni etmişəm. Bundan sonra da bunun üçün çalışacam. Seçkiöncəsi görüşlərimizi namizəd olaraq təqdim olunduğum kənd sakinlərilə bir neçə dəfə ayrı-ayrılıqda keçirmişəm. Mən onlardan səs istəməyə deyil, həmin bölgənin insanlarının problemlərinin nədən ibarət olduğunu araşdırmaq üçün gedirəm. Bu görüşlərdə bir sıra mühüm məsələlər- problemlər aşkar olundu, onların həll oluna biləcəklərini yerindəcə yerli hakimiyyət orqanları ilə həll etdik. Qlobal məsələlər haqqında isə məruzələrimi etdim. Parlament seçkilərində qalib gəlsəm çalışacam ki, insanımızın qarşımıza qoyduğu məsələlərin həlli istiqamətində təkliflərimi irəli sürüm. Partiyamızın gələcək bir neçə il üçün həll olunması nəzərdə tutulan işlərin görülməsində mən də yaxından iştirak edəcəm. Regionumuzun və dövlətimizin inkişafı istiqamətində mühüm layihələrimizin reallaşması üçün əlimizdən gələni edəcəyik.
-Ümumiyyətlə, seçkilərə azərbaycanlıların marağı nə dərəcədədir və soydaşlarımızdan seçkiyə qatılan digər tanınmış simalar da varmı?
-Çox sevindirici haldır ki, Gürcüstanda yaşayan azərbaycanlılar ölkənin ictimai-siyasi həyatında fəaldırlar. Demək olar ki, hər bir partiyadan azərbaycanlı namizəd təqdim olunub. İstər iqtidar, istərsə də müxalifətdə bizim insanlarımız yetərincə təmsil olunmaqdadır.
-Bəs cəmiyyətin seçkiyə olan marağı necədir?
-Bizim seçkiöncəsi görüşlərimiz bir neçə hissəyə bölünmüşdü. Hər kənddə gənclərlə, qadınlarla, ağsaqqalarla ayrıca görüşüb, sonda böyük konsertlər keçirirdik. Əhali seçkilərə olduqca böyük maraq göstərir. Mənimlə görüşə gələn insanlarımızın əksəriyyəti dövlətimizin apardığı siyasəti dəstəklədiyini bildirərək mənim namizədliyimi alqışlayırdılar. Seçki günündə də düşünürəm ki, əhalinin seçki fəallığı artacaqdır.
-Etiraf etmək lazımdır ki, Gürcüstanda yaşayan azərbaycanlıların bir sıra problemləri var və sizin üçün əsas problem hansıdır. Deputat seçiləcəyiniz təqdirdə həmin problemlərin həllinə çalışacaqsınızmı?
-İstənilən ölkənin hər bir sahəsində boşluqlar mövcuddur, problemsiz cəmiyyət yoxdur. Bizim ölkədə də, bir sıra problemlər mövcuddur. Azərbaycanlıların ən sıx yaşadıqları Kvemo Kartli bölgəsi və Marneuli əhalisi ən çox kənd təssərrüfatı ilə məşğuldur. Bunun üçün bir çox kəndlərdə suvarma sistemi, içməli su problemi, əkin əraziləri və s kimi məsələlər həll olunub. Hazırda da bu prosses gedir. Bundan başqa təhsil sahəsində də mövcud problemlərin həlli istiqamətində çalışacağam. Azərbaycandilli məktəblərdəki kadr çatışmamazlığı, dərsliklərin tərcüməsi və s kimi məsələlər hələ də aktualdır. Bu və ya digər məsələlər prioritetlərdəndir.
-Deputatlığa namizəd kimi bu gün Azərbaycanla Gürcüstan arasında mövcud olan əlaqələr, əməkdaşlıq sizi qane edirmi?
- Bizim ölkələr əsrlər boyudur ki, dostluq - qardaşlıq, strateji əməkdaşlıq çərçivəsində yaşayırlar. Bizim xalqımızı birlləşdirən dəyərlər, mədəniyyət sarsılmazdır. Azərbaycanın böyük iqtisadi layihələri Gürcüstandan keçir və münasibətlərimizin inkişafına təkan veirir. SOCAR şirkətinin Gürcüstanda apardığı işlər göz önündədir. İstər iqtisadi, istərsə də sosial baxımdan şirkət önəmli layihələr həyata keçirir. Gürcüstanda böyük şəhərlərdən başlayıb ən ucqar kəndlərin qazlaşdırılması məsələsi davam edir. Tələbələrin təhsil haqqlarının ödənilməsi, təqaüdlərin verilməsi, humanitar yardımlar və s bizim insanlar üçün olduqca önəmli və vacibdir. Bu eyni zamanda iki ölkə arasında mövcud olan əlaqələrin möhkənlənməsinə xidmət edir.
-Bu əməkdaşlığı daha da irəli aparmaq üçün nələri təklif edərdiniz?
-Yuxarıda qeyd etdiyim kimi, bizim ölkələrin münasibətləri günü-gündən inkişaf edir. Azərbaycanla Gürcüstanı bir birindən ayrı təsəvvür etmək olmaz. Düşünürəm ki, ildən ilə bu münasibətlər daha da güclənəcəkdir.
Süleyman İsmayılbəyli