Keçmiş baş hərbi prokuror: "Türkiyədə ilk dəfə Fətullah icmasının terror təşkilatı olduğuna dair ittihamnamə hazırladım"
Mən 2009-cu ildə Türkiyə Hərbi Hava Qüvvələrində baş prokuror işləyərkən Kayseri 2-ci hava təkmilləşdirmə və nəzarət komandanlığında ordunun xalqla qarşı-qarşıya gətirilməsinin məqsədini araşdırmağa başladım: çünki “Ergenekon” deyilən proses üzərindən saxta əmr bizim kripto sistemimizə yüklənmişdi.
25 İyul 2016 16:15 MüsahibəTürkiyə hərbi havaqüvvələrinin keçmiş baş prokuroru Əhməd Zəki Üçokun APA-ya müsahibəsi
- Siz 5 il həbsdə olmusunuz. Buna səbəb isə FETÖ ilə apardığınız mübarizə olduğu bildirilir...
- Mən 2009-cu ildə Türkiyə Hərbi Hava Qüvvələrində baş prokuror işləyərkən Kayseri 2-ci hava təkmilləşdirmə və nəzarət komandanlığında ordunun xalqla qarşı-qarşıya gətirilməsinin məqsədini araşdırmağa başladım: çünki "Ergenekon" deyilən proses üzərindən saxta əmr bizim kripto sistemimizə yüklənmişdi. Hava qüvvələrinə müraciət ediləndən sonra mən Kayseriyə gedib gördüm ki, bizim sistemimizə əmr çox peşəkarcasına yüklənib. Daha sonrakı kriminal araşdırmalarda imzaların gerçək əmrdən kəsilib yapışdırıldığını ortaya çıxardıq. Guya "Ergenekon" prosesindən həbs edilmiş bir polkovnikə yardım kampaniyasının başladılması üçün bir general əmr verib, əmr gizli saxlanmalı, yerinə yetiriləndən sonra cırılıb - atılmalıymış. Bizim sistemimizdə hər bir yazı avtomatik qeyd edilir, qeydləri analiz etdirərkən bu işin kəşfiyyat otağında görüldüyünü öyrəndik. Bir çavuşu nəzarət altına alıb sorğu-suala çəkdim. Çavuş İşıq evlərində böyüdüyünü, "abi"lərinin təlimatıyla hərbi məktəbə getdiyini, İzmirdə məktəbi bitirəndən sonra Kayseriyə göndərildiyini, orada onu başqa "abi"lərin qarşıladıqlarını, ev tutduqlarını, Gülən icmasının 3 başqa üzvüylə birlikdə orduda fəaliyyətə başladıqlarını dedi. Daha sonra Gülən icmasının başqa bir "abi"si gələrək ordudakı zabitlərlə bağlı məlumat toplamalarını bunlara tapşırır. Bunlar ordudakı zabitlərin şəxsi həyatına, namaz qılıb-qalmadıqlarına qədər bütün məlumatları toplayırlar. Daha sonra zabit və generalların adından saxta əmrlər hazırlayaraq xalqı orduya qarşı qaldırmaq üçün iş yerlərinə, marketlərə, mağazalara göndərirlər. Türkiyə Silahlı Qüvvələrini terror təşkilatlarıyla əlaqələndirmək üçün bəzi işləri görürlər. Biz bu və ya digər bu kimi xeyli şey müəyyənləşdirdik. O adamları istintaqa cəlb edəndən sonra FETÖ-nün media qurumlarında heç kimin ağlına-xəyalına gəlməyəcək böhtanlar yazılmağa başladı. Guya biz o adamlara dərman verib danışdırırdıq, guya onlara demişəm ki, sizi kimyəvi turşu quyularına atacağıq. FETÖ mənə qarşı bunları yazdıqca mən o adamları tibbi ekspertizadan keçirib hesabatlar alır, işə o cür davam edirdim, 35 raport aldırdığımı xatırlayıram. Üstümə atmağa başqa böhtan tapmayanda dünya hüquq tarixinə keçəcək olan bir şey icad etdilər: guya mən o 3 nəfərdən hipnozla ifadə alırmışam. O vaxtlar o təşkilatın bir imici vardı: kasıb uşaqlarını oxudurlar, dinlər arasında dialoq yaradırlar, çox ülvi icmadır və s. Halbuki bizim prokurorluğumuz o vaxt onların gerçək simasını ortaya qoydu. Türkiyə Silahlı Qüvvələri içərisində qeyri-leqal təşkilat quraraq hərbçilər barədə saxta məlumatlar yaydıqlarını, ordunu böldüklərini, gizli əmrləri oğurladıqlarını, saxta əmrlər yazıb gerçək əmr kimi bizim kriptolu sistemimizə yüklədiklərini, ordu ilə xalqı qarşı-qarşıya gətirməyə və ordunu terror təşkilatlarıyla əlaqələndirməyə çalışdıqlarını ifşa etdik. Məni həbs edəndən sonra hipnoz məsələsini tibbi ekspertizaya göndərdilər. Görün, bunlar bütün qurumlarda necə təşkilatlanmışdılar ki, tibbi ekspertiza mənim əməllərimdə hipnoz metoduna rast gəlinmədiyini ancaq praporşiklər bunu deyirlərsə, demək ki, ola biləcəyini yazdı. Hipnoz məsələsindən məhkəmə mənə 7.5 il həbs cəzası verdi, Ali Məhkəmə işi təsdiq etdi, Konstitusiya Məhkəməsi isə 1 səs fərqiylə mənə qarşı qanun pozuntusu olduğuna hökm etdi. Tibbi ekspertizanın FETÖ-nün nəzarətində olması isə heyrət doğururdu. Ali Məhkəmənin 160 üzvü vardı, bir idarənin 5 üzvündən 4-ü mənim qərarımın əleyhinə səs vermişdi, FETÖ-nün oradakı gücünü görün. O vaxt mənim icraatımda Qərargah evləri və Heron xəyanəti istintaqları da vardı. Hazırladığım ittihamnamədə Kayseridəki 3 praporşikin o dönəmin xüsusi səlahiyyətli prokurorları olan Zəkəriyya Öz və Fikrət Seçən ilə yaxın əlaqələrinin olduğunu müəyyənləşdirmişdim. Mən Türkiyə hüquq tarixində ilk dəfə Fətullah icmasının Fətullah terror təşkilatı olduğuna dair ittihamnamə hazırladım. "Konstitusion sistemi dəyişdirmə" ittihamını bu təşkilata yönəltmişdim, ittihamnaməni tamamlamaq üzrəydim, sənədləri analiz etmək üçün cihaz almışdıq, 8-10 günə ittihamnaməni tamamlayıb məhkəməyə təqdim edəcəkdim ki, xüsusi səlahiyyətli məhkəmənin prokuroru Hikmət Usta məni "Əziz Yıldırıma yağma" ittihamıyla İstanbula dəvət etdi. Baş qərargaha gedib dedim ki, məni İstanbula həbs etməyə çağırırlar. Baş qərargahın o vaxtkı rəisi İlkər Başbuğa xəbər göndərdim. İlkər paşa hüquqa güvəndiyini deyərək İstanbula getməyimi istəmişdi. Mən ona ikinci dəfə xəbər göndərdim ki, siz FETÖ-nü tanımırsınız, məni tutacaqlar, işlərimiz yarımçıq qalacaq, sonra növbə sizə gələcək. İlkər Başbuğ yenə İstanbula getməyimi istədi. Getdiyim gün məni həbs etdilər, 4 il 10 ay həbsdə qaldım. Həbs ediləndən sonra haqqımda başladılan təhqiqatların ardı-arxası kəsilmədi. Məhkəmənin qərarıyla 4 dəfə həbs edildim, haqqımda 27 iş qaldırıldı, Allaha şükür, o işlərin hamısı bitdi, təkcə Konstitusiya Məhkəməsində bir iş qalıb, o da mənim lehimə bitəcək. Məni həbs edənlərin hamısı indi FETÖ-nün üzvü kimi işdən çıxarılıb, hamısının haqqında FETÖ-yə üzv olmalarına görə cinayət işi qaldırılıb. Mənim yanımda işləyib əleyhimə ifadə verənlərin hamısını işdən çıxardılar. Onlar mənim əleyhimə ifadə verib demişdilər ki, 3 ədəd bahalı qələmi hansı pulla alıb? Hamısı 400 dollar etmirdi. Mən hərbi hakim-prokurorlar arasında evi olmayan yeganə adam idim, indi də evim yoxdur. Yazırdılar ki, mənim 90 villam var. Əleyhimə minlərlə alçaqca böhtan yazdılar. İşə 5 gün əvvəl başlayan 19-20 yaşlı adamlar bu işlərə necə cəsarət edə bilirdilər? Çünki onlar hakim-müstəntiq yox, partizan idilər, onlar özlərini bir nəfərə həsr etmişdilər. Ona görə bunlar öz Məclisimizi bombalamaqdan çəkinmədilər. Bunların PKK, İŞİD terror təşkilatlarından heç bir fərqi yoxdur.