Arzu Nağıyev: "Çevriliş cəhdində NATO zabitlərinin də əli ola bilər"

Politoloq Arzu Nağıyevin  müsahibəsi

-  Türkiyədə hərbçilər dövlət çevrilişinə cəhd göstərdilər. Nə baş verdi, niyə hərbçilər hakimiyyətdən üz döndərdilər?

- Türkiyədə baş verənlər ordunun içərisində olan bir qrupu hərbiçin həm hakimiyyətə, həm orduya qarşı olan münasibətə, həm də Türkiyə prezidentinin həyata keçirdiyi siyasətə zidd getməsi nəticəsində oldu. Məlumdur ki, qardaş ölkədə dövlət çevrilişi cəhdinin məhz hərbçilərin əli ilə etmək Türkiyədə 1980 - 1997-ci ildə olub. Lakin o zaman ordunun təklifləri ilə hakimiyyət istefaya gedib. Hazırda isə vəziyyət başqa idi. Belə ki onlar müxtəlif yollarla nəyin bahasına olursa-olsun hakimiyyəti devirməklə yanaşı, onlara qarşı sui-qəsd cəhdi etdilər. Türkiyə xalqı demokratiyanı, seçki qanunlarını seçdiyinə görə bu cəhdin qarşısı alındı. Türkiyə müxtəlif siyasi partiyaların üzərində qurulan demokratik müsəlman dövlətidir. İnancı müsəlmançılıq olmaqla yanaşı orada tolerantlıq hökm sürür. Eyni zamanda AKP-yə qarşı müxalif olan partiyalar belə bu vəziyyətdən istifadə etmədilər. Əksinə ordunu sakitləşdirməklə hadisəni pislədilər. Bunun özü yaxşı haldır. Ümumiyyətlə, qardaş ölkədə baş verənlərin qarşısı xalqın iradəsi, eyni zamanda müxtəlif partiyada olan üzvlərin ağıllı hərəkəti ilə alındı. Bu baxımdan baş verənlərə demək olmaz ki, ordu hakimiyyətə qarşı çıxmışdı. Belə olsaydı onun qarşısını almaq olmazdı.   

- İddialar var ki, hakimiyyətin məlum hadisələrə görə Rusiyadan üzr istəməsi hərbçiləri narazı salan əsas məqamlardan olub. Sizcə, bu amil qiyam üçün əsas ola bilərdimi?

- Əslində Türkiyə heç kimdən üzr istəməmişdi. Rəcəb Tayyib Ərdoğan Türkiyə prezidenti kimi müvafiq şəraitdə Rusiya dövlət başçısı ilə danışmışdı  və həlak olan pilotun ailəsindən üzr istəmişdi. Sadəcə olaraq, Rusiya ilə Türkiyənin yaxınlaşması labüd idi.  Bu baxımdan hesab etmirəm ki bu məqam baş verənlərdə səbəb ola bilər. Lakin avqust ayında Hərbi Ali Şuranın toplantısı keçilməli idi. Orada hərbçilərin bir sıra funksiyaların azaldılması istiqamətində addımlar atılmalı idi. Türkiyə ordusu çox uzun müddətdə siyasətə hər cür təsir etmək qabiliyyətinə malik idi. Hazırda isə ordunun funksiyası hakimiyyətin funksiyasından ayrılır. Ola bilsin ki, bir kütlə bundan razı olmayaraq bu cür addım ata bilərdi.   

- Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, çevrilişə cəhd planlarının arxasında ABŞ-da gizlənən Fətullah Gülən dayanır. Bu dolayısı ilə ABŞ hakimiyyətinin günahlandırılması kimi başa düşülə bilərmi? 

-  Türkiyə və ABŞ ən böyük müttəfiqlərdən biridir. Türkiyə NATO-nun üzvü olan bir dövlətdir. ABŞ-da gözəl anlayır ki, regionda ən böyük gücə malik olan qüvvə məhz türk ordusudur. Fətullah Gülən  məsələsinə gəldikdə isə, Ərdoğan  xalq qarşısında çıxış edərək baş verənlərin arxasında Fətullah Gülənin dayandığını bəyan etdi.  ABŞ-Türkiyə arasında bu məsələ müzakirə edildi və qərara alındı ki, əgər  dövlət çevrilişi cəhdində həqiqətən də Gülənin əlaqəsi varsa, o həm yazılı həm də sübutlar şəklində ABŞ-a göndərildikdən sonra müvafiq qərar qəbul oluna bilər. Bundan əlavə Türkiyədə "İncirlik" hərbi bazası var. Bazanın bağlanması və uçuşların dayandırılması da bir sıra məqamlara aydınlıq gətirdi. Ola bilsin ki, orada olan NATO-nun bir sıra zabitlərinin də çevriliş cəhdində əli var. O ki qaldı Fətullah Gülənə, onunla  bağlı məsələ birinci dəfə deyil ortaya qoyulur. Son iki-üç gündə Türkiyədə keçirilən mitinqlərdə ölüm cəzasının yenidən qaytarılması məsələsi qaldırılır. Əgər ölüm cəzası qaytarılarsa, beynəlxalq hüquqlara görə həmin şəxs öz ölkəsinə verilmir. Aparılan istintaq nəticəsində məlum olsa ki, bu cəhdin arxasında məhz Fətullah Gülən dayanıb, o zaman ABŞ-a müraciət edilib geri qaytarıla Türkiyə məhkəməsi qarşısında cavab verə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31