“Məkan” MTK yenə də cinayət yolunu seçir

Şirkət bəzi media qurumlarını da öz cinayətınə şərik edib

Sabiq millət vəkili barəsində yayılan şər-böhtana görə məhkəməyə müraciət etdi

Azərbaycanda medianın daha da inkişaf etdirilməsi məqsədilə dövlət tərəfindən yaradılan şəraitə uyğun olaraq bu gün ölkədə çoxsaylı kütləvi informasiya vasitələri, qəzet və jurnallar, elektron portallar fəaliyyət göstərsə də, lakin onların heç də hamısı obyektivliyə, cəmiyyəti doğru düzgün, qərəzsiz məlumat və informasiyalarla təminb etməyə xidmət göstərmir. Bir qayda olaraq fəaliyyətini yalan-böhtan yazmaq, insanların işgüzar və siyasi həyatına kölgə salmaq istiqamətində quran bu tip "media qurumları" yol verdikəri xətaya, atdıqları şər-böhtana görə məhkəməyə veriləndə isə yazıq görkəm almağa başlayırlar. "Reket mətbuat" kimi tanınan həmin qəzet və elektron portalların bu dəfəki hədəfi isə sabiq millət vəkili, tədqiqatçı alim Cahangir Hüseynov olub. Məlumat üçün qeyd edək ki, bu günlərdə bir reket saytında sabiq millət vəkili barəsində həqiqətə uyğun olmayan, qərəzli materiallar əksini tapıb. Sayt iddia edib ki, sabiq millət vəkili siyasi mənsubiyyətini dəyişərək guya radikal müxalifət düşərgəsinə keçib. Sabiq millət vəkili barəsində silsilə xarakterli dərc edilən qərəz, böhtan dolu materiallardan da aydın olur ki, bu böhtanın arxasında hansısa dairələr dayanır və sözügedən materiallar xüsusi sifariş əsasında dərc edilir. Biz də sabiq millət vəkili barəsində dərc edilən şər-böhtan dolu məqalələrin haradan qaynaqlandığını, bu sifarişin arxasında kimlərin dayandığını müəyyənləşdirmək üçün Cahangir Hüseynovla söhbətləşdik.

-Cahangir müəllim, son günlər bəzi saytlar və mətbu orqanlarda sizin barənizdə həqiqətə uyğun olmayan materiallar dərc edilib. Sizcə, belə qərəzli məlumatların yayılmasında məqsəd nədir və bu kampaniyanın arxasında sizcə kimlər dayanır?

-Məlumat üçün bildirim ki, bir sayt 28 aprel 2016-cı il tarixində "Sabiq deputat kimə sadiqdir - Heyder Əliyev kursuna, Əli Kərimliyə, Cəmil Həsənliyə?", eyni tarixdə "Sabiq deputat - dedim mənə nə belə deputatlıq lazımdır, nə də belə siyasi hakimiyyət", 30 aprel 2016-cı il tarixli "Sabiq deputat baş redaktoru ölümlə hədələdi" başlıqlı yazılarında mənə qarşı şər-böhtan atılıb və məqalələrdə həqiqətə uyğun olmayan fikirlər əksini tapıb. Mən qeyd etdiyim mətbu qurumlara sifarişin haradan gəldiyini bilirəm. Sözügedən mətbu orqanlarda barəsində gedən yalan, böhtan dolu yazılar xüsusi sifariş əsasında dərc olunur və sifarişçiləri də mənə bəllidir. Bu böhtan xarakterli məqalələrin dərc olunmasının səbəbi 2013-cü ildən bu günə kimi "Məkan" MTK ilə mənim aramda gedən məhkəmə mübahisələridir. Məlumat üçün qeyd edim ki, "Məkan" MTK atam Hüseyn Hüseynova məxsus torpaq sahəsini dələduzluq yolu ilə ələ keçirərək həmin ərazidə çoxmərtəbəli bina tikib. Məhkəmə mübahisələrində də bu təsdiqlənib. Onların dələduzluq əməlləri hüquq müstəvisində ifşa olunduğu üçün, indi də "Məkan" MTK-nın sahibləri digər yollara əl ataraq mənim nüfuzuma kölgə salacaq addımlar atmağı düşünürlər. ideologiya.az sayıtının baş redaktoru Teylor Fetişoğlu "Məkan" MTK-nın rəsmi və qeyri-rəsmi sahiblərilə əlaqələrə girərək, hansısa maraq qarşılığında, onların sifarişini yerinə yetirir və mənə qarşı qaralama kampaniyası aparırlar. Bununla onlar elə hesab edirlər ki, öz cinayətkar əməllərin ört-basdır edəcəklər və məhkəmə qərarlarının icrasından yayınacaqlar.

-Belə çıxır ki, mayın 3-də sözügedən saytda "Baş redaktoru ölümlə təhdid edən, siyasi hakimiyyəti qəbul etməyən sabiq deputatın ağlagəlməz sərvəti" başlıqlı yazıda sizin əmlakınız barədə əks olunan şişirdilmiş siyahı da məhz sifarişçilər tərəfindən hazırlanıb?

-Tamailə doğrudur. Məlumat üçün qeyd edim ki, mayın 3-də ideologiya.az saytında mənim əmlaklarım haqqında şişirdilmiş siyahı təqdim olunub. Sayt həmin əmlakların güya mənim Abşeron rayonunda polis rəisi işlədiyim vaxt əldə etdiyimi yazıb. Bildirirəm ki, bu da tam yalandır. Bu barədə ona da açıqlama gətirim ki, atam Hüseyin Hüseyinov 1987-ci ildən "Zeytun" magazasının müdiri işləyib və 20 ilə yaxın sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Sonradan həmin əmlakı icarəyə götürüb və daha sonra isə həmin "Zeytun" mağazasını və torpaq sahəsini özəlləşdirib. Bu gün də "Məkan" MTK ilə mənim aramda olan məhkəmə mübahisəsi həmin "Zeytun" mağazasının "Məkan" MTK tərəfindən sökülərək dağıdılması, pay bölgüsü ilə mənə çatası əmlakın verilməməsi, torpaq sahəsinin pulunun ödənilməməsi ilə bağlıdır.

-Sizcə "Yapıkredi Bank" tərəfindən barənizdə məhkəməyə təqdim olunmuş arayışın surəti sayta hansı yolla ötürülüb?

-Bildirirəm ki, istər "Yapıkredi Bank", istərsə də digər banklar bank sirri olan məlumatı heç bir mətbuat orqana təqdim etmirlər. Həmin arayışın surətini mənə dəyən maddi ziyanın ödənilməsi məqsədilə məhkəməyə mən təqdim etmişəm. Arayışda göstərilən vəsait isə mənim Türkiyədə kitablarımın şap edilməsi, eləcə də

müalicə olunmağıma sərf edilib. Qarşı tərəf olan "Məkan" MTK isə həmin arayışı əldə edərək ideologiya.az saytına təqdim edib. Bu da ideologiya.az saytının "Məkan" MTK ilə əlaqəsini və onların sifarişini yerinə yetirdiyini təsdiq edir. Məkan "MTK"nın təsisçilərinin mənim haqqımda böhtan xarakterli yazıları sifariş etməklə məqsədi mənə təyziq etmək, nüfuzuma xələl gətirmək və bu yolla da məhkəmənin qətnaməsini icra etməməkdir. "Məkan" MTK yenə də qanuni yolu deyil, cinayət yolunu seçərək kimlərəsə mənim haqqımda yalan yazılar yazmağı sifariş edir. Ona görə də barəmdə yalan, təhqir, böhtan xarakterli yazılar dərc etdirirlər.

-Cahangir müəllim, barənizdə yazılan qərəzli materiallarda sizin guya radikal müxalifət düşərgəsinə maraq göstərdiyiniz də iddia olunur.

-Həmin məqalələrdə uzun illər Ulu Öndər Heydər Əliyev siyasətinin dəstəkləyən biri kimi mənim guya müxalifət düşərgəsində olmağım barədə yalan, absurd fikir yaratmağa çalışırlar. Məni tanıyanlar yaxşı bilirlər ki, 1991-ci ilin may ayından Ali Sovetin deputatı kimi bütün iclaslarda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin zəruriliyini qeyd edib və onun siyasətini dəstəklədiyimi açıq şəkildə bəyan etmişəm. 1990-cı ildə iyun ayında Binə Hava Limanında Ulu Öndər Heydər Əliyevə qarşı təşkil olunmuş təxribat cəhdinə baxmayaraq, onu qarşılayan bir neçə şəxsdən biri (baxmayaraq ki, həmin vaxt Ağdaş Rayon Daxili İşlər Şöbəsinin rəisi işləyirdim) mən olmuşam. Azərbaycan Respublikasının Ali Sovetində ilk dəfə olaraq fövqəladə sessiyada 1992-ci ildə mart ayının 6-da Heydər Əliyevin Azərbaycan Respublikasının rəhbərliyinə gətirilməsi təklifini mən vermişəm. 14 may 1992-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin fövqalədə sessiyasında Heydər Əliyevin Ali Sovetin sədrliyinə namizədliyini irəli sürənlərdən bir də mən olmuşam. 1992-ci ilin may ayında Heydər Əliyevin hakimiyyətə gətirilməsi üçün imza toplama kampaniyasında, Heydər Əliyevin hüquqlarının qorunması üzrə müdafiə komitəsinin yaranmasında, Azərbaycan Respublikasının Konstitusiyasındakı yaş senzi üzrə qadağanın götürülməsində, 15 iyul 1992-ci ildə Milli Məclisdə Heydər Əliyevin Milli Məclisin sədri seçilməsində ən fəal formada iştirak etmişəm. 1994 cü ilin iyun-avqust aylarında isə ölkəmizin ən ağır günlərində Heydər Əliyevə olan sadiqliyimə və dəstəyimə görə mənə, ailə üzvlərimə "Qardaşlıq cəmiyyəti" cinayətkar üzvləri tərəfindən sui-qəsd təşkil edilib. Nəticədə azyaşlı oğlum və əmim oğlu qətlə yetirilib. Özüm və digər ailə üzvlərim isə ağır xəsarət almışıq. 2000-2005-ci illərdə İkinci çağırış Milli Məclisdə "Dövlət Quruculuğu və hüquq siyasəti komissiyası"nın sədr müavini olmaqla onlarla qanunun hazırlanmasında və qəbul olunmasında fəal iştirak etmişəm. 2003-cü ili noyabr ayının 7-də Azərbaycan ziyalıları və ağsaqqalları, Milli Məclisin üzvləri, Heydər Əliyevin tələbə yoldaşı olan atam Hüseyn Hüseynov ilə birlikdə böyülk toplantı keçirib, ABŞ-ın Klivlent xəstəxanasında müalicə olunan Heydər Əliyevə, ölkə başçısı İlham Əliyevə, Milli Məclisin üzvlərinə Heydər Əliyevin adının əbədiləşdirilməsi ilə bağlı müraciət etmişəm. 2003-cü ildə Prezident seçkilərində İlham Əliyevin namizədliyinin Gədəbəy, Şəmkir, Daşkəsən, Göy-göl, Sabirabad, Saatlı rayonlarında təşviqat qrupunun fəal üzvü olmuşam. 2005-ci ildə Milli Məclisdəki fəaliyyətimi dayandırdıqdan sonra elmi yaradıcılıq fəaliyyəti ilə məşğul olmuşam. Dəfələrlə respublikanın və qardaş Türkiyədə mətbuat orqanlarında dərc edilən kitablarımda, məqalələrim və çıxışlarımda Ulu Öndərin, onun layiqli davamçısı Cənab İlham Əliyevin siyasətini dəstəkləyən müsahibələr verib, yazılar yazmışam. Belə olan halda mən nəyə görə Azərbaycanın xoşbəxt gələcəyinə xidmət edən bu siyasətə qarşı çıxmalı və ümummilli liderin bizə miras qoyduğu, bu gün isə cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu yoldan çəkinməli, siyasi əqidəmi dəyişməliyəm.

-Cahangir müəllim, Sizin müstəqillik aktına imza atmadığınız da iddia olunur. Bu nə dərəcədə doğrudur?

-Bu da tamamilə cəfəngiyyatdır. Mənim müstəqillik aktına səs verməməyim sadəcə olaraq gülüş doğuran yalandır. 18 oktyabr 1991-ci ildə Parlamentin deputatlarının hamısı yekdilliklə müstəqillik aktının qəbul olunmasının lehinə səs verib. Akta səs verdikdən sonra bir neçə deputatlarla birlikdə Azadlıq meydanında tribunadan bütün Azərbaycan xalqını təbrik edənlər arasında mən də olmuşam. Bir məsələyə də aydınlıq gətirirəm ki, 7 mart 1991 - ci ildə Ali Sovetdə SSRİ-nin saxlanması haqqında referendum aktı qəbul olunan zaman mən deputat deyildim.

-İdeologiya.az saytının rəhbərliyi iddia edir ki, guya onu ölümlə hədələmisiniz. Yalan, böhtan atdığına görə, məhkəməyıə müraciət etməyi nəzərdə tutursunuzmu?

-ideologiya.az saytının rəhbəri Teylor Fetişoğlunu guya ölümlə hədələməyim barədə yazdıqları da tamamilə yalan və böhtandır. Məlum edirəm ki, aprelin 29-da saat 10:55-də Teylor Fetişoğlunun mobil telefonuna zəng edərək onun saytında yer alan şər-böhtan dolu yazıların haradan qaynaqlandığını öyrənmək istədim. O, da öz növbəsində məni tanıdığını, 90-cı illərdə Ağdamda mənimlə görüşdüyünü bildirdi. Bizim təxminən 3 (üç) dəqiqə danışığımız oldu. Teylor Fetişoğlu özü və ümumi tanıdığımız insanlar haqqında mənə məlumat verdi. Mən məqalə haqqında soruşmaq istədikdə telefon əlaqəsi kəsildi. Təkrar zəng etsəm də, lakin telefon əlaqəsi yaratmaq mümkün olmadı. Teylor Fetişoğlunun mənimlə danışığını öz telefonumda səsyazma qurğusu vasitəsi ilə yazdırmışam və həmin audioyazını lazım gələrsə, məhkəməyə təqdim edəcəyəm. Teylor Fetişoğlu və ona bu yazıları sifariş edənlər yalan və böhtan yazılarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məhkəmə qarşısında cavab verəcəklər.

-Artıq məhkəməyə müraciət etmisiniz?

- "Məkan" MTK ilə aramızda olan mübahisələr mənim səhhətimə ağır təsirləri olub. Aldığım ağır xəsaratlərdən və son illərdə yaranan fəsadlardan səhhətim ilə bağlı xarici ölkələrdə mütəmadi olaraq müalicə kursları alıram. Ona görə də mənim barəmdə işıq üzü görən şər-bəhtan dolu məqalələrlə bağlı məhkəmə instansiyaları və Azərbaycan Mətbuat Şurasına müraciət edilib. Eyni zamanda "Məkan" MTK-nın qanunsuz əməlləri barədə onun təsisçiləri və onların havadarları ilə bağlı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə müraciət edəcəm.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31