İqtisadiyyatın neftdən asılılığının azalması istiqamətində əsaslı dəyişikliklərin baş verəcəyi realdır

Fikrət Yusifov: “İlin bütövlükdə pozitiv iqtisadi göstəricilərlə yekunlaşacağı gözləniləndir”

Son günlər istər beynəlxalq maliyyə bazarları, istərsə də neft qiymətlərində müşahidə edilən hərəkətlilik Azərbaycana da təsirsiz ötüşməyib. Bunu manatın Amerika dollarına nisbətdə dəyərinin müvafiq olaraq artıb azalmasında görmək mümkündür. Elə bu səbəbdəndir ki, cəmiyyətdə də müəyyən çaşqınlıq yaranıb. Bəziləri bu prosesin müvəqqəti xarakter daşıdığı qənaətindədir. Digərləri isə hesab edir ki, amerikan dollarının manata nisbətdə dəyəri yenidən nəzərə çarpacaq dərəcədə yüksələcək. Bəs iqtisadçılar bu barədə nə düşünür? "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov son günlər bu istiqamətdə baş verən proseslər və gözləntilər barədə fikirlərini "OLAYLAR"-a açıqlayıb. O, müsahibədə Azərbaycanın qarşıdakı müddətdə mümkün iqtisadi göstəriciləri barədə də danışıb.

-Fikrət müəllim, son günlər dolların manata nisbətdə dəyərində davamlı xarakter daşıyan bir dəyişiklik müşahidə edilir. Sizcə, bu nə ilə əlaqədardır və proses davamlı xarakter alacaqmı?

-Manatın keçən il baş verən iki kəskin devalvasiyasından və onun üzən məzənnəyə keçməsindən sonra milli valyutanın dəyərində əsaslı dəyişikliklərin gözlənilməsi real deyil. Məzənnədə 5-10 faiz ətrafında baş verən dəyişikliklərə isə dünya iqtisadi müstəvisində, maliyyə bazarlarında baş verən proseslərin və daxili bazarda baş verən müəyyən dəyişikliklərin məntiqi nəticəsi kimi baxmaq lazımdır. Manatın bu günkü məzənnəsi əslində qeyri-neft sektorundan ixracı stimmullaşdırmaq üçün geniş imkanlar açır. Bu səbəbdən də baş vermiş kəskin məzənnə dəyişikliyinin yalnız mənfi tərəflərindən danışmaq düzgün deyil. İxracın stimullaşdırılması, ölkəyə neftdən başqa məhsulların ixracından valyuta axınının təmin edilməsi, iqtisadiyyatımızın neftdən asılılığını optimal bir səviyyəyə endirməyə imkan yaradan yeganə yoldur. Bu isə çox önəmlidir və nəticə etibarilə manatın məzənnəsinin sabit qalmasının təminatıdır.

-Sizcə dollar hansı həddə qərarlaşacaq?

-Manatın bu günkü məzənnəsini real məzənnə kimi dəyərləndirmək lazımdır. Onun son günlər bir qədər dəyişməsi - yəni möhkəmlənməsi isə son bir neçə ay ərzində heç bir ciddi əsas olmadan fiziki və hüquqi şəxslərin alıb yığdıqları dollar kütləsini tədricən satışa çıxarmaları ilə bağlıdır. Bu prosessin isə uzun sürəcəyi real deyil.

-Bu proses dollarla kredit götürən şəxslərə hansı təsirir göstərəcək?

-Milli valyutanın kəskin devalvasiyası ilə ortaya çıxan ən ciddi problem xarici valyuta ilə götürülən kreditlərlə bağlıdır. Hal-hazırda bu problemin həlli istiqamətində bir neçə səviyyədə iş aparılır. Məsələ ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası hazırda araşdırmalar aparır və bu kreditlərin ödənilməsində yaranmış çətinliklərin həlli yollarını ortaya qoymağı düşünür.

-Bu günlərdə Azərbaycan parlamentində banklardan dollarla kredit götürənlərə müəyyən güzəştlərin edilməsi ilə bağlı müzakirələrin aparılacağı bildirilir. Sizcə, güzəştlər tətbiq olunacağı təqdirdə bu banklar tərəfindən süngü ilə qarşılanmayacaq?

-Milli Məclisdə bu məsələni gündəliyə çıxarmaq və problemin həlli ilə bağlı təkliflər işləyib hazırlamaq nəzərdə tutulur. İnanırıq ki, cəmiyyət üçün ağrılı olan bu problem tezliklə öz həllini tapacaqdır. Bu kreditlərin ödənilməsində məzənnə fərqinin yaratdığı çətinliklər aradan qaldırıldıqdan sonra manata olan inamın tam bərpa olunacağı şübhə döğurmur.

-Ümumiyyətlə, cari ilin ikinci yarısında Azərbaycan iqtisadiyyatının inkişaf dinamikasını necə dəyərləndirirsiniz?

-2016-cı ilin birinci rübündə Azərbaycan iqtisadiyyatında azalmalar baş versə də, ilin bütövlükdə pozitiv iqtisadi göstəricilərlə yekunlaşacağı gözləniləndir. Son 6-7 ay ərzində ölkə iqtisadiyyatının real sektorunun inkişafı istiqamətində atılan addımlar, qəbul edilən ciddi qərarlar əsas verir deyək ki, yaxın perspektivdə iqtisadiyyatın neftdən asılılığının azalması istiqamətində əsaslı dəyişikliklərin baş verəcəyi realdır.


Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31