Bir tarixin salnaməsi
“Birləşməsək xalq bizi bağışlamaz!”
21 Aprel 2016 12:46 MüsahibəII bölüm
Cahangir Hüseynov: " Hər birimiz Ulu Öndərimizin yadigarı olan mötəbər cənab Prezidentimizə dayaq və dəstək olmalıyıq"
Əvvəli ötən sayımızda
Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsi, onun həlli yolları, eləcə də bu münaqişə nəticəsində 1 milyona yaxın qaçqın və məcburi köçkünün öz yurd-yuvalarından didərgin düşərək çətin şərtlər altında yaşaması, bunun çıxış yolları zaman-zaman Milli Məclisdə müzakirə mövzusu olub. Demək olar ki, parlamentin hər bir iclasında diqqət yetirilən bu məsələlərlə bağlı hətta ümummilli lider Heydər Əliyevin iştirakı ilə 2001-ci ildə qanunverici orqanda siyasi partiya rəhbərləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə iclas da keçirilib. İstər Dağlıq Qarabağ problemi, istərsə də qaçqın və məcburi köçkünlərin ağır həyat şəraiti barədə müntəzəm olaraq parlamentdə məsələ qaldıran, bu istiqamətdə təkliflər verən millət vəkillərindən biri də Cahangir Hüseynov olub. Deputat kimi fəaliyyət göstərdiyi illərdə qanunverici orqanda qeyd edilən məsələlər ətrafında parlamentdə aparılan müzakirələr, qaldırılan təkliflər barədə sabiq millət vəkili, beynəlxalq hüquq üzrə mütəxəssis, hüquqşünas alimi, Qarabağ müharibəsi veteranı, tədqiqatçı alim Cahangir Hüseynovla söhbətləşdik. Cahangir Hüseynov "OLAYLAR"-a verdiyi müsahibədə beynəlxalq təşkilatların Qarabağ probleminə olan biganəliyindən də danışıb.
-Cahangir müəllim, dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi qeyri-neft sektorunu bir qədər də inkişaf etdirməyi zərurətə çevirdi. Qeyri-neft sektorunda mühüm bir istiqaməti isə kənd təsərrüfatı təşkil edir. Siz, bu sahənin inkişaf etdirilməsi üçün nələri təklif edirsiniz?
-Azərbaycan əhalisinin demək olar ki, əksəriyyəti torpağa bağlı olan insanlardır. Hətta Bakı şəhərində kiçik bir bağça tapıb, orada özü üçün bitki sahəsi yaradan insanlar da var. Əgər kənd təsərrüfatına doğru investisiyalar qoyularsa, əhali bundan bəhrələnər, boşalan kəndlərimiz dolar, xarici ölkələrə kənd təsərrüfatı məhsulları satmaqla respublikamızın inkişafı güclənər. Həmçinin Rusiyada Ukraynada yaşayan on minlərlə vətəndaşımız geri qayıdıb öz torpaqlarında bu sahədən bəhrələnərlər. Azərbaycanın kənd torpaqları demək olar ki, bu gün boş qalıb və xaricdən gətirilən kənd təsərrüfatı məhsullari ilə qidalanırıq. Bunların da əksəriyyəti geni dəyişdirilmiş məhsullardır. Hesab edirəm ki, kənd təsərrüfatına güzəştli həm natura, həm də pul şəklində kreditlər verilməlidir. Həmçinin gömrük orqanları tərəfindən ölkəyə xaricdən gətirilən məhsuilların üzərinə yüksək rüsum qoyulmalıdır. Belə olan halda yerli məhsullara təlabat artar, onların istehsalı genişlənər. Nəticə etibarilə xaricdən gətirilən məhsullarla əhalimizin genefonuna zərər dəyməz.
-Bəs Azərbaycana xarici turistlərin marağını daha da artırmaq, onları ölkəmizə cəlb etmək üçün hansı addımlar atılmalıdır?
-Dünyada turizm ən əhəmiyyətli iqtisadi sahədir. Bu, həm insanların mənəviyyatına, mədəniyyətinə, həm də iqtisadiyyatına dəstəkdir. Azərbaycanın geosiyasi vəziyyəti turizmin inkişaf etdirilməsi üçün çox əlverişlidir. Rusiya kimi böyük turizmə ehtiyacı olan olkə ilə sərhəddə yerləşməyimiz, İranla min illər boyu ticarət əlaqəmizin olması, Xəzər sahilləri, dağlıq ərazilər, Böyük və Kiçik Qafqazın əraziləri, Azərbaycanda olan milli adət-ənənələr, tarixi memarlıq abidələri, mədəniyyət nümunələri tam imkan yaradır ki, respublikamızda böyük turizm potensialı yaransın. Son illər Azərbaycanda yaradılan infrastruktur, Qusar, Qəbələ, Abşeron yarımadasında, Bakı şəhərində yaradılan turizm məkanları, hotellər şəbəkəsi, idman kompleksləri imkan yaradır ki, Azərbaycan bu sahədə geniş işlər görə bilsin. Təbii ki, son Novruz bayramında İrandan, Rusiyadan bura xeyli sayda turistlərin gəlməsi bir daha dediklərimin bariz nümunəsidir. Lakin bunlar hələ kifayət deyil. Turizmin inkişafı ilə bağlı birinci növbədə Azərbaycan ərazisində yerləşən bütün tarixi abidələr bərpa olunmalı, tanıdılmalıdır. Həmçinin birinci növbədə, yol infrastrukturlarımız yenidən qurulmalı, respublikadakı turizm obyektləri üzərində 1 km belə yararsız yollar qalmamalıdır. Həmin ərazilərdə bir - iki ulduzlu kempinq tipli məişət obyektləri salınmalıdır. Xaricdə yaşayan Azərbaycan diasporuna turizm sektorunda işləmək üçün sertifikatlar verilməlidir. Həmçinin xarici səfirliklərimizin hər birində turizm üzrə müşavirlər fəaliyyət göstərməlidir. Həmin olkələrdəki xarici turizm şirkətləriylə qarşılıqlı münasibətlər yaradıb, ölkəmizə turist axınlarını artırmaq olar. Bununla da qısa müddətdə neft gəlirindən əldə etdiklərimizdən artıq vəsaitləri turizm sahəsindən qazana bilərik. Turizmlə məşğul olmaq həvəsində olan hər bir insana kənd, qəsəbə, şəhər, yaşadığı ərazidə milli adət-ənənələrimizi, sənətkarlıq nümunələrimizi, tarixi abidələrimizi və başqa müsbət məqamları nümayiş etdirmək və təbliğ etmək imkanları yaradılmalı, ali, orta ixtisas məktəblərində turizm elminin inkişaf etdirilməsi üçün tədbirlər proqramı hazırlanmalıdır. Bu sahədə mətbəx mədəniyyəti, xalçaçılıq, dulusçuluq, misgərlik sənətləri, gülüş səhnələri, kəndirbaz oyunları, pəhləvan döyüşləri, atçılıq idman növləri və s. dən geniş istifadə olunmalıdır. Bu sahədə də həmçinin Türkiyə Respublikasından peşəkar insanlar dəvət olunmalı, turizm biznesinin inkişafına hərtərəfli kömək göstərilməlidir.
-Bu gün cəmiyyətin ən aparıcı təbəqələrindən biri gənclərdir. Bəs gənclərin ictimai-siyasi fəallığı qaneedicidirmi?
-Ölkəmizin əhalisinin sayı artıq on milyona yaxındır. Sevindirici haldır ki, əhalimizin xeyli hissəsi gənclərdən ibarətdir. Gənclik insan həyatının ən önəmli və gözəl dövrüdür. Elm, mədəniyyət, incəsənət, siyasət, idman sahəsində xeyli sayda gənclərimiz var. Mən istəyirəm ki, gənclərimiz Azərbaycan dövlətinin idarəçiliyində daha öndə olsunlar. Onlardan bütün sahələrdə - iqtisadi, hüquqi, siyasi və s. sahələrdə istifadə etmək olar.
-Siz həm də beynəlxalq hüquq məsələləri üzrə ekspertsiniz. Bu gün hüquqi sahədə hansısa islahatlara ehtiyac duyulurmu?
-Hesab edirəm ki, hər bir sahənin hüquqi tənzimləmə aktları olmalıdır. Şah qanun deyil, qanun şahdır prinsipi ilə hüquqi dövlət hüquqi dövlət anlayışı genişləndirilməlidir. Yerlərdə bələdiyyə qurumları qanunvercilik orqanlarına qanunların təklif və hazırlanmasına kömək etməlidirlər. Bu işdə xüsusi elmi idarələr, Elmlər Akademiyasının institutları da komək etməlidirlər. Elə bir boş sahə olmalı deyil ki, onun öz hüquq tənzimləyicisi olmasın. Hər bir bölgənin öz qanunvericilik səlahiyyəti olmaqla bölgə üzrə qanunların hazırlanma ixtiyarları da onlara verilməlidir. Respublika əhəmiyyətli qanunlar parlamentdə, əyalət qanunları isə əyalətin qanunvericilik orqanında baxılmaqla yuxarı palatada təsdiq olunmalıdır. Qanunların aliliyi icra orqanları tərəfindən ciddi qorunmalı və hər bir vətəndaş buna riayət etməlidir. Pozulan qanunlara görə, müxtəlif ölçülü inzibati və hüquq cəzalar verilməlidir. Korrupsiya haqqında qanun artıq ölkəmizdə 10 ildən artıqdır ki, qüvvədədir. Bu qanunun hər bir müddəası dövlət qulluqçuları üçün təməli qanun olmalıdır və onlara ciddi əməl edilməlidir.
Ümumiyyətlə, insan haqları, insan hüquqları və vicdan azadlıqlarının qorunması bu gün ən vacib və ümdə vəzifələrdən biridir. Heç kim əsassız və düzgün tövsif olunmayan, sübut edilməyən cinayət işi ilə mühakimə olunmamalıdır. Respublikada İstintaq Komitəsi yaradılmalı və bütün istintaq orqanları orada birləşdirilməlidir. Belə olan halda vətəndaş və insan haqları daha ciddi qorunar, əsassız ittihamlar irəli sürülməz, bu sahədə beynəlxalq nüfuzumuza xələl gəlməz. Yoxsa bu gün biri Vətənə xəyanət, qərəzli xuliqanlıq və digər ağır cinayətlərlə həbs olunur, sonradan onun cinayət işi başqa maddəyə tövsif olunaraq azadlığa buraxılır. Cənab Prezident də istintaq və məhkəmə orqanlarının düzgün olmayan qərarlarını əfv sərəncamları imzalamaqla onları azadlığa buraxır. Bütün bunlar təqdir olunsa da, lakin istintaq və məhkəmə orqanları üçün bu heç də yaxşı hal deyil. Bəs, həmin insanların özləri və ailələrinə dəymiş ziyani hansı istintaq orqanları ödəyəcək.
-Cahangir müəllim, son olaraq bilmək istərdik ki, müstəqilliyimizin 25 illiyində əldə etdiklərimiz nədən ibarət olub?
-Azərbaycan qədim və orta dövlərin böyük imperiyalarının mirasıdır. Mən bu barədə qələmə aldığım 2014-cü ildə Bakıda, 2015-ci ildə isə İstanbulda nəşr edilən "Azərbaycan Nadir Əfşar Dövləti" elmi publisistik kitablarımda məlumat vermişəm. Həmin kitabımın Bakıda və İstanbulda geniş təqdimatları oluib və oxuculara çatdırılıb. Hazırda isə bu kitabın ingilis və rus variantları üzərində işləyirəm. Həmin bu kitabımı Nadir şahın 325 illiyinə, bu il tamam olan onun qurduğu dövlətin 280 illiyinə ithaf etmişəm. Kitabı Bakı, İstanbul, Bursa, Tehran , Məşhəd, Təbriz və Vatikan arxivlərindən və akademik Ramiz Mehdiyevin Nadir şah barəsində 2015-ci ildə çıxan "Nadir Şah Diplomatik yazışmaları" və İstanbul dövlət arxivində olan Nadir şahla bağlı sənədlər toplusundan da istifadə etməklə yenidən 2015-ci ildə İstanbulda nəşr etdim. Azərbaycan Respublikasının böyük bir imperiyanın kiçik bir yadigarı, sələfi olmasını elmi arxiv materialları ilə qələmə aldım. Və kitabımın sonunu "Gəlin Azərbaycanımızı qoruyaq!!!" sözləriylə bitirdim. Hər bir oxucu mənim bu kitablarımı cahangirhuseynov.com saytıma girib, oxuyub, tanış ola bilərlər. Lakin bir daha vurğulayıram ki, yüz illər, min illər tarixi olan Azərbaycanımız böyük imperiyalardan dövlətlərdən qalmış kiçik bir yadigardır. Bu il müstəqilliyimizin 25 illiyini qeyd edəcəyimiz Azərbaycan Respublikasının bayrağı bu illər ərzində dünyanın mötəbər təşkilatlarında dövlətlərində qürurla dalğalanıb. Ulu Öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycan yenidən dağılma təhlükəsindən xilas oldu. Sovetlər dövründə SSRİ məkanının ən geridə qalmış, tanınmaz bir respublikasından Heydər Əliyevin birinci hakimiyyəti dövründə SSRİ-nin ən inkişaf etmiş, tanınmış respublikasına çevrilən Azərbaycanımız 90 cı illərin əvvəllərində Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yenidən öz inkişaf yolunu seçdi. Bu gün Ulu Öndərimizin layiqli davamçisi İlham Əliyevin məqsədyönlü və uğurlu idarəçiliyi sayəsində Azərbaycan ən inkişaf etmiş ölkələrin səviyyəsinə çatıb. Bakı şəhəri bu gün dünyanın ən gözəl şəhərlərinin siyahısına daxil olub. Respublikamızın bölgələrində geniş quruculuq abadlıq işləri aparılıb. Azərbaycanda dünyanın ən mötəbər idman yarşları, mədəniyyət və siyasi tədbirləri keçirilməkdədir. Hər bir azərbaycanlı bundan qürur hissi keçirməlidir. Dünyanın hansı ölkəsində yaşamağımızdan aslı olmayaraq orada Azərbaycanı qürur hissi ilə təmsil etməliyik, onu daha da tanıtmalı, inkişafı üçün əlimizdən gələni əsirgəməməliyik. Bu işdə hər birimiz Ulu Öndərimizin yadigarı olan mötəbər cənab Prezidentimizə dayaq və dəstək olmalıyıq. İctimai-siyasi xadim, tədqiqatçı alim kimi bu işlərdə Cənab Prezidentə dayaq olan, onun həyata keçirdiyi siyasəti var qüvvəsi ilə dəstəkləyən Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyeva, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, baş nazirin müavini Əli Əhmədov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər naziri Ramil Usubov, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədov, Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş üzrə şöbənin müdiri Fuad Ələsgərov və Prezidentin mühafizə xidmətinin rəisi general-polkovnik Bəylər Eyyubova uğurlar diləyir, onlara dövlətimizin, dövlətçilik siyasətimizin qorunması, inkişaf etdirilməsində müvəffəqiyyətlər arzulayıram. Çünki adını qeyd etdiyim insanlar hər zaman Prezidentə yaxından dəstək olub, dövlətimizə, dövlət başçımıza sədaqətlə xidmət ediblər. Mən də Afşarlar nəslinin bir nümayəndəsi kimi bütün bunlardan qürur hissi kecirir və fəxr edirəm!!! Sonda bunları deməyi də özümə borc bilirəm ki, bu fikirləri, 2012-ci ildə qələmə aldığım "Mənim xidməti və siyasi fəaliyyətim" adlı kitabımda vurğulamışam. Kitabımla tanış olan insanlar bu fikirlərimi hələ bir neçə il bundan öncə oxuyub və mənə dəstək olublar. Bu gün də istəyirəm ki, Azərbaycan daha güclü dövlət olsun, xalqımız firavan yaşasın! Möhtərəm cənab Prezidentimiz İlham Əliyevin ətrafında daha sıx birləşərək, ona arxa olmalı, Dağlıq Qarabağ problemininin tezliklə həll olunmasında Cənab Prezidentə dəstək göstərməliyik. Ulu tanrıdan xalqımıza, millətimizə firəvanlıq arzulayıram.
Süleyman İsmayılbəyli
Bakı-İstanbul-Bakı
3 mart-20 aprel, 2016-cı il.
Müsahibənin I bölümünü bu liklərdən oxuya bilərsiz:
http://olaylar.az/news/interview/166211
http://olaylar.az/news/interview/166862
http://olaylar.az/news/interview/167047
http://olaylar.az/news/interview/166436