Bir tarixin salnaməsi
“Birləşməsək xalq bizi bağışlamaz!”
20 Aprel 2016 15:18 MüsahibəCahangir Hüseynov: "Bütün bəlaların açarı təhsildədir"
Əvvəli ötən sayımızda
Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsi, onun həlli yolları, eləcə də bu münaqişə nəticəsində 1 milyona yaxın qaçqın və məcburi köçkünün öz yurd-yuvalarından didərgin düşərək çətin şərtlər altında yaşaması, bunun çıxış yolları zaman-zaman Milli Məclisdə müzakirə mövzusu olub. Demək olar ki, parlamentin hər bir iclasında diqqət yetirilən bu məsələlərlə bağlı hətta ümummilli lider Heydər Əliyevin iştirakı ilə 2001-ci ildə qanunverici orqanda siyasi partiya rəhbərləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə iclas da keçirilib. İstər Dağlıq Qarabağ problemi, istərsə də qaçqın və məcburi köçkünlərin ağır həyat şəraiti barədə müntəzəm olaraq parlamentdə məsələ qaldıran, bu istiqamətdə təkliflər verən millət vəkillərindən biri də Cahangir Hüseynov olub. Deputat kimi fəaliyyət göstərdiyi illərdə qanunverici orqanda qeyd edilən məsələlər ətrafında parlamentdə aparılan müzakirələr, qaldırılan təkliflər barədə sabiq millət vəkili, beynəlxalq hüquq üzrə mütəxəssis, hüquqşünas alimi, Qarabağ müharibəsi veteranı, tədqiqatçı alim Cahangir Hüseynovla söhbətləşdik. Cahangir Hüseynov "OLAYLAR"-a verdiyi müsahibədə beynəlxalq təşkilatların Qarabağ probleminə olan biganəliyindən də danışıb.
-Cahangir müəllim, günümüzdə İslam dünyasında gedən proseslər və müxtəlif ölkələrdə törədilən terror hadisələri haqqında nə deyə bilərsiniz?
-XX əsrdə dünyada iki sistem arasında mübarizə mövcud idi. Kapitalizm (bazar iqtisadiyyatı), sosializm (planlı iqtisadiyyat). Bu iki sistem keçən əsrin 20-ci illərindən əsrin sonuna kimi davam etdi. Ikinci dünya müharibəsi, Varşava müqaviləsi ölkələri, NATO və digər hərbi ittifaqlar yaranmaqla, soyuq müharibə illərində bu, daha da kəskinləşdi. Dünyanın üçdə bir hissəsində sosializm ideologiyası öz təsirini şəxsi mülkiyyəti ləğv etmək, dinsizlik, planlı iqtisadiyyat yaradıb insan təfəkkürünün inkişafına mane olmaqla bəşəriyyətin təkamülünə çox böyük ziyan vurdu. Həm SSRİ-də, həm Şərqi Avropa, Çin, Monqolustan, Şimali Afrika, ərəb ölkələrində, həm də Amerikada Kubanın timsalında bunları göstərmək olar. Kuba inqilabı adı ilə soyuq müharibəyə dünyanı sürükləyən SSRİ bugünki Kubanın timsalında heç nəyə nail ola bilmədi. Amerika qitəsində öz iqtisadiyyatı ilə ən geridə qalan ölkə olan Kuba yenidən Amerikaya və bazar iqtisadiyyatına keçməklə özünün yenicə qurtuluş yolunu tapmağa çalışır. Bu gün də rus dövləti həmin ideologiyadan və nostalgiya hisslərindən əl çəkə bilmir. Yenə də cahillikdən savadsızlıqdan, avtoritar rejimdən əziyyət çəkən dövlətlərdə öz sovet ideologiyaları və sistemlərinə uyğun olaraq, oradakı dini qurumlar, məzhəb ayrılığı və başqa siyasi amillərdən istiafdə edərək, millətlər arasında müharibələr yaratmaqla məşğuldur. İstər ərəb ölkələrində, istərsə də Türkiyədə PKK kimi terror təşkilatlarının yaranmasında vurğuladığımız sosialist rus sisteminin rolu hamıya məlumdur. Dünyada silah satışı və istehsalına görə fərqlənən Rusiya demək olar ki, həmin dövlətlərin daxilindəki qurumları qanuni və ya qanunsuz yollarla silahla təmin edir. Həmçinin həmin ərazidə olan avtoritar rejimləri müdafiə etməklə, İraq, Suriya, Liviyada öz totalitar sovet rejiminin yenidən cücərəcəyinə və inkişaf edəcəyinə əmin olmaqla bu savaş ocaqlarını yaradır və qıcıqlandırırlar. 70-ci illərdə Vyetnam, 80-cı illərdə Əfqanıstana, bu gün də Suriya, İraq, hətta Krıma girərək, Donbasda və Loqanskda böyük müharibə ocaqları yaratmaqla bəşəriyyətin inkişafına mane olmağa çalışır. Müxtəlif bəhanələr ilə Amerika, Avropa, indi isə Türkiyə və başqa dövlətlərlə soyuq müharibələri qızışdırmaqla həm öz millətlərinə, həm də onların yolu ilə gedən dövlət və millətlərə böyük mənəvi, maddi, siyasi zərbələr vurmaqda davam edir.
-Məlum olduğu kimi Cənab Prezident 2016 ci il "Multikulturalizm ili" elan edib. Bunu necə dəyərləndirirsiniz?
-Azərbaycan tolerant bir dövlətdir. Azərbaycan ərazisində bir sıra xalqlar, müxtəlif dinə mənsub olan insanlar uzun illər bir yerdə yaşamış, bu gün də yaşamaqdadırlar. Heç bir zaman Azərbaycan ərazisində dini milli ayrıseçkilik olmayıb. Bir daha vurğulayıram ki, erməni milləti əsrlər boyu yaşadıqları ərazilərdə heç bir başqa millət və dinlə uyğun gəlməyib, bunun da bəlalarını elə bu gün özləri çəkirlər. Bircə onu demək kifayətdir ki, bu gün Ermənistan ərazisində bir dənə də olsun başqa dövlətin, millətin nümayəndəsi qalmayıb. Ermənilər yüz minlərlə azərbaycanlı əhali ilə yanaşı xristian dininə mənsub olan rusları, gürcüləri, ukraynalıları da öz ərazilərindən kənarlaşdırıblar. Bu erməni xislətidir. Onun acı nəticələri də onlara dərs olmur. Azərbaycan ərazisində yaşayan bütün millətlər və dinlər üçünsə heç bir ayrıseçkilik qoyulmayıb. Məhz buna görə, cənab Prezident İlham Əliyev 2016-cı ili "Multikulturalizm ili" elan etməklə, bir daha dünyaya bəyan etdi ki, bizim respublikamızda yaşayan bütün millətlər və dinlər bərabərdirlər. Bir o faktı deyə bilərəm ki, Azərbaycan Respublikasında 30 mindən yuxarı erməni millətinə mənsub olan insanlar bu gün də yaşayırlar.
-Bəs İslam ölkələrini bürüyən bu problemləri necə aradan qaldırmaq olar?
-İslam dini dünya dinləri arasında ən sonuncu və ən mütərəqqi dindir. Sonuncu Peyğəmbər Məhəmməd tərəfindən əsası qoyulmuş bu din dünya sivilizasiyası, mədəniyyəti, dünya ictimaiyyətinə əvəzolunmaz böyük töhfələr verib. Lakin dini bilməməzlik, dinin inkişafının qarşısının alınması bu gün İslam dinində müxtəlif neqativ hadisələrin əmələ gəlməsinə səbəb olub. Savadsızlıq, dünya elmlərini öyrənməmək, cahillikdə qalmaq, bəzi dövlətlərin siyasəti olub ki, bunun da ağır nəticələri XXI əsrdə özünü göstərməkdədir. Belə ki, İranda İslam inqilabı, İraq, Suriya, Əfqanıstan, Pakistan, Liviyada gedən son hadisələr hamımıza məlumdur. İnsanların köləlikdə saxlanılması, gender hüquqlarının pozulması, savadsızlıq, qadınların kütləvi işsizliyi, avamlığı bugünki ərəb islam aləmində yığılıb qalmış problemləri üzə çıxarıb. Bu gün vurğuladığım həmin ölkələrdən milyonlarla insan cəhalətdən qurtulmaq uçün hər hansı vasitədən istifadə etməklə, xristian Avropa ölkələrinə köç edir. Bundan böyük faciə ola bilərmi ?! Hesab edirəm ki, bunun kökləri araşdırılmalı, İslam dinini inkişaf etdirməli, qadın hüquiqları genişləndirilməli, gender bərabərliyi təmin olunmalı və tezliklə bu problemlər haqqında İslam ölkələrinin əməkdaşlıq konfransında, İslamın mərkəzi olan Məkkə və Mədinədə təkliflər hazırlanmalı, bununla da dünyanı, bəşəriyyəti xilas etməliyik. İslam ölkələrinin əməkdaşlıqları genişləndirilməli, musəlman aləmi bu cəhalətdən xilas olmalıdır. Bunun da əsasında düzgün dövlət seçimi, düzgün təhsil, dünya elmləri ilə dünya dinlərinin düzgün tədrisi dayanır.
-Cahangir müəllim, siz ikinci çağırış Milli Məclisdə fəaliyyətiniz dövründə bir sıra qanun layihələrinin hazırlanmasında da yaxından iştirak etmisiniz. Milli Məclisdəki fəaliyyətinizə qısa nəzər yetirmək istərdik.
-2000-2005 ci illərdə ikinci çağırış Milli Məclisdə Dövlət quruculuğu və hüquq komissiyasının sədr müavini olmaqla bir sıra qanunların hazırlanmasında təkliflərlə çıxış etmişəm. Prokurorluq orqanlarında qulluq keçmə, məhkəmə qərarlarının icrası, ombudsman, daxili işlər orqanlarında xidmət keçmə, konstitusiya məhkəməsi, məhkəmə hüquq şurası, vergilər məcəlləsi, seçki məcəlləsi, gömrük komitəsi və s. qanunların hazırlanmasında və müzakirəsində yaxından iştirak etmişəm. Bir sıra təklif və tövsiyyələrim qanunlarda qəbul olunub.
-Adətən Milli Məclisdə çıxışlarınız zamanı təhsil və səhiyyə məsələlərinə geniş yer ayırırdınız. Sizcə, qeyd edilən sahələrdə daha ciddi uğurlar əldə etmək üçün nələr etmək lazımdır?
-Bəli. Çünki bütün bəlaların açarı təhsildədir. Sovet sistemi Azərbaycanda təhsili nə qədər inkişaf etdirsə də, sovet ideologiyası həmin təhsil sisteminin müsbət tərəflərini də cılızlaşdırdı. Heç bir vətəndaş bu sistemdən kənarda qalmalı deyil. Yeniyetmə uşaqlar 5 yaşlarından 12 illik təhsil sisteminin sonuna kimi bu sistemdən bəhrələnməlidir. Məktəblərdə uşaqlar qabiliyyətlərinə görə, bölünməlidir. Yüksk qabiliyyətli uşaqlar bir təhsil sistemində, orta qabiliyyətli uşaqlar digər təhsil sistemində, aşağı qabiliyyətli usaqlar isə üçüncü təhsil sistemində sona kimi təhsillərini davam etdirməlidirlər. Natamam orta təhsil aşağı qrup səviyyəli şagirdləri əhatə etməli və onlar istədiklərinə uyğun olaraq peşə lisey təhsillərini davam etdirməlidirlər. Yuxarı səviyyəli şagirdlərin isə təhsilləri bakalavr və magistr dərəcələri ilə təmin olunmalıdır. Elmlər Akademiyasının magistr təhsil ocağı olmalıdır. Düşünürəm ki, xarici təhsil sistemindən istifadə edilməlidir. Birinci növbədə isə Türkiyənin təhsil sistemindən bəhrələnmək olar. Bu gün dünyada ən aparıcı təhsil sistemlərindən biri Türkiyədədir. Şagirdlərin test imtahan proqramı ilə vətənpərvərlik hissləri, təhsil və tərbiyə almasında Türkiyənin böyül təcrübəsi var. Biz bundan bəhrələnməyi bacarmalıyıq. Təhsil ocaqlarının əksəriyyəti demək olar ki, özəlləşmə sisteminə uyğun olaraq özəlləşdirilməlidir. Həmçinin məktəbəqədər ibtidai, natamam, orta təhsil müəssisələrinin 5-10 il ərzində proqrama uyğun olaraq əksər hissəsi özəlləşdirilməlidir. Özəlləşmə qanunlarında əsaslı islahatlar aparılmalı, birinci növbədə məktəb kollektivləri, təhsilə, elmə və onun inkişafına maraqlı olan insanlara özəlləşmə təklif olunmalıdır. Yeri gələrsə, neft fondundan bu özəlləşmə üçün müxtəlif investisiyalar qoyulmalıdır. Bu sahə üçün uzunmüddətli güzəştli şərtlər ilə kreditlər tətbiq edilməlidir. Belə olan halda təhsil müəssisələrinin maddi- texniki bazaları artar, müəllimlərin əmək haqqları çoxalar, şagirdlərin də elmə, təhsilə marağı güclənər. Bununla da biz öz ənənələrimizi, mədəniyyətimizi qorumaqla Avropa elminə inteqrasiya edər, geridə qalan cəhalətli insanları da bu hisslərdən kənarlaşdıra bilərik. Səhiyyə sahəsinə gəlincə isə, sağlamlıq insanın ən vacib nemətidir. Sağlam olmayan insan heç nəyə nail ola bilməz. Sağlamlığın keşiyində durmaq isə səhiyyə təşkilatlarının vəzifə və borcudur. Hesab edirəm ki, hər bir genetik xəstəliklər tətqiq olunmalı, yoluxucu xəstəliklərin qarşısı alınmalıdır. Əlil və fiziki cəhətdən qüsurlu insanlara isə böyük qayğı göstərilməlidir. Bu sahə də bazar iqtisadiyyatı qanunlarına uyğun olaraq özəlləşdirilməlidir. Səhiyyə ocaqları da təhsildə olduğu kimi 50-70 faizi özəlləşdirilməyə çıxarılmalıdır. Bu özəlləşdirmə də həmin səhiyyə təşkilatları arasında aparılmalıdır. Dövlət idarəçiliyində qalan təhsil və səhiyyə sistemləri yalnız xüsusi təyinatlı sahələrə xüsusi imtiyazlı şəxslərə və təqaüdçülərə, fiziki cəhətdən məhdud olan insanlara aid olmalıdır. Belə olarsa, tezliklə milyonlarla xərc çəkilmiş səhiyyə ocaqları və onların avadanlıqları qorunacaq, orada ixtisaslı peşəkar həkimlər calışacaq və əhalimizin sağlamlığı təmin olunacaq. Həmçinin bu sahə üzrə xaricə axan milyonlarla vəsaitin qarşısı alınacaq.
Süleyman İsmayılbəyli
Ardı növbəti sayımızda
Müsahibənin I bölməsini bu linklərdən oxuya bilərsiz:
http://olaylar.az/news/interview/166211
http://olaylar.az/news/interview/166862
http://olaylar.az/news/interview/167047
http://olaylar.az/news/interview/166436