Bir tarixin salnaməsi

“Birləşməsək xalq bizi bağışlamaz!”

II bölüm

Cahangir Hüseynov: "Cənab prezidentimizin apardığı məqsədyönlü siyasət nəticəsində bu gün dünya ölkələrinin əksəriyyəti Azərbaycanın ərazi bütövlüyünü tanıyır və onu dəstəkləyirlər"

Əvvəli 16-18 aprel tarixli sayımızda

Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsi, onun həlli yolları, eləcə də bu münaqişə nəticəsində 1 milyona yaxın qaçqın və məcburi köçkünün öz yurd-yuvalarından didərgin düşərək çətin şərtlər altında yaşaması, bunun çıxış yolları zaman-zaman Milli Məclisdə müzakirə mövzusu olub. Demək olar ki, parlamentin hər bir iclasında diqqət yetirilən bu məsələlərlə bağlı hətta ümummilli lider Heydər Əliyevin iştirakı ilə 2001-ci ildə qanunverici orqanda siyasi partiya rəhbərləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə iclas da keçirilib. İstər Dağlıq Qarabağ problemi, istərsə də qaçqın və məcburi köçkünlərin ağır həyat şəraiti barədə müntəzəm olaraq parlamentdə məsələ qaldıran, bu istiqamətdə təkliflər verən millət vəkillərindən biri də Cahangir Hüseynov olub. Deputat kimi fəaliyyət göstərdiyi illərdə qanunverici orqanda qeyd edilən məsələlər ətrafında parlamentdə aparılan müzakirələr, qaldırılan təkliflər barədə sabiq millət vəkili, beynəlxalq hüquq üzrə mütəxəssis, hüquqşünas alimi, Qarabağ müharibəsi veteranı, tədqiqatçı alim Cahangir Hüseynovla söhbətləşdik. Cahangir Hüseynov "OLAYLAR"-a verdiyi müsahibədə beynəlxalq təşkilatların Qarabağ probleminə olan biganəliyindən də danışıb.

-Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı beynəlxalq birlik kifayət qədər məlumatlandırılıbmı və dünya birliyinin bu məsələyə mövqeyi necədir?

-25 ildən artıqdır ki, ermənilər torpaqlarımızı qəsb ediblər. Bu günə kimi 30 minə yaxın şəhid verilib, 100 milyardlarla manat dəyərində Azərbaycana ziyan vurulub, 1 milyona yaxın soydaşımız qaçqın və məcburi köçkünə çevrilib. Onların ev-eşikləri və bütün kommunikasiya xəttləri dağıdılıb. Tarixi mədəniyyət abidələrimiz məhv edilib. Meşələrimiz viran olunub. Su hövzələrimiz bu günə qədər tullantılarla zəhərlənir. Qızıl yataqlarımız, mineral sularımız istismar olunub. Hətta
Ermənistan Metsamor Atom Elektrik Stansiyasının tullantılarını bizim torpaqlarda basdırmaqla yüz illərə qədər Azərbaycanın ekologiyasına, fauna, florasına ziyan vurulub. Həmçinin, 22 ildir ki atəşkəs müqaviləsi bağlanmasına baxmayaraq, demək olar ki, hər gün erməni təxribatçıları atəşkəs rejimini pozmaqla iki mindən yuxarı əsgərimiz, onlarla mülki vətəndaşımızın həyatlarına qəsd edilib, yüzlərlə insanın səhhətinə, əmlakına ziyan vurulub. Bu 25 il ərzində Ulu Öndərimiz Heydər Əliyev və cənab prezidentimiz İlham Əliyev dünyanın müxtəlif ölkələrində görüşlər keçirib, diplomatik danışıqlar aparıb, beynəlxalq təşkilatlarda haqlı mövqeyimizi səsləndiriblər. Bir müddət əvvəl ABŞ da keçirilən Nuvə Təhlükəsizliyi Sammitində cənab prezidentin bütün görüşlərində bu problemi qaldırılıb. Həmçinin həftə sonu İstanbulda İslam Əməkdaşlıq konfransında da Prezidentimiz bu məsələ ilə bağlı bir daha konfrans iştirakçılarına ətraflı məlumat verib. Hətta qardaşTürkiyə Respublikasının prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu da dəfələrlə beynəlxalq təşkilatlarda Qarabağ məsələsi barədə öz mövqelərini ortaya qoyub, hər zaman Azərbaycanın yanında olacaqlarını bəyan ediblər. Dünya ölkələrinin təzyiqinə baxmayaraq, Türkiyə Respublikasının Ermənistanla sərhədləri bu gün də bağladır və qardaş ölkə işğal altında olan ərazilər azad edilməyənə qədər Ermənistanla sərhədləri açmayacağını açıq şəkildə bəyan edib. Cənab prezidentimizin apardığı məqsədyönlü siyasət nəticəsində bu gün dünya ölkələrinin əksəriyyəti Azərbaycanın ərazi bütövlüyünü tanıyır və onu dəstəkləyirlər.

-Bəs ermənilərin Azərbaycana qarşı həyata keçirdiyi cinayət əməllərini sübuta yetirmək, onların layiq olduqları cəzanı ala bilmələri üçün beynəlxalq müstəvidə hansı işləri görməliyik?

-Ermənilərin törətdiyi cinayət əməlləri barəsində bu günə qədər hüquq müstəvisində demək olar ki, biz heç nəyə nail ola bilməmişik. Respublikamızda cinayətkarlığa qarşı mübarizə prokurorluq orqanlarına həvalə edilib. Azərbaycan Cinayət Məcəlləsində də dövlət hakimiyyəti əleyhinə olan cinayətlər, hərbi cinayətlər, insan həyatına və sağlamlığına qarşı olan cinayətlər cinayət prosesSual məcəlləsinə uyğun olaraq prokurorluq orqanlarına aid edilİB. Hazirda respublikamızın Prokurorluq orqanlarında 3 mindən artıq səriştəli hüquqşünaslar çalışır. Onlar respublikanın bütün imtiyazlarından səmərəli şəkildə bəhrələnirlər. Bəs bu illər ərzində Respublika Prokurorluğu ermənilərin törətdiyi cinayət əməlləri ilə bağlı hansı cinayət işini açıb və onu tamamlaya bilib? Dəqiq deyə bilərəm ki, heç birini. Təkcə bir məqama diqqət yetirmək istəyirəm. Nə üçün Xocalıda ermənilər tərəfindən yüzlərlə insanın qətlə yetirilməsi barədə qaldırılan cinayət işi,
onun nəticələri barədə respublika ictimaiyyətinə məlumat verilmir? Hadisə Azərbaycan ərazisində baş verib və onu da törədənlər Azərbaycan ərazisində yaşayan ermənilər olub. Bəs nə üçün bu istiqamətdə ciddi addımlar atılıb nəticə əldə edilmir? Məgər bunun da istintaqını ATƏT, Avropa Məhkəməsi, İnterpol və ya Ermənistan hüquq-mühafizə orqanları aparmalıdır? Həmin işin istintaqının aparılması birbaşa Respublika Prokurorluğunun səlahiyyətində olan məsələdir. Hər hansı bir xırda cinayətə görə aylarla, bəzən isə illərlə istintaq aparan Respublika Prokurorluğu nə üçün ermənilərin cinayət əməlləri ilə bağlı bir hadisənin belə istintaqını apara bilmir. Yaxud 1991-ci ilin noyabr ayında baş verən vertolyot qəzası. Həmin hadisə ilə bağlı Respublika Prokurorluğu nə iş görüb?. Ortada bir dənə də fakt yoxdur. Cinayət işi başlandı, sonradan isə arxivə verildi. Axı belə olmaz. Və ya ermənilər tərəfindən Bakıda metro nəqliyyatında, avtobuslarda və s. törədilən onlarla terror aktlarını qeyd edə bilərəm. Nəyə görə Serj Sərkisyan, Robert Köçəryan, eləcə də digər erməni cinayətkarları bu günə qədər İnterpola verilməyib?. Onları tutub gətirmək mümkün olmasa da, lakin bununla nüfuzlarına ciddi zərbə vurula bilərdi. Respublika Prokurorluğunun ermənilərlə bağlı apardığı cinayət işlərindən hansı biri Haaqa Məhkəməsi, Avropa İnsan Hüquqları Məhkəməsi və ya digər instansiyalara göndərilib. Lap elə aprelin əvvəllərində təmas xəttində baş verən hadisələrə diqqət edək. Məlumdur ki, aprelin ilk günlərində baş verən erməni təxribatı nəticəsində onlarla şəhid verdik, yüzlərlə ev, iaşə obyekti və ictimai bina ermənilərin artileriya zərbələrindən yararsız vəziyyətə düşdü. Mülki əhalimizdən də zərər çəkənlər oldu. Bəs nə üçün hadisə yerlərinə Baş Prokurorluğun əməkdaşları getmir? Mənim xatirimdədir ki, 1991-ci ildə parlamentdə Respublika Prokurorluğunun əməkdaşı Şükür Rzayevin Xankəndində əsir götürüldüyü bildirildi. Dərhal o zaman Respublika Prokuroru olan mərhum İsmət Qayıbov parlamentdə yerindən qalxdı və məsələni araşdırmaq üçün Xankəndinə gedəcəyini bildirdi. Mən ona mane olub Əməliyyat İstintaq Qrupunun hadisə yerinə getməsini təklif etsəm də, İsmət Qayıbov buna qəti etiraz edərək hadisə yerinə özünün getməli olduğunu bildirdi. Dediyim odur ki, nə üçün bu gün Prokurorluq işçilərindən bir nəfəri belə olsun hadisə yerində yoxdur. Hətta heç bir istintaq işi də aparılmır. Sanki hesab edirik ki, ermənilərə bəraət qazandırmalıyıq. Məgər bunu gəlib ATƏT-in Minsk qrupu etməlidir? Həmsədrlərin işi yalnız ondan ibarətdir ki, hansısa yolla status-kvonu saxlasınlar. Nəticə etibarilə ermənilər Azərbaycan torpaqlarında tamamilə oturuşub bura sahib çıxsınlar. Artıq bəsdir. Beynəlxalq hüquq məsələləri üzrə ekspert, uzun illər istintaq-əməliyyat sahəsində işləmiş, tətqiqatçı-alim, hüquqşünas kimi hesab edirəm ki, Respublika Prokurorluğu bu barədə sözünü deməlidir. Yalnız kabinetlərdə oturmaqla hadisələri televiziyalardan izləməli deyillər. Prokurorluq işçilərinin xidmət keçmək haqqında əsasnaməsini 2001-ci ilin iyun ayında Milli Məclisə mən təqdim
etmişəm. O zaman, Zakir Qaralov məndən xahiş etdi ki, həmin sənədi birinci oxunuşda müzakirəyə çıxararaq qəbul edək ki, Qarabağdakı hadisələrlə daha ciddi məşğul ola bilək. Amma əslində həmin qanun Milli Məclisin daxili nizamnaməsinə əsasən, 3 oxunuşda, 6 ay müddətində qəbul olunmalı idi. Qanunda hər maddə ayrı-ayrılıqda müzakirə olunub, səsə qoyulmalı idi. Bu qanunda prokurorluq işçilərinin sosial müdafiəsi, maddi təminatı əksini tapırdı. Xüsusilə, 33 maddədən ibarət həmin əsasnamə onlara geniş hüquqlar və səlahiyyətlər verirdi. Həmin əsasnamədə prokurorluq işçilərinə çox yüksək statuslar verilməklə yanaşı, onların əmək haqqları da bütün icra strukturundan hətta məhkəmə hakimiyyətinin və Milli Məclisin deputatlarının əmək haqqlarından artıq əmək haqqı nəzərdə tutulurdu. Mən də Milli Məclisin deputatlarından xahiş etdim ki, ilk oxunuşla bu qanunu qəbul, prokurorluq orqanları geniş səlahiyyətlər və imtiyazlara sahib olsunlar, onlar da Dağlıq Qarabağda törədilən erməni cinayətlərinin istintaqını daha operativ apara bilsinlər. Lakin onlar nə etdilər?! Qarabağ probleminin həlli istiqamətində hansı işlər gördülər?! Aradan 15 il keçsə də, Respublika Prokurorluğu Qarabağla əlaqədar heç bir iş görməyib. Prokurorluq orqanları yalnız xırda cinayət işlərini aparmaqla məşğuldurlar. "Günəşli" yatağında baş verən hadisə, Beynəlxalq Bankdakı maliyyə fırıldaqları, Milli Təhlükəsizlik Nazirliyində olan biabırçılıqlar, binalara üzlüklərinin vurulması ilə bağlı məsələlərdən hansı birinin üstü açılıb? Həmçinin Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı Rail Rzayevin, jurnalist Elmar Hüseynovun qətli, Neft Akademiyasında törədilən qanlı hadisə barədə bu günə qədər də respublika ictimaiyyətinə geniş məlumatlar verilməyib. Son zamanlar respublika iqtisadiyyatında böyük çətinliklər yaşanmaqdadır. Bunun isə əsas səbəbi, respublikada yaranmış mənzil tikinti kooperativləri və onlarla əlbir olan özəl bank sektorlarının fəaliyyətidir. Həmin dairələr ölkədə bütün əməliyyatları xarici valyuta əməliyyatları ilə (dollar) aparmaqla və digər korrupsiya cinayətləri etməklə ölkə iqtisadiyyatına böyük ziyan vurdular. Bu hadisələrin qarşısı vaxtında Baş Prokurorluq tərəfindən alınmalı idi. Nə üçün milyardlarda dollar vəsait Beynəlxalq Bank vasitəsilə respublikadan kənara çıxarılıb mənimsənilməlidir? Məgər prokurorluq işçiləri bunun istintaqını aparıb həmin milyardlarla dollar vəsaiti ölkəyə qaytara biləcəklər? Təbii ki, yox. Məgər prokurorluq işçiləri vaxtında bu cür xoşagəlməz halların qarşısını ala bilməzdilərmi? Axı bu, onların vəzifə borclarıdır.


Süleyman İsmayılbəyli
Ardı növbəti sayımızda

 

Müsahibənin I bölümünü bu linklərdən oxuya bilərsiniz:

http://olaylar.az/news/interview/166211

http://olaylar.az/news/interview/166862

http://olaylar.az/news/interview/167047

http://olaylar.az/news/interview/166436

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31