Azərbaycan Prezidentinin Nüvə Təhlükəsizliyi Sammitində iştirakı mühüm hadisədir
Arzu Nağıyev: “Azərbaycan regionda öz sözünü deyə bilən və mühüm iqtisadi, siyasi və hərbi məsələlərin həllində rəyi nəzərə alınan bir dövlətdir”
28 Mart 2016 13:56 Müsahibə"Məhz buna görə də Birləşmiş Ştatlar Bakı ilə hərtərəfli əlaqə qurmaqda maraqlıdır"
Son aylar Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlərdə bir inkişaf dinamikası müşahidə edilməkdədir. Bir neçə gün əvvəl Birləşmiş Ştatların hərbi rəsmilərinin Azərbaycanda səfərdə olması, eləcə də Vaşinqtonda iki ölkə arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsinə dair keçirilən yüksəksəviyyəli görüşlər, eyni zamanda Ağ Ev rəhbəri Barak Obamanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitinə dəvət etməsi onu deməyə əsas verir ki, Birləşmiş Ştatlar bir çoxlarının dediyinin əksinə olaraq Azərbaycanla əlaqələri inkişaf etdirməyə maraqlıdır və bu istiqamətdə də müvafiq addımlar atılır. Azərbaycan dövlət başçısının amerikalı həmkarının dəvətinə uyğun olaraq bu günlərdə okeanın o tayına səfər etməsi isə iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsinə öz müsbət təsirini göstərə bilər. Elə əksər ekspertlər də bu qənaətdədirlər. Bildirilir ki, Azərbaycan Prezidentinin Birləşmiş Ştatlara səfəri və orada keçirilən görüşlər Cənubi Qafqaz regionunda mövcud olan münaqişələr, xüsusilə Dağlıq Qarabağ probleminin həllinə yadımçı ola bilər. Siyasi ekspert Arzu Nağıyev də Azərbaycan dövlət başçısının Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün Vaşinqtona səfər etməsini yüksək qiymətləndirir və bu səfəri mühüm bir hadisə kimi xarakterizə edir.
-Arzu müəllim, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ştatlara səfərindən gözləntiləriniz nədir?
-Düşünürəm ki, məhz supergüclərin də iştirak edəcəyi və dünya üçün vacib olan Nüvə Təhlükəsizliyi Sammitində Azərbaycan Prezidentinin də iştirakı mühüm bir hadisədir. Cənab İlham Əliyevin bu sahədə görülən işlərlə bağlı çıxışı da maraq doğuran məsələdir. Bundan başqa dövlət başçımızın aparıcı dövlətlərin, o
cümlədən Birləşmiş Ştatların dövlət başçısı və digər rəsmi şəxslərlə görüşü istər regional münaqişələrin, istərsə də həyata keçirilən meqalayihələrin həllinə mühüm töhfə verə bilər.
-Bu səfər Vaşinqtonla Bakı arasında münbasibətlərin inkişaf etdirilməsinə nə dərəcədə müsbət təsir göstərəcək?
-Birləşmiş Ştatlar və Azərbaycan arasındakı münasibətlərdə daima inkişaf olub və düşünürəm ki, bundan sonra da olacaq. Bu gün Azərbaycan regionda öz sözünü deyə bilən və mühüm iqtisadi, siyasi və hərbi məsələlərin həllində rəyi nəzərə alınan bir dövlətdir. Məhz buna görə də Birləşmiş Ştatlar Bakı ilə hərtərəfli əlaqə qurmaqda maraqlıdır. Bu Türkiyə-Rusiya, Suriya, Gürcüstan və digər konfliktli məsələlərin həllində də özünü göstərir. Məhz buna görə də Azərbaycan Prezidentinin Amerika səfəri münasibətlərimizə müsbət təsir göstərəcəkdir.
-Bundan sonra Vaşinqtonun Qarabağ probleminin həllinə olsan marağı arta bilərmi?
-Bidiyiniz kimi bu il Birləşmiş Ştatlarda prezident seçkiləri keçirilməlidir və Barak Obama administrasiyasının rəhbərlikdə müddəti başa çatmaqdadır. Barak Obama və onun komandası özündən sonra gələcək komandaya miras kimi qoyub getdiyi və həllini sona çatdıra bilmədiyi münaqişə ocaqlarında -Türkiyə, Suriya, Ukrayna, Gürcüstan və eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm addımların atılmaması ılə gedir. Sammitdə eyni zamanda Ermənistanın rəhbəri Serj Sərkisyan da iştirak edəcəkdir. Ermənistan mətbuatının yaydığı məlumatlara görə, Azərbaycan Prezidenti İlham Əliyevin Serj Sərkisyanla görüşü də baş tuta bilər və yəqin ki, ABŞ rəsmiləri bu görüşün baş tutmasına maraqlıdırlar. Bu həm regional münaqişələrin həllində ABŞ-ın marağından, regionda planlaşdırılan meqalayihələrin həyata keçirilməsində maraqdan və ən başlıcası nüfuz məsələsindən doğur.
-Bu səfər Amerika Azərbaycan hakimiyyətini qəbul etmir söyləyənlərə bir cavab ola bilərmi?
-Düşünürəm ki, bu şaiyələrdən başqa bir şey deyil və bunun yayılmasında maraqlı olan dövlətlər və ona qulluq edən qurum və təşkilatlar var. Bu gün demək olar ki, ortada olan və narazılığa səbəb olan əsas məsələlər aradan qaldırılıb və buna qayıtmaqda lüzum da yoxdur. Bu gün Azərbaycanın apardığı siyasət müstəqildir və göründüyü kimi bu çox düzgün bir istiqamətdir. İradlara gəldikdə isə bu məsələlər söz-söhbətlərdən o yana keçməyən, hüquqi əsası olmayan və faktlara söykənməyən danışıqlardır. Məhz buna görə də bu səfər həmin şayiələri yayan dairələrə tutarlı bir cavab ola bilər.
Süleyman İsmayılbəyli