PKK-nı dəstəkləyən ölkələr məqsədlərinə çatmayacaqlar
Hasan Oktay: “PKK özü ilə bərabər ona dəstək olan ölkələrə də böyük zərər verəcək”
14 Mart 2016 13:26 Müsahibə"Türkiyə nə terrora qarşı mübarizədə, nə də PKK-nın üsyanlarından dolayı geri addım atmaz və gücsüz duruma düşməz"
Türkiyə ötən gün yenə dəhşətli terror aksiyası ilə qarşılaşdı. Bir müddət əvvəl Ankarada baş verən terror aktının acısı soyumamış qardaş ölkənin paytaxtı daha bir xain hücuma məruz qaldı. İlkin məlumatlara əsasən terror aksiyası zamanı 37 nəfərə yaxın insan həlak olub, 100-dən çox yaralı qeydə alınıb. Maraqlı məqamlardan biri ondan ibarətdir ki, bu dəfə də terror Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana nəzərdə tutulan səfərinə bir gün qalmış baş verib. Məlumat üçün qeyd edək ki, keçən ay Ankarada baş verən terror aksiyasından bir gün sonra da Ərdoğan Azərbaycana səfərə gələcəkdi. Lakin qanlı olay Türkiyə prezidentinin səfərini təxirə saldı. Ankarada baş verən hər iki terrorun Türkiyə prezidentinin Azərbaycana səfərinə bir gün qalmış reallaşdırılması onu deməyə əsas verir ki, Ankara ilə Bakı arasında münasibətlərin bir qədər inkişaf etdirilməsindən ciddi narahatçılıq keçirən qüvvələr var. Bəs görəsən bu barədə Türkiyədə nə düşünürlər? Türkiyədə baş verən terror aksiyaları nəyə hesablanıb və qardaş ölkəni bu cür terraktlarla geri çəkilməyə məcbur edə biləcəklərmi? Bu və digər suallarla bağlı Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFQASSAM) sədri Hasan Oktayla söhbətləşdik.
-Hasan bəy, Ankarada baş verən terror yenə prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ərəfəsinə təsadüf etdi. Sizcə bunlar planlı şəkildə baş verir, yoxsa təsadüfdür?
-Ankarada son 5 ayda 3 böyük terror aksiyası həyata keçirilib. Bu terraktlar Türkiyənin Suriya siyasəti ilə bağlıdır. Türkiyə höküməti Suriyada nə anlama gəldiyini bilmədiyi bir siyasət həyata keçirdi və indi də onun cəzasını çəkir. Türkiyə Suriyaya çevrildi. Suriyada Türkiyənin sahib olmaq istədiyi rolu İran-Rusiya bloku əldə etdi. O ki qaldı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri ərəfəsində belə bir terror aktlarının həyata keçirilməsinə, bəlkə bu təsadüfdür. Amma onun arxasında gizlənən bəzi məqamları da nəzərdən keçirmək lazımdır. Əgər Rusiya-İran bloku Suriyada Türkiyəyə verilən səlahiyyətə sahib olubsa, o halda bölgədə müharibəni gözləmək lazımdır. Hazırda Ərdoğanın Azərbaycan səfəri ən azı bir il ertələnməlidir. Çünki Ərdoğan İran və Rusiyanın təsirindən dolayı bu coğrafiyaya səfər etməməlidir. Hətta Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd cəhdi də ola bilər. Özü də həmin sui-qəsd təkcə xarici səfərlər də deyil, elə Türkiyənin daxilində də baş verə bilər.
-Belə çıxır ki, bəzi güclər Türkiyə ilə Azərbaycanın yaxınlaşmasına qarşıdır.
-Ankarada Ədalət və İnkişaf Partiyası hakimiyyətə gəldiyindən indiyə qədər 5 böyük terror aksiyası həyata keçirilib. Türkiyə xüsusilə Suriya siyasətinin iflası nəticəsində hədəf ölkə halına gəlib. Dolayısı ilə bu siyasət nəticəsində Türkiyə ilə bərabər onun bütün dost və müttəfiqləri də təhlükə ilə üzləşə bilər. Bu mənada Türkiyə-Azərbaycan əlaqələrinin korlanması üçün hətta bütün dünya birlikdə çalışa bilər. Keçən ilin sonlarında Rusiyaya məxsus qırıcı təyyarənin Türkiyə hava sərhəddini pozmasından dolayı vurulmasından keçən müddət ərzində Ankara Rusiya ilə münasibətləri normallaşdırmağa ciddi cəhd etmədi. Hətta türk dünyasının bu böhranın aradan qaldırılması üçün vasitəçi olması zərurəti meydana çıxdığı halda baş nazir Əhməd Davudoğlu Bakıya səfəri zamanı Rusiyaya qarşı mübarizədə Azərbaycanın dəstəyini istədi. Oxşar xətanı baş nazir bu günlərdə Qazaxıstan səfərində təkrarladı. Belə ki, bu ölkənin prezidenti Nursultan Nazarbayevlə görüşdə baş nazir Astananın dəstəyini qazanmağa çalışsa da, Qazaxıstan prezidenti bu prosesə yalnız vasitəçi kimi qatıla biləcəklərini vurğuladı. Bir sözlə Türkiyə hökuməti xarici siyasətdəki uğursuzluğunu Türk dünyasına çıxartmağa çalışır ki, bunun da qarşısını almaq lazımdır. Ona görə də Azərbaycan bu günlərdə çətin bir imtahandan keçəcək.
-Terraktlar Türkiyəni müəyyən mənada geri addım atmağa sövq edə bilərmi?
- Türkiyəni haqlı olduğu mübarizədə heç bir qüvvə geri addım atmağa vadar edə bilməz. Ancak AKP höküməti yol verdiyi yanlış siyasət səbəbindən Türkiyə çətin günlər yaşamaqdadır. Türkiyə Suriya məsələsində həyata keçirdiyi siyasətin cəzasını ağır ödəyəcək. Artıq PKK üsyan bayrağını açıb. Ərdoğan hökümətinin Suriya siyasəti yanlış olduğu kimi, PKK-nın hazırda Türkiyədə həyata keçirməyə çalışdığı terror aksiyaları da yanlışdır. PKK özü ilə bərabər ona dəstək olan ölkələrə də böyük zərər verəcək. Ancaq PKK-nı dəstəkləyən ölkələr məqsədlərinə çatmayacaqlar. Türkiyə nə terrora qarşı mübarizədə, nə də PKK-nın üsyanlarından dolayı geri addım atmaz və güçsüz duruma düşməz.
-Qarşıdakı zamanda Türkiyəni nə gözləyir?
-Türkiyəni qısa zaman içərisində çətin günlər gözləyir. Amma bu günlər də çox qısa sürəcək. Çünki Türkiyə bu çətinlikləri dəf etmək gücündədir. Bütün cəhdlərə baxmayaraq Türkiyə ayaqda qalacaq və qısa zamanda toparlana biləcək. Amma AKP hökuməti, eləcə də Ərdoğan üçün hər keçən gün həyat daha da çətinləşəcək.
-Bəs beynəlxalq güclər nə üçün Türkiyədə baş verən terror aksiyalarına qarşı səssizlik nümayiş etdirir?
-Böyük güclər terror aksiyaları vasitəsilə türk idarəçilərini tərbiyə edə biləcəklərini düşünürlər. Ona görə də terrorun arxasında gozlənərək Türkiyəni cəzalandırmaq yolunu seçiblər. Türk idarəçilər bu vəziyyəti yaxşı görüb ona uyğun davranış ortaya qoymalıdırlar.
Süleyman İsmayılbəyli