AXCP və Müsavat hesab edir ki... - MÜSAHİBƏ
Əhməd Oruc: “Müxalifətdə də inhisarçılıq prosesi aparmaq olar”
7 Sentyabr 2012 15:00 Müsahibə"Həmin partiyaların niyyəti onları qeyri-ciddi vəziyyətə salır"
Demokratik Qüvvələrin Məşvərət Məclisinin son toplantılarına da Azərbaycan Xalq Cəbhəsi və Müsavat Partiyasının qatılmaması həmin partiyalar barədə mənfi mövqeyin formalaşmasına səbəb olub. Məşvərət Məclisində təmsil olunan bəzi siyasi qüvvələr AXCP və Müsavatı müxalifətin birliyinə mane olmaqda günahlandırıb. Azadlıq Partiyasının sədri Əhməd Oruc da "OLAYLAR"-a verdiyi müsahibədə adıçəkilən partiyaların müxalifətdaxili parçalanma mövqeyi ortaya qoyduqlarını söyləyib. Partiya sədri müxalifət daxilində gedən proseslərdən də danışıb.
-Əhməd bəy, Azərbaycan Xalq Cəbhəsi və Müsavat Partiyasının Demokratik Qüvvələrin Məşvərət Məclisinə qoşulmamasını necə dəyərləndirirsiniz? Adıçəkilən partiyaların ortaya qoymuş olduğu mövqe "AXCP və Müsavat müxalifətin birliyinin əleyhinədir" fikrini təsdiqləmiş olurmu?
-Burada əsas məqam Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partoiyasının indiyə qədər uzun müddət ərzində özlərini müxalifətin əsas təmsilçisi kimi görməyi ilə bağlıdır. Onlar hesab edirlər ki, müxalifətdə də inhisarçılıq prosesini aparmaq olar. Bunun bariz nümunəsi həmin iki partiyanın ortaya qoymuş olduğu mövqedir. Bu normal məntiq, yanaşmadan irəli gələn bir addım deyil. Ancaq bütün halda biz onlar üçün həmişə qapıları açıq saxlayacağıq. Onlar istədikləri vaxt müxalifətin böyük birliyinə qatıla, üzv, və ya müşahidəçi kimi tədbirlərdə iştirak edə bilərlər. Biz müxalifətin bir arada olmasına çalışacağıq. Çünki bu bizim məqsədimizdir. Adıçəkilən iki partiya isə müxalifətin adından danışmağın yalnız onlara məınsub olduğu fikrindədirlər. Həmin partiyaların bu niyyəti getdikcə onları qeyri-ciddi vəziyyətə gətirir.
-Demokratik Qüvvələrin Məşvərət Məclisi qarşısına qoyduğu məqsəd və vəzifələrə nə dərəcədə nail ola biləcək?
-Bununla bağlı sentyabrın 14-də bizim növbəti tədbirimiz olacaq. Həmin tədbirdə bu birliyə daxil olan partiyaların böyük əksəriyyətinin dəstəklədiyi seçki qanununa əsas dəyişikliklər məsələsi ictimaiyyətin müzakirəsinə çıxarılacaq. Biz seçki komissiyalarının prinsipcə yeni bir formada təşkilinin tərəfdarıyıq və bu təkliflə də çıxış edirik. İndiki seçki komissiyalarından fərqli olaraq bizim təklifimizlə yarancaq komissiyaların seçkiləri saxtalaşdırmasının mümkünsüzlüyü variantını ortaya qoyuruq. Ümid edirik ki, həm ölkədə demokratik seçkilərdə maraqlı olan qüvvələr, həm də demokratiya tərəfdarı olan beynəlxalq təmsilçilər bu layihəyə dəstək verəcəklər və biz qarşıdakı müddət ərzində seçki qanununda dəyişikliklərə nail olmağa çalışacağıq.
-Növbəti mərhələlərdə Məşvərət Məclisinin namizədinin müəyyənləşdirilməsi münkün ola bilərmi?
-Biz məşvərət xarakterli bir qrum yaratmışıq. Hansı məsələlərdə əməkdaşlıq etmək mümkündürsə, həmin məsələlər ətrafında əməkdaşlıq etməyi əsas götürərək fəaliyyətə başlamışıq. Çox partiyalar indidən ümid edirlər ki, bu birlik, əməkdaşlıq getdikcə dərinləşcək və sonda prezident seçkilərində vahid komanda şəklində iştirak kimi məsələləri də gündəmə gətirmək mümkün olacaq. Bu məsələlər hələlik ayrı-ayrı partiyaların fikirləridir. Bu Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının mövqeyi deyil. Biz hələlik hamının ortaq, uzlaşan mövqelərini əsas tutaraq fəaliyyət göstəririk. Gələcəkdə daha ciddi məramlarla çıxış etməyi qarşıya məqsəd qoymuşuq.
-Siz dəfələrlə bildirmisiniz ki, hansısa birlik və bloklarla çoxlu sayda partiyanın təmsil olunması zaman keçdikcə fərqli mövqelərin meydana gəlməsinə səbəb olur. Bu baxımdan Məşvərət Məclisində də seçkilər ərəfəsində şəxsi maraqlar baş qaldıra bilərmi?
-Təbii ki, bir neçə partiyanın maraqlarını uzlaşdırmaq daha asandır, nəinki çoxsaylı partiyaların. Ona görə də bu gün biz yalnız hamının ortaq olduğu mövqelərdən çıxış edirik. Seçki qanununa dəyişikliklərə Məşvərət Məclisnə daxil olan bütün partiyalar maraqlıdır və bu məsələni prioritet istiqamət kimi qarşımıza qoymuşuq. Eləcə də Azərbaycanda demokratik seçki mühitinin yaradılmasına hamı maraqlıdır. Bu kimi məsələlərdə maraqlar toqquşmur. Hələlik biz maraqların toqquşmadığı müstəvilərdə fəaliyyət göstərəcəyik. Bir-birimizi daha yaxından tanıyandan, fəaliyyətimizin uzlaşmasına heç bir problemin olmadığına bəlli olandan sonra daha ciddi məqsədləri qarşıya qoyacağıq.
Süleyman İsmayılbəyli