“Bunun kökü ordan gəlir ki, biz dilimizi sevmirik” - Bəxtiyar Sadıqov - MÖVQE

“Ona görə də hökmən bir müvafiq qurum yaranmalıdır”

Müsahibimiz millət vəkili, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovdur
-Bəxtiyar müəllim, bir neçə ay öncə ölkə prezidenti İlham Əliyev "Azərbaycan dilinin qloballaşma şəraitində  zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" Sərəncam imzalayıb.  Sizin bu istiqamətdə konkret təklifləriniz varmı?

- Əvvəla qeyd edim ki, 8 avqust 2012-ci il tarixli "Azərbaycan" qəzetində yazmışam: "Fikrə həyat verən dil". O məqaləmdə  mən bu məsələni bütün genişliyi ilə yazmışam.  Deməli, təkliflərim nədən ibarətdir? Hamısı praktiki təkliflərdir. Bax siz özünüz də jurnalistsiniz, gündəlik qəzetdə, xəbər portalında çalışırsınız. Deyək ki, dil bir canlı orqanizmdir, o daim inkişafda olmalıdır, yeni sözlər daxil olmalıdır. Çünki  biz dünya ilə əlaqəliyik. Azərbaycan dünyaya açıq dövlətdir, ikincisi, yeni-yeni məfhumlar gəlir, yeni-yeni terminlər kəşf olunur, yeni-yeni anlayışlar yaranır dünyanın hər yerində. Biz də dünya ilə təmasdayıq və istəsək də, istəməsək də onları  qəbul etməliyik. Tutaq ki, dünənə qədər biz "araba" sözündən istifadə edirdik, sonra onu "avtomobil"lə əvəzlədik. Hələ dahi Sabirin belə bir misrası da var, o deyir ki : "Əcnəbi göydə balonlarla gəzir, Hələ biz avtomobil minməyiriz".  Yəni, "avtomobil" gəldi bizim həyatımıza, o da xaricdən gəldi.  Bu predmet xaricdən gəldiyi üçün  biz o sözü də xaricdən götürməliyik. İndi burada durub deyəsən ki, hər şey mənim dilimdə var, yox, bu düzgün olmaz. O məfhum, anlayış, termin ki, səndə yoxdur, o məfhumu ifadə edən söz də sənin dilində ola bilməz. Üçüncüsü,  dünənə qədər biz dünya ilə Rusiya, keçmiş SSRİ vasitəsilə əlaqə saxlayırdıq.  Tərcümələr də oradan gəlirdi, dünyaya çıxış oradan idi. Bu gün isə artıq bizim rus dili ilə yox, böyük türk dünyası, türk dili ilə əlaqəmiz var. İngilis dili dünya dili sayılır, çox aktiv işləri dünya dövlətlərinin çoxu onun vasitəsilə yoluna qoyurlar. Demək istəyirəm ki,  artıq dilimizə bir mənbədən yox, üç-dörd mənbədən çoxlu sayda sözlər daxil olub, olur. Bu gün  eyni zamanda, dilin zənginləşməsi ilə bahəm dilin "çirklənməsi" prosesi də gedir. Odur ki, biz  bəzən o sözlər ki, var götürürük dilimizdə ola-ola, bu, düzgün deyil. Görünür bu da ondan irəli gəlir ki, bir az həvəskarıq, həvəsliyik ki, elə biz ingilis sözü işlədək, ondan sonra nə bilim Türkiyə türkcəsində olan sözü işlədək, rusa da ki, bizim həvəsimiz əvvəldən var. Bu baxımdan, dilin qorunması indi daha aktuallıq, daha böyük zərurət kəsb edir. Mətbuat çox çevik bir qurumdur. Dünyada dünən, bu gün nə baş verirsə, biz dərhal çalışırıq ki, onu axşama qədər oxucuya çatdıraq. İndi sayta qoyulur, televiziyada deyilir,  səhərisi gün qəzetdə olur. Yeni anlayış, yeni ifadədir. İndi jurnalistlərin hamısı universal deyil ki, həm rus dilini təmiz bilə, həm ingilis dilini təmiz bilə, həm türk dilini təmiz bilə. Misal üçün deyirəm,  bəzi  sözlər olur  ki, biz rastlaşırıq,  o dili bilmədiyimizə görə, onu dırnaqarasında götürüb olduğu kimi yazırıq. Beləliklə,  biz istər-istəməz dilin "çirklənməsində"  iştirak edirik. Ona görə də hökmən bir qurum yaranmalıdır, çox nüfuzlu, çevik olmalıdır.
-Onun müsbət bir təsiri olacaqmı?
-Hesab edirəm ki, mütləq olacaq. Özü də  bu dil qurumu vaxtaşırı yığışaraq, orada bütün mətbuat orqanları-istər qəzetlər olsun, istər jurnallar olsun, istər xəbər portalları, agentliklər olsun, iştirak etsinlər. Həmçinin, bu qurumun özünün  qəzeti, ayda bir dəfə buraxılan jurnalı olsun. Bax bu cür proseslərə, dilimizə gələn yeni sözlərə münasibət bildirilsin və bilinsin ki, o sözləri biz necə işlətməliyik. Yəni, bu çox vacibdir, mən bunu zəruri hesab edirəm. Ona görə də belə bir qurum yaranmalı və mətbuatla sıx əlaqədə olmalıdır. Çünki yenə qeyd edirəm, dilin ən çevik, ən operativ işləndiyi sahə mətbuatdır, xüsusən çap mediasıdır.
- Paytaxt Bakıda aparılan araşdırmalar nəticəsində məlum olub ki,  özəl uşaq bağçalarında bir dənə olsun belə  Azərbaycan bölməsi, yoxdur hamısı rus və ingilisdilli bölmələrdir. Eyni vəziyyət məktəbəqədər  hazırlıq kurslarında da aşkarlanıb. Siz bu, təhlükəli tendensiyaya necə yanaşırsınız?
- Mən buna çox mənfi yanaşıram. Yeri gəlmişkən, bir müddət öncə Milli Elmlər Akademiyasında dil məsələsi ilə bir necə görüş oldu. Akademik  Kamal Abdulla da məlum sərəncamdan irəli gələn məsələlərin həlli ilə bağlı yaradılan İşçi Qrupunun rəhbəridir. Şəxsən mən özüm də  həmin İşçi Qrupunun təşkil etdiyi görüşün ikisində iştirak etdim. Bir Milli Məclisin deputatları ilə, yəni, dil sahəsində çalışan, humanitar təmayüllü millət vəkilləri, bir də kütləvi informasiya vasitələrinin redaktorları, o sahədə çalışanlarla.  Orada da belə bir fikir səsləndi, mən də o fikrin tərəfdarıyam. Mən də elə hesab edirəm ki, biz öz dilimizi kifayət qədər sevmirik. Onu sevməməyimizin bariz səbəblərindən biri odur ki, biz dilimizi uşaq yaşlarından, yeniyetmə yaşlarından, gənc yaşlarından insanlara sevdirə bilmirik. Dili ifadə etmək, ondan sonra ana dili haqqında gözəl şeirlər əzbərləyib demək azdır. Dili həqiqətən sevmək lazımdır. Onun isə sevdirməyin ilkin mərhələsi uşaq bağçalarıdır.  Görürsünüz, bizim millət elə bilir ki, onun övladı Azərbaycan dilində təmiz bilir, yaxşı bilir, əgər azərbaycanlıdırsa, yaxşı bilir. A kişi, dil ünsiyyətdə inkişaf edir, axı. Dil oxuyursan, təhsil alırsan, dünyagörüşün genişləndikcə, sənin söz ehtiyatın olur, nə bilim lüğət tərkibin zənginləşir. Və bu gün kimlərsə aparıb öz uşağını  uşaq bağçasında rus qruplarına qoyurlar, ingilis qrupuna qoyurlar ki, qoy elə körpəlikdən bu dili  öyrənsinlər. Amma heç bilmirlər  bu uşaq böyüyəndə nə olacaq, bu dili bilmək ona bu qədər, bu dərəcədə  vacibdir, ya yox. Orta məktəb şagirdidir, bağça uşağıdır ingilis dilini, rus dilini bilib nə edəcək, onun nəyinə lazımdır? Əslində öz dilimizi, onu  sevdirməyi  elmi-metodiki cəhətdən işləyib hazırlamaq lazımdır. Psixoloqlar işləməlidir, pedaqoqlar işləməlidir ki, dili sevdirmək üçün nə etmək lazımdır. Sən öz dilini sevsən daim onu qoruyacaqsan, onun "çirklənməyi" ilə daim mübarizə aparacaqsan, çalışacaqsan ki, sənin dilin inkişaf etsin, dünyaya daha zəngin söz ehtiyatı olan dilləri ilə, ən yaxşı dilləri ilə bir səviyyəyə yüksəlsin. Biz bunu etmirik.
- Özəl uşaq bağçaları və məktəbə hazırlıq kursları qarşısında  Azərbaycan bölmələrinin olması məsələsini  bu qurumlara lisenziya verən aidiyyəti təşkilatların özləri  heç olmasa, mütləq şərt kimi qoya bilərlərmi?
-  Bilirsiniz, lisenziyanın özünün tələbləri var, yəni, lisenziya verəndə bəzən o bağçanın daxili işinə xırdalığına qədər qarışmaq olmur, çünki özəl qurumdur. Orada əsas prinsip qoyulur, bir də burada uşaqların normal inkişafı, sağlam böyümələri, o məsələlər vacibdir. Ancaq hökmən bu məsələlərə də baxılmalıdır. Təhsil Nazirliyi baxmalıdır, yoxlamalar keçirməlidir və tamamilə doğru deyirsiniz ki, o tələb də qoyulmalıdır ki, burada uşaqlar birinci sinfə hazırlanarkən təkcə hesab, say öyrədilməsinə yox, dil məsələlərinə də, onun dilinin və təfəkkürünün paralel inkişafına da diqqət yetirilsin.  Bunun hamısının, yenə deyirəm, kökü oradan gəlir ki, biz dilimizi sevmirik. Dilimizi sevsək, o lisenziyanın tələblərindən biri də o olar ki, Azərbaycan dili təmiz öyrədilsin, Azərbaycan dilinin sevdirilməsi ilə bağlı xüsusi məşğələlər hazırlansın və keçirilsin. Yəni, mütəxəssislər yaxşı bilirlər, bağçada müxtəlif əyani vasitələr var, detaktiv məşğələlər var, müxtəlif üsullarla o uşaqlara onlar onu təlqin edirlər. Odur ki,  bunu hökmən etmək lazımdır. Mən də o fikrə şərikəm və hesab edirəm ki, belə də olmalıdır.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31