“Şəhriyarı Şəhriyar olaraq tanıtmaq bizim milli borcumuzdur”
Xalidə Xalid: “Kitabın çap olunması ilə bağlı Türkiyə və Kanadadan təkliflər almışam”
5 Sentyabr 2012 16:59 MüsahibəMüsahibimiz Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi, araşdırmaçı-yazar Xalidə Xaliddir.
-Xalidə xanım, necə oldu ki, elmi araşdırma sahəsində Şəhriyar irsinə müraciət etdiniz?
- 1998-ci ildə Lənkəran Dövlət Universitetində çalışırdım. Elmi işə marağım vardı, həm də dərs deyirdim. Mətbuatla sıx əlaqəm olduğu üçün "Respublika" qəzetinin baş redaktoru Teymur Əhmədovla məsləhətləşməyi qərara aldım. Teymur müəllim mənə Şəhriyar yaradıcılığına müraciət etməyi tövsiyyə etdi. Düzü bir az mənə qəribə gəldi. Çünki, Şəhriyar mənim üçün əlçatmaz bir zirvə idi. Şəhriyarı öyrənmək, Şəhriyarı araşdırmaq çox məsuliyyətli bir iş idi. Teymur müəllimə işin bu cəhətlərini deyəndə o, gülümsəyərərk- qorxma, qızım dedi, əgər istəsən sənə hec nə mane olmaz dedi. "Şəhriyarın "Heydər babaya salam" poemasının ədəbi bədii təsir dairəsi"adlı namizədlik işi götürdüm. İrana getmək imkanlarım məhdud olduğuna görə, orda olan yazar dostlarımızın vasitəsi ilə mənə Şəhriyarla bağlı lazım olan materiallar gəlirdi. Çox materiallar əldə etdim. Belə oldu ki, 2007-ci ildə mən müəyyən səbəblər ucbatından (təbii ki, əgər önəmli problem olmasaydı) bu mövzunun adının dəyişdirilməsini təklif elədim. Çünki Şəhriyarla bağlı qarşıma çox maneələr çıxdı. Bizim bəzi Şəhriyarşünaslarımız mənə qarşı qısqanc mövqe tutdular. Bunun məğzi hələ də mənə aydın deyil.Təkcə mərhum ədəbiyyatşünas alımımız Nazim Rizvandan başqa. O mənə bu işdə ən böyük dəstək idi. Həmişə mənə təsəlli verib deyərdi ki, səbr et, Allah hər kəsin könlünə görə versin. Onun vəfatından sonra mən çox pis oldum, bir müddət özümə gələ bilmədim. Mənə də qəribə gəlir. Şəhriyarla bağlı müəyyən tədbirlər olur. Xəbərim olmur. Bir də baxıram ki, tədbirlər keçirilib. Və ya başqa ölkələrdən Şəhriyarşünas alimlərdən gəlib məni tanıyan insanların qonaqları olurlar. Onlar gedəndən sonra xəbərdar oluram. Amma, mənim xaricdən yazar və ya alim qonaqlarım gələndə düşünürəm ki, bu sahədə bizim dostlardan kim məşğul olur və həmin insanlara telefon açıb xəbər edirəm və onları görüşdürürəm. Bu qısqanclığa nə səbəb var, baxın onu anlaya bilmirəm.Mən hələ bu araşdırmamla bağlı ürəyim istəyən işləri həll edə bilməmişəm. Mənə qarşı qısqanclığa gərək varmı? Türkiyəli ədəbiyyatşünas, tarixçı, yazar Yusif Gədiklinin Şəhriyarla bağlı araşdırmalarımda üstümdə böyük haqqı var. O və qardaşı Fəthi Gədikli Azərbaycan ədəbiyyatının, tarixinin türk dünyasında təmənnasız təbliğatçısıdırlar. Fəthi bəy Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri idi. Türkiyədən əldə etdiyim materialların çox hissəsini məhz Yusif bəy mənə yollayıb. Mən Y.Gədiklinin " Şəhriyar və bütün türkcə şerləri" kitabını bizim türkcəyə uyğunlaşdırdım. Bu kitabın da çap olunmasında Türkiyə səfirliyi mənə yardımçı oldu.
-Şəhriyarla bağlı araşdırmanız hansı səviyyədədir?
-Mənim elmi işim artıq hazırdır. Fəsillərə görə bölgü aparılıb.Şəhriyarın "Heydərbabaya salam" mənzuməsi Türkiyə, İraq-türkmən və Mərkəzi Asiya ölkələrində necə və kimlər tərəfindən araşdırılıb və araşdırılır. Düzdü Mərkəzi Asiya ölkələrində problemlərimiz var. Oradan Şəhriyarla bağlı yetərincə bilgi əldə edə bilməmişəm. Sadəcə Özbəkistandan iki nəzirə əldə edə bilmişəm. Məni bu gün ən çox sıxan, narahat edən Türkmənistandır. Türkmənistanda Şəhriyar demək olar ki, araşdırılmır. Təkcə görkəmli türkmən şairi, Azərbaycanın təmənnasız dostu Oraz Yağmur bəy mənim ricamla "Heydərbabaya salam" mənzuməsini kicik hissələrlə türkmən dilinə cevirir.Tacikistanda isə əksinə hər hansı toyda, düyündə Şəhriyarın farsca qəzəllərini dinləmək mümkündü.. Qazaxıstanda Şəhriyarla bağlı məlumatların olub- olmaması ilə bağlı konkret məlumat yoxdur.
-Azərbaycanda Şəhriyar irsi hansı səviyyədə araşdırılıb?
-Şəhriyar çox böyük bir dünyadır. Bu dünyaya baş vurmaq bu dünyadan tərki-dünya olmaq deməkdir. Şəhriyarı Şəhriyar olaraq təqdim etmək o irsə baş vuran hər bir insanın borcudur. Bizdə isə müəyyən təkrarçılıq var. Baxın başqa ölkələrdə bu irsi araşdıranlar fərqli-fərqli yanaşma ortaya qoyurlar. Onlarda təkrarçılıq yoxdur. Hamı fərqlidir. Bizdə isə Şəhriyarla bağlı hər hansı fikri demək istəyirsən baxırsan ki, bu fikir artıq deyilib. Mən ŞəhriyarıTürkiyə, İraq-Türkmən və Mərkəzi Asiya ölkələri ədəbiyyatlarında araşdırıram. Bu sahə bizdə işlənməyib.Şəhriyarşünaslarımız öz araşdırmalarında bu ölkələrdəki araşdırmalar haqqinda səthi bilgi veriblər.Amma, əhatəli olaraq bu sahədə işləyən hələ ki ilk mənəm. Mən Şəhriyarla bağlı 4 cildlik kitab üzərində işləyirəm. O, kitab ki, nəinki Azərbaycanda, dünyanın hec bir yerində hələ işlənməyib. Hətta Kanadadana mənə təklif gəldi ki, siz o işi göndərin çap edək. Ancaq mən 6-7 ildir,Azərbaycanda bu kitabı çap etdirməyə sponsor tapa bilmirəm. Hərə bir bəhanə gətirir. Bir iki iş adamına müraciət elədim onlar da müxtəlif bəhalər gətirdilər. Bilirsiniz Şəhriyar mənim yaralı yerimdir. Hələ Azərbaycanda Şəhriyara layiq tədbirlər, yubileylər qeyd olunmayıb. Mən bunu reallaşdırmaq istəyirəm. Bununla yanaşı Şəhriyarla bağlı bir sıra layihələrim var, amma, Azərbaycanda deyil, bilirəm ki, mən onu öz gücümə Azərbaycanda edə bilməyəcəm, çünki ona maddi imkanım yol vermir. Və bu işlərdə mənə burda dəstək verən də yoxdu. Ona görə də inşallah Türkiyə və Kanadada bu layihələri həyata keçirmək niyyətindəyəm. Mən bir məsələni qeyd edim ki, Şəhriyarla bağlı mən ortaq işin tərəfdarıyam. Baxın bayaq qeyd etdim Şəhriyar çox böyük zirvədir. Bu zirvəni fəth etmək istəyən insanın Şəhriyara sevgisi təmənasız olmalıdır. Sadəcə elmi iş yazıb, ad almaq üçün deyil. Şəhriyar millətimin təkrarsız bir xəzinəsdir. Bu xəzinəyə biz yetərincə sahib çıxmalıyıq.
-Şəhriyarla bağlı digər ölkələrdə aparılan araşdırmalar hansı səviyyədədir?
-Şəhriyarla bağlı ən gözəl araşdırmalar İran öz yerində, Türkiyədədə çox gözəl səviyyədə aparılır. İndinin özündə də Türkiyə elektron KİV-lərində ayda bir-iki yeni araşdırmalar dərc olunur, yayılır. Türkiyə ilə Azərbaycan arasında Şəhriyarın təbliği ilə bağlı araşdırma aparsaq bu müqayisəyə gəlməzdir. Bizdə hamı yazır. Hamı şairdir,hamı yazardır. Amma, baxaq görək son illərdə neçə gənc şair Şəhriyara müraciət edib, onun "Heydərbaba"sına nəzirə yazıb? Şəhriyara olan diqqəti bu gün gənc yazarlar arasında yetərincə görmürəm. Necə ki, Türkiyədə, İraq-Türkmən ədəbiyyatında bunu layiqincə edirlər. Mən bunu bizdə görmürəm. Bu da ondan irəli gəlir ki, biz Avropaya daha çox meyilliyik, avropalaşırıq. Necə olur ki, Avropa bütün mədəniyyəti, ədəb-ərkanı, bütün hər şeyi Şərqdən öyrəndiyi halda mən gedib özümün, öz şərqimin ədəbiyyatını, mədəniyyətini qatlayıb bir kənara qoymalıyam. Avropa mədəniyyətini öyrənməliyəm. Olsun öyrənək bütün dünya mədəniyyətinə bələd olaq, amma, öncə özümüzü öyrənək sonra. Bu gün Azərbaycan ədəbiyyatının, poeziyasının solmayan ulduzlarından sayılan Şəhriyar Azərbaycan gəncləri tərəfindən yetərincə tanınmır.
-Ortaq türk ədəbiyyatı ilə bağlı vəziyyət hansı səviyyədədir?
-Ortaq türk ədəbiyyatı sahəsində ədəbi əlaqələr var. Ancaq bu hələ də yetərli deyil. Əsasən də Mərkəzi Asiya ölkələri ilə. Əsasən də Türküstan aləmində. Əlaqələri elə bir yüksəkliyə qaldıra bilərik, amma, hələ ki, onu eləmirik.
-Türk dünyası ilə bağlı Azərbaycanda da müəyyən araşdırmalar aparılır. Bu araşdırmaları necə qiymətləndirirsiniz?
-Türk tarixindən, türk mədəniyyətindən yazmaq hələ türk olmaq demək deyil. Biz hələ yetərincə kim olduğumuzu bilmirik. Hamımız çalışırıq. İstəyirik ki, türk dünyası ilə bağlı nə isə ortaya qoyaq. Baxın elə "OLAYLAR" qəzetinin rəhbəri, türkoloq alim Yunus Oğuz bu sahədə bir sıra kitablar yazıb. Yunus bəyin bir müsahibəsini oxumuşdum, bəzi qeydlər etmişdim. Ortaq türk tarixi ilə bağlı jurnalistin sualına belə bir cavab vermişdi-" -Əslində ortaq türk tarixini yaratmaq üçün bədii və ya elmi əsərlərə müraciət edirsən. Çünki bu gün dünyada ortaq türk tarixinə ehtiyac var. Yəni, ortaq türk tarixi zərurətdir. Çünki bu bizim tarixin, türk tarixinin əsas hissəsidir. Təəssüflər olsun ki, həmin əsas hissəsini zaman-zaman bizdən ayrılmalar gedib və ortaq türk tarixi yaranmayıb. Ona görə də ortaq türk tarixini bu gün yazmaq, ona yaxınlaşmaq, addımlar atmaq lazımdır. Hər kəsin öz sahəsində bu işi görmək üçün müəyyən addımlar atması təbiidir və lazımlıdır. Biz də o addımlardan birini atırıq". Bu fikri çox bəyənirəm və alqışlayıram. Ancaq elə insanlar da var ki, bu gün türkçülük onlar üçün ambisiyaya çevrilib. Bu belə olmamalıdır. Bütün dünya türkün Türk olduğunu bilir. Biz sadəcə təbliğatımızı gücləndirməliyik. Türkə qarşı xəyanət etməyən, türkün xətrini əziz tutan millətlər arasında bu təbliğat aparılmalıdır.
-Ortaq türk dili ilə bağlı müəyyən fikirlər səslənir, sizcə bu mümkündür?
-Mən o təklifin lehinə olan insanam. İnanıram ki, çox qısa vaxtda biz buna nail olacağıq. Bizim ortaq türk əlifbamız olacaq.
Ədil Ədilzadə