Musiqili Teatrın aktrisası Beynəlxalq festivala dəvət olunub

Respublikanın Əməkdar artisti, Azərbaycan Dövlət Musiqili Teatrının solisti Nərgiz Kərimova Karaqanda Akademik Musiqili Komediya Teatrının dəvətilə Karaqandada keçirilən IV "Operetta və Muziklların ulduzları" Beynəlxalq festivalına dəvət alıb. Bununla bağlı açıqlamasında "Mən 2012-ci ildə Karaqandada keçirilən Beynəlxalq müsabiqədə 1-ci yeri tutmuşam. Həmin vaxtdan hər il noyabrda təşkil olunan "Operetta və Muziklların ulduzları" Beynəlxalq festivalına dəvət olunuram. Bu ilki tədbir oktyabrın 31-dən noyabrın 3-nə qədər davam edəcək. Təşkil olunacaq qala-konsertdə həm duetlər oxuyacağam, həm də solo ifalarım olacaq. Üzeyir Hacıbəylinin "Arşın mal alan" əsərindən Gülçöhrənin ariyasını, F. Leqarın "Guiditta" operettasından Guidittanın ariyasını ifa edəcəyəm. İnanıram ki, bu mötəbər tədbirdə hər zaman olduğu kimi Azərbaycanı bu dəfə də layiqincə təmsil edə biləcəyəm. Duetlərdəki tərəf-müqabilim Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fərid Əliyev olacaq" deyə Nərgiz Kərimova bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31