“Bülent Ərsoy həyatıma həyat qatdı”
“Hələ də ürəyimə yaxın olan bir qız tapmamışam. Evlənməyi düşünürəm. Hər bir insan ailə qurmaq istəyər”
27 Avqust 2012 14:02 MədəniyyətXalq artisti Aygün Kazımova ilə Azərbaycanda oxuduğu duetləri ilə gündəmdə olan Türkiyənin "Popstar Alaturka" yarışmasının birincisi Gökhan Erolun "Qafqazinfo"ya verdiyi müsahibəsini təqdim edirik:
- Bir ara yaradıcılığınızda daha aktiv idiniz? İndi nə işlə məşğulsunuz?
- Hal-hazırda Türkiyədəyəm. Təzə mahnılar seçirəm, yeni layihələrlə birgə dönəcəyəm Bakıya.
- Siz Azərbaycanın xalq artisti Aygün Kazımova ilə duet oxumusunuz. Bəs niyə davamı gəlmədi?
- Aygün xanımla duetlərimiz çox uğurlu alındı, düşünürəm ki, davamı gələcək... Tez- tez oxuyub camaatı bezdirmək istəmirəm.
- Aygün Kazımova sizi Sinan Akçıla dəyişdi, bu barədə məlumatınız var?
- Bəli var, Aygün xanımla bizim dostluğumuz möhkəmdir, sadəcə iş deyil... Biz hər zaman hər işdə onu dəstəkləyirik.
- Bəs siz Aygün xanımı Azərbaycanda kimə dəyişmək istəyirsiniz? Məsələn Röyaya?
- Mən yetərincə duetlərimi oxumuşam, Aygün xanımı heç kimlə dəyişməmişəm və dəyişmərəm də. Hər sənətçinin öz yeri var.
- Deyilənə görə, Azərbaycan şou-biznes əhli sizi burada işləməyə qoymadılar və siz də bu səbəbdən inciyib qayıtmısınız?
- Elə bir şey yoxdur. Ha, ha, ha... Əgər məni burda işləməyə qoymasaydılar mən onda niyə qayıdıram yenidən Bakıya?
- Niyə görə Azərbaycan şou-biznesinə qatılmaq istədiniz və sonradan niyə Türkiyəyə qayıtdınız?
- Türkiyəyə qayıtmadım, mənə sadəcə olaraq, Türkiyədən iş təklifi gəldi ona görə getdim. Həm də albomum üçün mahnıların hazırlığı lazım idi. Azərbaycan mənim doğma vətənimdir.
- Bəs Azərbaycan şou biznesi ilə Türkiyədəki fərqli və oxşar cəhətləri sizcə, nədədir?
- Türkiyəni az çox siz də bizim qədər izləyirsiniz və bilirsiz. Məncə bu sualın cavabını sizlərdə bilərsiniz...Hər şey göz qabağındadır, müğənniləri tanıyırsınız, serialları da izləyirsiniz...
- Bület Ərsoy sizin səsinizə heyran olduğunu deyib. Bu sözün sizin həyatınızda nə kimi rolu oldu?
- Bülent xanım doğrudan da mənim səsimi çox bəyənir və hər zaman mənə dəstək olub. Mənim müəllimimdir, ustadımdır. Onun sözü mənim həyatıma həyat qatdı. Sadəcə bu qədər!
- "Popstar Alaturka" Ebru Gündəşlə bir səhnəni paylaşdınız. Ebru xanımdan sizə hansısa dəstək gəlib?
- Ebru xanımdan mənə nə dəstək gələcək ki... O sadəcə səsimi bəyəndiyi üçün mənə hər zaman yüksək qiymətlər verib.
- Bundan sonra Azərbaycan səhnəsində yenidən görünəcəksiniz?
- Mən vətənim Azərbaycana gəlməliyəm bu yaxınlarda. Yenidən Azərbaycan səhnələrdə görünəcəyəm.
- Şəxsi həyatınızda danışardınız, Subaysınız?
- Bəli subayam.
- Evlilik barədə düşünürsünüz?
- Hələ də ürəyimə yaxın olan bir qız tapmamışam. Evlənməyi düşünürəm. Hər bir insan ailə qurmaq istəyər.
- Niyə şou biznes adamları gec evlənir və ya evlənmirlər?
- Gec ailə qurmağın müsbət cəhətləri də var. Yəqin onlar da mənim kimi ürəklərinə yatan adamı tapa bilmirlər ona görə.