Sənətinin dahisi - PORTRET

Yaşayın ki, efirimiz, kinomuz yaşasın

Ömür... Sanki bir göz qırpımında sənət və həyat yollarında öz səhifələrini yazır. İstər həyatda bir insan, vətəndaş, ziyalı, şəxsiyyət kimi, istərsə də sənət aləmində seçdiyi sənətin dahisi, müdriyi, əlçatmaz zirvədə olan bir azərbayçanlı, mükəmməl, kamil Azərbaycan övladı olan qəhrəmanım da ömür səhifələrini şərəflə, namusla, alnı-açıq, üzüağ yazdı. Hər birimizə nümunə olan bir həyat, sənət ömrü yaşadı və bu gün də ləyaqətlə yaşayır. O, yaşayır ki, yaşatsın. O, yaşayır ki, öz həyat və sənət təçrübəsini bölüşsün, paylaşsın. O, yaşayır ki, insanlara qorxubilməzliyi, cəsarəti, şücaəti öyrətsin. O, yaşayır ki, cəmiyyətimiz efirdən bəhrələnsin. O, yaşayır ki, kinomuz parlasın, qüdrətlənsin. O, yaşayır ki, yaratdıqları cəmiyyətin düşüncə tərzində yeniliklərə təkan versin. O, yaşayır ki, yetişdirdiyi tələbələrinin barını görsün. Söhbət bugünkü qəhrəmanım Azərbaycanın xalq artisti, Dövlət mükafatı laureatı, "Şöhrət" ordenli, Gürcüstanın "Şərəf" ordeni, Ukraynanın "Soqlasie" ordeni ilə təltif edilmiş dünyaşöhrətli rejissor, ssenarist, pedaqoq, dəyərli televiziya rəhbəri, "Space" Müstəqil Teleradio Yayım Şirkətinin prezidenti Vaqif Mustafayevdən gedir. Gəlin qəhrəmanımla  ad günü ərəfəsində onunla daha yaxından tanış olaq. Bu tanışlıq qəhrəmanımın Azərbaycan kinosu, efiri, telejurnalistikası, Vətənimiz üçün etdiklərinin bircə hissəsini əhatə edir. Onu təqdim etmək üçün bir yazı kifayət etməz! Çoxşaxəli qəhrəmanımın yaşayıb arxada qoyduğu illərin tarixə köçən anlarının bəzi məqamlarını sizlərlə paylaşaçağam. Deməli, yaşanan illər hədər getməyib, hər bir il şanlı tarixə çevrilərək öz dahilik səlnaməsini yazib.

Tanışlıq və ya ömrün yarpaqlarından düşərək tarixləşən illərin uğurlu nəticələri

Vaqif Behbud oğlu Mustafayev 28 avqust 1953-cü ildə Bakıda anadan olub. Azərbaycan  Dövlət Xalq Təsərrufatı İnstitutunu, daha sonra Moskvada Ali rejissorluq və ssenaristlər kursunun rejissorluq bölməsini bitirib. Eldar Ryazanov kimi görkəmli rejissorun tələbəsi olub. Kinoda uğurlarına gorə Çarli Çaplin adına "Qızıl Əsa" mükafatına layiq görülüb. Oberhauzen Beynəlxalq Kinofestivalının 4 mükafatını, İstanbul Beynəlxalq Kinofestivalının əsas mükafatçılarından biri olub. Sorento-Neapol Beynəlxalq Kinofestivalının laureatı olaraq dünyaya səs salıb. "Yaramaz" filmi 1989-cu ildə İtaliyanın Vittoriya de Sika mükafatına layiq görülüb. Rejissora "Kino və televiziya sənətinin inkişafına verdiyi töhfəyə görə" diplom və mükafatı Rusiya Kino İncəsənəti və Kino Elmi Akademiyasının prezidenti Vladimir Naumov, Rusiya Dövlət Film Fondunun prezidenti Nikolay Borodoçov və Avrasiya Televiziya və Radio Akademiyasının prezidenti Valeri Ruzin təntənəli şəkildə təqdim ediblər. Vaqif Mustafayev Azərtbaycanın Ümummilli lideri Heydər Əliyev haqqında 11 sənədli filmin müəllifidir.

  1. Heydər Əliyev. Birinci film. General (film, 1996)
  2. Heydər Əliyev. İkinci film. Birinci (film, 1999)
  3. Heydər Əliyev. Üçüncü film. Moskva. Kreml (film, 1999)
  4. Heydər Əliyev. Dördüncü film. Lider (film, 1999)
  5. Heydər Əliyev. Beşinci film. Tale (film, 2000)
  6. Heydər Əliyev. Altıncı film. Əsl məhəbbət haqqında (film, 2001)
  7. Heydər Əliyev. Yeddinci film. Bir həsədin tarixi (film, 2002)
  8. Heydər Əliyev. Səkkizinci film. Professional (film, 2004)
  9. Heydər Əliyev. Doqquzuncu film. Patriot (film, 2004)
  10. Heydər Əliyev. Onuncu film. Xüsusi təyinat (film, 2008)
  11. Heydər Əliyev. On birinci film. Dövlət (film, 2011)

Heydər Əliyev. "Əsl məhəbbət haqqında" sənədli filmi IV Avrasiya Teleforumunda "Teleportret - Zamanın siması" nominasiyasının baş mükafatını alıb. Əlavə olaraq Moskva qubernatoru Boris Qromovun xüsusi mükafatına layiq görülüb. Eyni zamanda Heydər Əliyev "Bir həsədin tarixi" sənədli filmi V Avrasiya Teleforumunun "Qran Pri"sini alıb. Yekatrinburq Sənədli Festifalının da xüsusi mükafatına layiq görülüb. Rusiya Kinomotoqrafçılar İttifaqının Kino Evində keçirilən XI Avrasiya Teleforumunda Heydər Əliyev "Xüsusi  təyinat" sənədli filmi festivalinin "Qran Pri" mukafatını alıb və rejissor Beynəlxalq Jurnalistlər İttifaqının ordeninə layiq görülüb. Azərbaycan Mətbuat Şurası və Dialoq Avrasiya Platformasının birgə təsis etdiyi "Həqiqətə xidmətlərinə gorə" mükafatı rejissora Heydər Əliyev haqqında çəkdiyi silsilə sənədli filmlərə, jurnalistika sahəsində yenilik, cəsarət və professionallıq nümayiş etdirdiyinə görə təltif edilmişdir. "İlin Vətən övladı" mükafatının laureatıdır. Bu gün Azərbaycanda Vaqif Mustafayev qədər xaricdə qəbul edilən, Beynəlxalq mükafatlara layiq görülən  digər bir rejissor yoxdur. Bəzən biz bu uğurları deməyə qisqanclıqla yanaşırıq. Bu uğurlara paxıllıq etmək yox, sevinmək və fəxr etmək lazımdır. Çünki bu Azərbaycanımızın və onun ləyaqətli övladının Dünyaya səs salan uğurlarıdır.Vaqif Mustafayev Avropa Kino, Televiziya və Radio Akademiyasının üzvü, Avrasiya Televiziya və Radio Akademiyasının birinci vitse-prezidentidir. "Mənim üçün ən böyük mükafat - Dahi lider Heydər Əliyev və hazırkı prezidentimiz İlham Əliyev tərəfindən mənim əməyimin qiymətləndirilməsidir - deyən Vaqif Mustafayev ilhamlı sabahlara daha inamla addımlayaraq neçə-neçə mükafatlara imza atacağına ümidliklə əmindir. Çünki, o, öz gücünə və dövlətin dəstəyinə inanır, hər zaman həmin dəstəyin əhatəsindədir.

Filmoqrafiyasından incilər

Astarı üzündən baha (film, 1986) Atamın sənəti (film, 1980) Azərbaycan naminə! (film, 2004) Belə də olur (film, 1988) Belə lazımdır (film, 1982) Bəyin oğurlanması (film, 1986) Bumeranq (film, 1982) Dua (film, 1982) Əbədi mühərrik (film, 1985)Əgər bir yerdəyiksə (film, 1975) Fədailər (film, 1986)Fəryad (film, 1993) "Fransız" (film, 1995) Hər şey yaxşılığa doğru (film, 1997) Kommersiya (film, 1992) Qarabağ şikəstəsi (film, 1996) Qıfılbəndin açması (film, 1982) Ləqəbi "İKA"dır (film, 1997) Mastika (film, 1986) Məsələ № 777 (1980) Məşədi İbad-80, yaxud köhnə tanışlar (film, 1980) Milli bomba (film, 2004) Musiqili xaş (film, 1984) Nakəs (film, 1991) Nankorluq (film, 1982) Nəvəmin nəvəsinin nəvəsi (film, 1985) Özbaşınalıq (film, 1986) Poliqlotlar (film, 1974) Proloq (film, 1986) Sayı çox... (film, 1981) Seans (veriliş, 2007) Səhər (veriliş, 1995) Sökmək asandır... (film, 1985) Sözün çəkisi (film, 1980) Sübut (film, 1982)Tətil (film, 1991) Tütək səsi (film, 1975) Uşaq aləmi (film, 1986) Ütü də gözəllikdir (film, 1980) Üzeyir ömrü (film, 1981) Üzr istəyirəm (film, 1985) "Yapon" və yaponiyalı (film, 1990) Yaramaz (film, 1988) Yaşar olduğu kimi (film, 2001) Yeganə əlac (film, 1981) Yeni iş üsulu (film, 1989) Yenilik (film, 1986) Yerlə göy arasında (film, 1999) Yoxlama (film, 2006) və s.

                                    Filmlərdən özəlliklər

Əsl kinomotoqrafçı olduğundan ekranın dilini mükəmməl bilir və adi hadisələrə böyük ictimai məna verməyi bacarır. Ekran həlli verdiyi ən kiçik süjetlər belə cəmiyyəti düşündürür. "Yaramaz" filmi kinomuzda inqilaba səbəb oldu. Çünki, Vaqif Mustafayevə qədər heç kəs, heç bir rejissor belə açıq danışmağa cürət etməmişdi. Koorrupsiya, rüşvətxorluq kimi məsələləri ekranın açıq müzakirə obyektinə çevirmək cürət tələb edirdi. Bunun üçün qorxubilməzlik tələb olunurdu. Filmin prototipləri filmə baxdıqdan sonra böyük narahatçılıqlar keçirirdilər. Çünki onlar özlərini, əməllərini ekrandan izləyirdilər.

Heydər Əliyev şəxsiyyəti ilk dəfə Vaqif Mustafayevin filmlərində əhatəli şəkildə tamaşaçılara çatdırılırdı. Çox çətin və həddindən artıq məsuliyyətli bir iş idi. Rejissorun öz istedadına inamı, təcrübəsi, kamilliyi filmləri daha da maraqlı və məzmunlu etdi. Həmin filmlərlə o,  xalqına öz rəhbərini olduğu kimi təqdim edə bildi. Filmlərdə nadir faktlara müraciət edərək Ulu öndər Heydər Əliyev dühasının ucalığını, əlçatmazlığını xalqa təqdim etdi.Uzun axtarışlar, ciddi, səviyyəli görüşlər, yüksək vəzifəli dövlət rəhbərləri ilə təmasda olmaq özü yüksək siyası səriştə tələb edirdi. Elə ona görədir ki, Vaqif Mustafayev Mixail Qorbaçovun iç üzünü Heydər Əliyev şəxsiyyətinin fonunda cılız, gücsüz və aciz göstərərək öz qisasını alır.Tərəfləri qarşı-qarşıya qoyaraq yalnız Heydər Əliyevin haqlı olduğunu sübuta yetirərək yalanları ifşa edir. Bununlada Vaqif Mustafayev Heydər Əliyevin uzaqgörənliyini öz rejissor traktovkasında ekran vasitəsi ilə tamaşaçıya çatdırır. Bu filmlər Heydər Əliyev haqqında həm dərslik vəsaiti, həm də Ulu öndərin özəl həyatı haqqında bənzərsiz ekran əsərıdır.

                                 Xoş soraqlı sözlər

Moldova Respublikası Prezident Admnistrasiyasının rəhbəri Anna Ropeskunun dediklərindən -   "Vaqif Mustafayev beynəlxalq miqyasda rəğbət qazanan "Milli bomba", "Yaramaz", "Belə lazımdır" və s. kimi filmləri sayəsində adı dünya kinemotoqraflarının canlı klassikləri sirasına düşüb"

Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov -   "Vaqif Mustafayevin filmlərində Azərbaycan həqiqətləri ortaya qoyulub. Rejissorun  Ulu öndər Heydər Əliyevlə bağlı çəkdiyi filmlərin uşaq baxçalarından tutmuş hər bir vətəndaş tərəfindən öyrənilməsi vacibdir.Həmin fimlər bütün məktəblərdə, xüsusəndə tarix dərslərində dərs vəsaiti kimi nümayiş olunmalıdır."

   Axar söz və ya yaş üstünə yaş gələndə uğur yol yoldaşı olur

Sənətinin dahisi, insanlığın ali zirvəsi, ziyalı və pedaqoq fenomeni olan qəhrəmanımın, çox sevdiyim, qürur duyduğum şəxsiyyətin doğum gününə ərməğan etdiyim bu yazı minlərin qəlbindən süzülən duyğuların bir parçasıdır. Çalışdım ki, bir məktəb, canlı əfsanə olan qəhrəmanım haqda yazanda sözlərə qısqanclıq etməyim, haqqı yazım, qələmim xəsislik etməsin. Sevə-sevə baxdığımız "Həyatın qaynar xətti", "Etiraf", "Sevimli şou", "Bizi barışdırın" verilişlərinin böyük tamaşaçı sevgisi qazanmasında Vaqif Mustafayevin  əməyini xüsusi qeyd etmək lazımdır. Xalqa doğma olan, onları maraqlandıran problemlər, sosial yönümlü mövzular, illərdən süzülüb gələn mahnıların musiqili ifaçıları tamaşaçılara zövq verməkdə davam edirlər.

Ömrünü Vətəni, Dövləti onun dövlətçiliyi, milliliyi üçün şam kimi əridən Vaqif müəllimə uğurlar arzulayır və deyirik:

Ad gününüz mübarək! Yaşayın ki, kinomuz, efirimiz yaşasın! Siz bizə və Azərbaycanımıza həmişə lazımsınız, ey sənətinin Dahisi...

                                                                                                   Alim Nəbioğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31