“Dostdan ötrü özünü fəda etmə...”
Feridun Düzağaçın həyatdan öyrəndikləri
19 Avqust 2012 07:54 MədəniyyətKulis. az məşhur türk sənətçisi Feridun Düzağaçın həyatdan öyrəndiklərini təqdim edir.
Yaş, yetkinlik və təcrübənin bəstələdiyiniz musiqiyə təsir edəcəyini öyrəndim. Məsələn, mən son albomumda haqqımdakı fikirləri dəyişdirəcək tərzdə musiqilər bəstələdim. Yəni kədərli mahnılarla yanaşı bir-iki şən mahnı əlavə elədim. Bunun yaşadıqlarımla əlaqəsinin olmadığına inanıram.
Sözləri işlətmək qaydasının insanlarla olan münasibətlərimin sərhədini müəyyənləşdirdiyini öyrəndim. İnsanlar səsləndirdiyim fikirləri, etdiyim zarafatları çox vaxt ya başa düşmürlər, ya da səhv anlayırlar. Bu, insanlarla ünsiyyətdə divarların yaranmasına gətirib çıxarır.
Zamanın bəzi şeyləri dəyişdirmək gücünə sahib olduğunu öyrəndim. Məsələn, mənim ilk albomumdakı qadın, eşq və romantizm tərifləri çox dəyişdi. İndiki qadınlar kişi kimi yaşayır; ağ atlı şahzadəsini gözləyən, öz evinin olması aruzu ilə yanıb-qovrulan qadınlara rast gəlmək olmur.
Ötən illər ərzində nikah idarəsinin hörmətini itirdiyini öyrəndim. Biz uşaq olanda boşanmanı matəmlə qarşılayırdılar. Ancaq indi hər kəs asan şəkildə məhkəməyə müraciət edir. Çox yaxşı həyat yoldaşımın olmasına rəğmən evlilikdə uğur qazanmamış bir adam kimi bu vəziyyət məni çox kədərləndirir.
Yaxşı bir bəstəkarın yaşamadığı şeylərdən də nəticə çıxara biləcəyini öyrəndim. Yaxşı bir yazar yaşamadığını eynilə yaşadığı kimi nəql edə bilər; çünki professionallıq bunu tələb edir.
Dostdan ötrü özünü fəda etməyin faydadan çox ziyanı var. Sevdiyim insanlara çox inanmağın acısını tez-tez yaşayıram. Özümə söz verirəm ki, insanlarla arada məsafə saxlayacağam, ancaq hər dəfə qadağanı pozuram.
Şöhrətin qəribə bir hiss olduğunu öyrəndim. Məsələn, banka gedəndə məşhur olduğum üçün məni qabağa salırlar və bu, məni narahat edir. Ərköyün olmamış, ehtiyatlı davranmağı sevən biri kimi belə davranışlardan məmnun deyiləm.
Musiqiçiliyin əvvəlki kimi sehirli, röya kimi olmadığını öyrəndim. Albom çıxarmaq artıq çox çətinləşdi, biznes qayğıları önə çıxdı. Çıxardığınız albomdan gəlir əldə etmək üçün biznesmen kimi hərəkət etməyiniz lazımdır. Zira musiqi sektorunda amansız bir reytinq çarxı var, bu, musiqiçini bezdirir.
Kimlərinsə həyatıma müdaxilə etməsinə icazə vermirəm və belə yaşamağı öyrəndim. Mənim həyatda ağır, axsaq bir duruşum, hərəkətsiz, təlaşsız, qəribə bir ritmim var və bu ritmə müdaxilə edilməsini heç sevmirəm. Sevgilimlə münasibətlər gərginləşəndə, işimlə bağlı təcili qərar vermək lazım olanda çətinlik çəkirəm.
Düzgün qərarlar verməyəndə, "kaş ki"lərin yığıldığını öyrəndim. Sadəcə, musiqiçi kimi fəaliyyət göstərmədim. Serialda oynadım, idman yazıları yazdım. Bunların hamısını sevə-sevə etdim, ancaq indi bu addımları doğru saymıram, düşünürəm ki, etməsəydim, daha yaxşı olardı.
Pulla xoşbəxtliyin mümkün olmadığını öyrəndim. Bu cür düşünən çox az insandan biri olduğumu da bilirəm. Pulsuzluğu da, varlılığı da görmüş biriyəm. Tibb və təhsildə pulu olanın imdadına yetişirlər və mənim belə dünyada yaşamaqdan xoşum gəlmir.
Sıravi insanların öz həyatları ilə öyünə biləcəyini öyrəndim. Daimi işi olan, ayın axırında maaşını alan, məzuniyyət dövründə istirahətə gedən insanlar mənim üçün maraqlıdır. Çünki məşhur olmaq belə bir sadə həyat əvəzinə hər kəsin ortaq olduğu, məhrəmliyi qalmayan bir həyat deməkdir.
Xoşbəxt olmamağımın baiskarı içimdəki yorğun və yaşlı adamdır. Bu adama görə hər zaman özümə nəzarət edirəm, yeniliklərə inanmıram və məsafə saxlayıram. Ancaq onu dinləməməyin vaxtı çatıb, balaca, önəmsiz tabularımı dağıtmaq istəyirəm. Məsələn, avtomobildə gedəndə boş siqaret qabını pəncərədən atmaq, hər kəs kimi hərəkət etmək istəyirəm. Bunu edə bilmədiyim üçün özümü mahnılarla dəyişdirməyə çalışıram.
Həyatın əvvəli və sonu məlum uzun bir səyahət olduğunu öyrəndim. Mümkün olduğu qədər kef çəkib yaşamaq lazımdır. İnsanları sadəcə, filmlərdə aldatmır, tərk etmir, xəyal qırıqlığına uğratmırlar; həyatda bunları bütün gerçəkliyi ilə yaşayırıq