Əfsanəvi Müslüm Maqomayev Moskvada yad edildi

Avqustun 17-də böyük Azərbaycan müğənnisi, SSRİ xalq artisti Müslüm Maqomayevin istedadının çoxsaylı pərəstişkarları Moskvada, Voznesenski döngəsindəki bağda müğənniyə ucaldılmış abidənin yanında onun xatirəsini yad edibər. Bu gün onun 70 yaşı tamam olacaqdı...
Maqomayev istedadının pərəstişkarları, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin, Ümumrusiya Azərbaycanlılar Konqresinin əməkdaşları, Rusiya ictimaiyyətinin nümayəndələri bu meqaulduzun abidəsi önünə tər çiçəklər qoyublar. Tədbir iştirakçıları iki ölkənin mədəniyyətinə mənsub olan bu Azərbaycan müğənnisinin parlaq istedadı və yaradıcılıq irsi barədə söhbət açıblar. Qeyd edilib ki, bu bənzərsiz ifaçının nurlu xatirəsi onun parlaq, özünəməxsus yaradıcılığı ilə tanış olan insanların qəlbində əbədi yaşayacaq.
Maqomayevin bənzərsiz səsi, ona xas olan parlaq artistizm və ürəyiaçıqlıq musiqi sərraflarının bir neçə nəslini valeh edib. O, operalardan ariyaları, lirik və vətənpərvərlik mövzusunda mahnıları eyni dərəcədə şövqlə ifa edirdi. Maqomayevin yaradıcılıq imkanlarının qeyri-adi dərəcədə geniş diapazonu dinləyiciləri heyrətləndirirdi. Müslüm Maqomayev istedadlı bəstəkar, pianoçu və rəssam olmaqla bərabər, həm də kinoda çəkilirdi. Müasirlərinin sözlərinə görə, bu məşhur artist heç vaxt "ərköyünlük" etmirdi, onun sənəti həmişə nadir zövq və ölçü hissi ilə fərqlənirdi.
1962-ci ildə Kremlin Qurultaylar Sarayında Azərbaycan incəsənəti festivalının yekun konsertindəki çıxışından sonra Maqomayev bütün İttifaqda məşhurlaşdı. 1963-cü ildə o, estrada səhnəsində çıxışlarını davam etdirməklə yanaşı, M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti kimi fəaliyyət göstərməyə başladı. 1964-1965-ci illərdə Milandakı "La Skala" teatrında təcrübə keçmiş, 1960-cı illərdə Sovet İttifaqının ən iri şəhərlərinin opera səhnələrində "Toska" və "Seviliya bərbəri" tamaşalarında çıxış etmişdir. 1966-cı və 1969-cu illərdə Parisdəki məşhur "Olimpiya" teatrında Maqomayevin qastrolları böyük uğurla keçmişdi.
1969-cu ildə Sopot festivalında Maqomayev birinci mükafata, Kann festivalında isə "Qızıl plastinka" mükafatına layiq görülmüşdü. 31 yaşı olanda ona birbaşa, yəni Azərbaycan SSR Xalq Artisti adından əvvəl SSRİ Xalq Artisti adı verilmişdi. 1975-1989-cu illərdə Maqomayev özünün yaratdığı Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olmuş, bu kollektivlə birlikdə SSRİ-nin müxtəlif şəhərlərində dəfələrlə qastrol səfərlərinə getmişdir.
Maqomayevin konsert repertuarında 600-dən çox müxtəlif əsər, o cümlədən rus bəstəkarlarının romansları, klassik, estrada və neapolitan mahnıları vardı. O, "Nizami", "Oxuyur Müslüm Maqomayev" və "Moskva notlarda" filmlərində çəkilib.
Filmlər üçün yazılmış 20-dən artıq mahnının və musiqili kompozisiyanın müəllifi olan Maqomayev həm də məşhur Amerika müğənnisi Mario Lantsın həyat və yaradıcılığı barədə silsilə televiziya verilişlərinin müəllifi və aparıcısı idi, bu artist haqqında kitab da yazmışdı.
1997-ci ildə Günəş sisteminin kiçik planetlərindən birinə, o vaxta qədər astronomlara 1974 SP1 adı ilə məlum olan planetə "4980 Magomaev" adı verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31