Sibel Canın Bakıya gəlməsi ətrafında söz-söhbət niyə səngimək bilmir? - QALMAQAL

Təşkilatçı Nahid Emiloğlu bəzi həmkarlarının qeyri-peşəkarlığından hiddətlə danışdı. Milli.Az-da tanınmış türk müğənnisi Sibel Canın sentyabrda Bakıya gəlməkdən ötrü istədiyi fantastik qonorarla bağlı yayımladığımız xəbər əsl səs-küyə səbəb olub. İllərdən bəri təşkilatçı kimi konsertlər edib qardaş ölkənin ən parlaq ulduzlarını Azərbaycana gətirən Nahid Emiloğlu özü əməkdaşımıza telefon açıb məsələyə münasibət bildirdi: "Şou-biznesimiz elə vəziyyətə gəlib çıxıb ki, artıq mənə təşkilatçı deyəndə utanıram. Hər yerindən qalxan "təşkilatçıyam" deyib reklam xatirinə bir neçə türk ulduzlarını Bakıya gətirəcəkləri barəsində mediaya yalandan xəbərlər ötürürlər. Nə vaxta qədər buna göz yumasan axı?! İnanın, Sibel Canla bağlı xəbəri oxuyanda çox pis oldum. Axı onun prodüseri Orhan Alqanla ilkin razılığımız olub ki, inşallah, oktyabr ayında Heydər Əliyev Sarayında konsert proqramını məhz bizim şirkət edəcək. Qoy oxucularınıza da məlum olsun ki, neçə-neçə işbazlar Orhan bəy də olmaqla türk ulduzlarının prodüserlərinin nömrələrini əldə edib konsert etmək istəklərindən dəm vururlar. Başa düşmürlər ki, etibarlı tərəfdaş olmadığı təqdirdə türk prodüserlər edilən təklifləri ciddi saymırlar". Nahid israrlı suallarımıza baxmayaraq Sibel Canın iki gün keçiriləcək Bakı konsertləri üçün ödəyəcəkləri qonorarın məbləğini açıqlamadı. Sadəcə, onu deməklə kifayətləndi ki, Canın iki günə görə alacağı qonorarın miqdarı 200 min ABŞ dollarından aşağıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31