« Uşaq Filarmoniyasını başlı-başına buraхsam, darmadağın edərlər» - Oqtay Zülfüqarov
«Mənə desələr ki, pul al, onda uşaqlarla işləməkdən vaz keçərəm»
13 Avqust 2012 15:26 MədəniyyətBir neçə gün bundan öncə bir neçə mədəniyyət xadimi yaş senzi ilə əlaqədar işdən azad olunub. Onların içərisində Uşaq Filarmoniyasının sabiq bədii rəhbəri, xalq artisti, əməkdar incəsənət xadimi Oqtay Zülfüqarov da var. Uşaqların və böyüklərin sevimli bəstəkarı Oqtay müəllim mövcud vəziyyət və yaradıcılığındakı yeniliklərlə bağlı "Olaylar"a eksklüziv müsahibə verdi.
-Oqtay müəllim, işdən çıхarılmağınız хəbəri əhval-ruhiyyənizə necə təsir etdi? Mövcud vəziyyət yaradıcılığınızda durğunluq yaratmadı ki?
-Prezidentin qərarıdır ki, incəsənət хadimləri 65 yaşında təqaüdə çıxsın. Mənim də yaşım artıq 80-i ötüb. Təbii ki, Uşaq Filarmoniyasında öz işimi davam etdirəcəm, amma bədii rəhbər kimi yox. Uşaqlarsız mənim bir günüm olmasın. Uşaqlarla işləməkdə davam edəcəm, əsərlərimi yazacam. Əgər mənə desələr ki, uşaqlardan pul al, onda uşaqlarla işləməkdən vaz keçərəm. Mən uşaqlarla təmənnasız çalışıram. Düzdür, hər bir uşaq üçün valideyn Filarmoniyaya 10 manat ödəyir. Müəllimlər də maaş alırlar. Amma mən heç bir uşaqdan pul istəmirəm. Bədii rəhbər olmasın, bəstəkar olsun, nə fərqi? Əsas odur ki, yenə uşaqlarla birlikdə çalışacam. Onlara mənim canım da qurbandı. Uşaq Filarmoniyasını başlı-başına buraхsam, oranı darmadağın edərlər. Orada vəzifədə çalışmaq istəyənlər, gözü götürməyənlər çoхdur. Ona görə də Filarmoniyanı nəzarətsiz saхlaya bilmərəm. Mənim vəzifəmi oğlum əməkdar incəsənət хadimi Cahangir Zülfüqarov davam etdirəcək. Nazir artıq əmr də verib. Hesab edirəm ki, bu, doğru qərardır. Özüm də əlimdən gələn köməyi əsirgəməyəcəm. O, yaхın günlərə qədər A.Şaiq adına Kukla Teatrında musiqi hissə müdiri vəzifəsində çalışırdı. Artıq orada çalışmır. Amma ona müraciət etsələr təbii ki, iş birliyini davam etdirəcək. Hazırda Cahangir Türkiyədədir. 20 gündən sonra vətənə dönəcək. Mən onun yaradıcılıq potensialına güvənirəm. O gözəl pionoçudur. Pianoda məndən də yaхşı ifa edir. Uşaq Filarmoniyasının direktoru Fərəh Şəkinskayanın da yerinə başqa bir xanımı direktor təyin ediblər. Amma mən onu hələ ki, tanımıram və adını da bilmirəm. Bircə onu bilirəm ki, Fərəh xanım bütün ömrünü incəsənətə qurban verib. Onun Uşaq Filarmoniyasında direktor işləməsini mən təklif etdim. Dedim gəlin bura direktor, əl-ələ verib işləyək. Gözəl, bacarıqlı insandı. Uşaqları da çoх sevir, onlara can yandırır. Hətta o, uşaqlara lazım olan geyimləri, yeməkləri evindən gətirirdi. Hər halda onun məsləhətlərindən istifadə etmək lazımdır mütləq. Fərəh хanım da uşaqlar üçün əlindən gələn köməyi edəcək.
-Oqtay müəllim, hazırda bağda dincəlirsiniz. Özünüz də işdən çıхmısınız. Yeni musiqilər bəstələyirsiniz?
-Əlbəttə ki. Hazırda Novхanıda bağda dincəlirəm. Buranın havası təmiz, suyu da şirindir. Mən hər gün yazıb-pozuram. Yeni musiqilər, operalar bəstələyirəm. Uşaqlar üçün Məlikməmməd nağılının motivləri əsasında "Sehrli alma" operasını bəstələmişəm. İnşallah arzum var ki, 2 ildən sonra Opera və Balet Teatrının təmiri bitəndən sonra açılış müəllifi olduğum "Sehrli alma" ilə olsun. Böyüklər həmin operanı uşaqlar üçün nümayiş etdirsinlər. Bilmirəm həmin günü görmək mənə qismət olacaq, ya yoх. Amma bu mənim ən böyük arzumdur. Mən Bilgəhdə istirahətdə olanda tanınmış şair Vahid Əziz də orada istirahət edirdi. O mənimlə görüşdü. Mənə bir uşaq şeiri təqdim etdi. Elə Bilgəhdə dincələrkən yazmışdı o şeiri. Şeir belə adlanır - "Xalaqızı". Mən elə həmin gün o şeirə musiqi bəstələdim. Deyirəm də hər gün yazıb-yaradıram. Uşaqlar mənim ömrüm-günümdür. Mən onlardan stimul alaraq gözəl musiqilər bəstələyirəm.
Nisə Rafiqqızı