“Bütün dərslərindən sən 2 ala-ala”....
Konsertdə necə həvəsə gəlib erməni ilə oxuyacaqsan, bala?
10 Avqust 2012 16:52 MədəniyyətAvqustun 6-dan Beynəlxalq Xirosima Günündə Aland adalarında Ermənistan və Azərbaycan musiqiçilərinin eksperimental görüşü başlayıb. Qeyd edək ki, Sülh və Müdafiə İnstitutu tərəfindən təşkil olunan layihə çərçivəsində musiqiçilər konsert proqramı hazırlayacaqlar və avqustun 10-da Mariehamn şəhərindəki meydanda birgə konsert təqdim edəcəklər.
Ermənistan KİV-i Aland adalarında Azərbaycan və Ermənistan musiqiçilərinin birgə konsert proqramı ilə çıxış edəcəyi barədə məlumat yayıb. "Aykakan jamanak" qəzeti Azərbaycan, Ermənistan və Aland adalarından olan 13 gənc musiqiçinin Marienxamnda təcrübə mübadiləsi apardığını, master-klasslar təşkil etdiyini, müzakirələr apardığını yazıb. Tədbir Aland münaqişəsinin qurbanlarının xatirəsini yad etmək məqsədi daşıyır. Qəzet Azərbaycan və Ermənistandan olan musiqiçilərin eyni səhnəni bölüşdürəcəyini iddia edib. Konsertdə Azərbaycan musiqiçilərinin iştirakını təmin etmək üçün həmin institut tərəfindən Böyük Britaniyanın Müharibə və Sülh Araşdırmaları İnstitutunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Şahin Rzayevə dəvət göndərilib. Şahin Rzayev isə konsertdə iştirak təklifi ilə cazmen Emil Əfrasiyaba müraciət edib.
Ş. Rzayev mətbuata açıqlamasında bildirib ki, Aland adalarındakı Musiqi İnstitutu hər il Xirosimanın bombardman edildiyi gün konsert təşkil edir. Konsertə dünyanın münaqişəli vəziyyətdə olan ölkələrindən müxtəlif peşə sahibləri dəvət edilir: "Hər il ya jurnalistləri, ya da musiqiçiləri dəvət edirlər. Bu il isə konsertə İsveç, Azərbaycan və Ermənistandan musiqiçilər dəvət ediblər. Konsertin keçirilməsində məqsəd hər bir xalqın öz mədəniyyətini təbliğ etməsidir. Bizim tərəfdən isə Emin Əfrasiyab başda olmaqla 5 nəfər musiqiçi dəvət edilib və onlar Azərbaycan musiqisini və mədəniyyətini təbliğ edəcəklər. Ən mühümü odur ki, burada Azərbaycanın milli musiqi alətləri, balaban, zurna, ud, tar ifa ediləcək. Məqsədimiz odur ki, "Sarı gəlin", "Gözəlim sənsən", "Evləri var xana-xana" kimi xalq musiqilərimizi təbliğ edək, həmçinin onları caz tərtibatında, avropalıların başa düşdüyü dilə təbliğ edək".
Bu, ermənilərlə birgə konsert deyil: "Ermənilər yazır ki, biz onlarla birgə konsert verəcəyik, bu belə deyil, bizim ayrı proqramımız var. Ayın 10-da baş tutacaq konsertdə əvvəl erməni, isveçli və fin musiqiçilər, sonra isə Azərbaycan musiqiçiləri çıxış edəcək. Konsertdə belədir ki, əvvəl zəif ifaçılar, sonda güclülər çıxış edir. Bizim musiqiçilərin səviyyəsi ermənilərinkindən qat-qat yüksək olduğuna görə, təşkilatçılar bizi sonda təqdim edib səhnəyə çağıracaq".
Cazmen Emil Əfrasiyab isə bildirib ki, əvvəlcə bu dəvətdən imtina edib: "Amma sonra öyrəndim ki, Ermənistan tərəfi konsertdə öz qədim alətləri ilə çıxış edəcəklərini bəyan ediblər və bu alətin tar olduğunu bildiriblər. Mən buna dözə bilmədim və fikirləşdim ki, onların cavablarını vermək, tarın Azərbaycan aid olduğunu göstərmək lazımdır. Mən tar ifaçısı Malik Mansurov, balaban ifaçısı Şirzad Fətəliyev və digər musiqiçilərlə bura gəldim ki konsertdə iştirak edək və bu alətlərin kimə məxsus olduğunu sübut edək".
Emil Əfrasiyab deyib ki, konsert avqustun 10-da baş tutacaq. Azərbaycan musiqiçiləri konsertdə "Sarı gəlin": "Gözəlim sənsən", "Evləri var xana-xana" mahnılarını ifa edəcək, tarda "Segah" və digər muğamları səsləndirəcəklər.
mövzu ilə bağlı bir neçə tanınmış musiqiçilərlə əlaqə yaratsaq da onlar nədənsə mbvzu ilə bağlı fikir söyləməkdənç əkindilər. Bəziləri isə bu barədə tam məlumatsız olduqlarını dilə gətirdilər.
Müğənni Əli Mirəliyev хəbəri eşidər-eşitməz qəzəbli şəkildə mövzu ilə bağlı fikirlərini dilə gətirdi: "Əslində bu tədbirdə illərlə ermənilərin bizdən oğurladıqları musiqi və musiqi alətlərinin özümüzə aid olduğu bilinəcək. Bu tədbir əslində hesab edirəm ki, bir ideologiyadır. Azərbaycan musiqiçilərinin bu layihədə iştirak etməklərini dəstəkləmirəm. Ermənilərin öz musiqiləri yoхdur. Erməniyə mən bədbəхt, yazıq adam kimi baхıram. Dolmamızdan, bozbaşımızdan tutmuş ən gözəl musiqilərə kimi mənimsəyiblər. Tariх boyu onların gözü Azərbaycanda olub. Mən hesab edirəm ki, bizim musiqiçilərlə erməni musiqiçlərin ekstermental bir layihədə təmsil olunmaları düzgün olmaz. Onlar artıq bizə qarşı öz pozisiyalarını bildiriblər. Bugünkü müğənnilər "Sarı gəlin"i o qədər bərbad vəziyyətdə oхudular ki, ermənilər qalхdılar ayağa ki, bu mahnı bizimdir. Çünki "Sarı gəlin"i Sevda Ələkbərzadə necə gəldi oхudu, bilinmədi ermənicə oхuyur, ya Azərbaycanca. Bu da ermənilərə stimul verdi. Necə olur Akif İslamzadənin bu mahnını oхuduğu vaхtda ermənilər "Sarı gəlin"i mənimsəmədilər. Amma Sevda Ələkbərzadə oхuyandan sonra ermənilər gördülər ki, bu mahnı özlərində daha yaхşı alınacaq. Amma mən inarıram ki, musiqi alətlərində bizim musiqiçilər ermənilərə bu layihədə qalib gələ biləcək və mili musiqilərimizi layiqincə təbliğ edə biləcəklər".
Bəzi bəstəkarlar və müğənnilər xəbərə inanmasalar da da, qeyd edək ki, layihə iştirakçıları caz və folklor üzrə məşhur musiqiçilərdir. Azərbaycanlı musiqiçilərdən Emil Məmmədov (fortepiano), İsgəndər Ələsgərov (zurna), Pərviz Məmmədov (bas gitara), Malik Mansurov (tar), Şirzad Fətəliyev (balaban), Nazim Kərimovun (vokal) adı məlumdur. Bu məşhur adlar Azərbaycanın ən tanınmış musiqiçilərindəndir. Musiqiçilər arasında gitaraçılar, pianoçular və vokalçılar, habelə Cənubi Qafqazın tar, ud və saz kimi ənənəvi alətləri üzrə ixtisaslaşan xalq musiqiçiləri var.
Mövzu ilə bağlı Bəstəkarlar İttifaqından münasibət öyrənməyə lüzum bilmədik. Çünki əldə etdiyimiz məlumata görə bu layihə Bəstəkarlar İttifaqının хətti ilə gerçəkləşmir. Mədəniyyət və Turizm Nazirliyindən fikir öyrənmək istəsək də telefonlarımıza cavab verən olmadı.
Nisə Rafiqqızı