Fərhad Bədəlbəyli: “Hər şey avtomatlaşır, bu, sənətə də təsir edir”
6 Avqust 2012 19:18 Mədəniyyət"İndi hər şey - məhəbbət də kompüterləşib. 19-cu əsrdə sevgililər bir-birinə məktub yazırdılr, bir dəfə görüşmək üçün faytonla bir neçə ay yol gedirdilər".
Bunu "Azadinform"a açıqlamasında Xalq artsiti, professor, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli deyib. Məşhur sənətkar elmi-texniki tərəqqinin insan hisslərinə təsir etdiyini iddia edir. Onun fikrincə, bu, yaradıcılığın da inkişaf etməsinə mane olur: "Bəşəriyyət texniki yolla gedir. Indi SMS, videogörüntü olduğu üçün insanlar heç bir yerə getmir, görüşmür, xəyallar qurmur. Hər şey avtomatlaşır, insanlar robot kimi olurlar. Bu, sənətə də təsir edir. Romantika artıq gedib, hissiyyat azalıb. Bu, böyük bir problemdir və dünya musiqisinə də təsir edir".
Xalq artisti deyir ki, onsuz da əsrdə bir dəfə doğulan fitri istedadlı insanların sayı da get-gedə azalır. Fərhad Bədəlbəyli ümidverici tələbələrinin gələcəyinə inandığını da etiraf edib: "Əlbəttə, bir neçə ildən sonra fəxr edəcəyim ifaçılar var. Tələbələrim artıq məşhur festivallarda çıxış edirlər. Onların arasında Murad Hüseynov, Murad Adıgözəlzadə, Gülşən Ənnağıyeva dünyanın bir çox ölkəsində çıxış edir və müvəffəqiyyət qazanırlar. Amma əlbəttə ki, ulduzlar tez-tez doğulmur. Biz deyirik ki, Qara Qarayev indi yoxdur, bəs Almaniyada Bethoven, Brams var? Yoxdur".