Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərindən gənclərə dəstək gəldi - MÜSAHİBƏ
6 Avqust 2012 22:00 MədəniyyətMübariz Həmidov: "Biz teatrın səhnələrini ürəklə cavanların ixtiyarına verəcəyik"
Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olan Ekologiya mövzusuna həsr olunmuş "Gənclərin II Ümumrespublika Teatr Festivalı"-na ssenari qəbulu davam edir. Ssenarilər pyes formasında və Azərbaycan dilində olmalıdır. Janr məhdudiyyəti yoxdur. Qeyd edək ki, Layihənin ideya müəllifi, millət vəkili Jalə Əliyevadır.
"Bizə ideya lazımdır" devizi ilə keçirilən festivalın əsas məqsədi - gənclərdə teatra olan marağı artırmaq, istedadlı gəncləri teatra cəlb etmək və onlara ekologiya ilə bağlı olan problemləri çatdırmaq, fikirlərini bu problemlərə yönəltməkdir. Festivalla bağlı fikirlərini bizimlə Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov paylaşacaq.
- Mübariz müəllim, heç şübhəsiz ki, Gənclərin II Ümumrespublika Teatr Festivalından xəbərdarsınız...
- Bəli, bu xəbər həm də məni çox sevindirir. Ötən il ilk dəfə olaraq Gənclərin Ümumrespublika Teatr Festivalı keçirildi və böyük maraqla qarşılandı. Respublikamızın ayrı-ayrı rayonlarından gələn və Bakıda yaşayan, təhsil alan gənclərdən ibarət festivalda yüzlərlə iştirakçılar var idi. Vətənpərvərlik mövzusunda keçirilən festivalda müxtəlif komandalar öz istedadlarını nümayiş etdirdilər. Biz də Dövlət Gənc Tamaşaçılar Teatrı olaraq həmişə gənclərdə teatra maraq oyatmaq, tamaşaçılarda teatra rəğbət, sevgi yaratmaq məqsədilə gənclərə dəstək olmuşuq. Elə bu məqsədlə də Gənclərin Ümumrespublika Teatr Festivalına dəstək olduq. Festivalın sonu-bağlanış günündə millət vəkili Jalə xanım Əliyeva
belə bir fikir səsləndirdi ki, növbəti ildə də festival keçiriləcək, mövzu isə ekologiyaya həsr olunacaq.
- Növbəti dəfə də festival iştirakçılarına qapı acacağınızı eşitdik...
- Mütləq. Hazırda bildiyim qədər pyeslərin qəbulu işinə start verilib. Yekun olaraq noyabr ayında Dövlət Gənc Tamaşaçılar Teatrında seçilmiş səhnə əsərlərinə baxışlar keçiriləcək. Biz teatrın səhnələrini ürəklə cavanların ixtiyarına verəcəyik.
- Ekologiya mövzusu yəqin ki, bir teatr direktoru olaraq sizdə maraq hissi oyatdı, deyilmi?
- Olduqca aktual bir mövzudur. Millət vəkili və festivalın ideya müəllifi olan Jalə xanımın bildirdiyinə görə, festivalın builki mövzusunun yaranmasına Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın 12 iyul 2011- ci ildə elan etdiyi yeni qlobal gənclər ekoloji kampaniyası - "Ətraf mühitin müdafiəsi fəaliyyətində beynəlxalq dialoq" (International Dialogue on Environmental Action - İDEA) zəmin yaradıb.Biz də bunu dəstəkləyirik. Çünki ekologiya cəmiyyətimizdə bir problem olaraq qalmaqdadır. Hər kəs öz sahəsində ətraf mühitin təmizlənməsinə, qorunmasına kömək etməlidir. Gənclər də öz növbəsində iştirak etdikləri səhnə əsərləri ilə buna cavab verəcəklər. Səhnə əsərinin təsir qüvvəsi yəqin ki, daha güclü olacaq. Səhnə birbaşa təbiətə, həyata, cəmiyyətə sirayət edəcək. Odur ki, mən hər bir gəncə bu yolda uğurlar arzulayıram və layiqli səhnə əsərlərinin meydana çıxacağına əminəm.
- Eşitdik bu fesival barədə beynəlxalq qurumları da məlumatlandırmaq fikrindəsiniz?
- Bəli, Gənc Tamaşaçılar Teatrı YUNESKO-nun nəzdində Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasına (ASSİTEJ) üzv seçilib. Beynəlxalq Assosiasiyanın Azərbaycan Milli Mərkəzi olaraq festivalın keçirilməsi ilə bağlı ASSİTEJ-ə üzv olan 84 ölkəyə məlumat verdik. Biz eyni zamanda ASSİTEJ-in milli mərkəzi olaraq
bu layihənin iştirakçılarından biri olacağıq. Təbii ki, burda keçirilən festival, eləcə də qalib gələn gənclərin uğurları haqqında ASSİTEJ-in baş ofisinə, həm də qurum üzvləri olan milli mərkəzlərə bu barədə məlumat verəcəyik. Bu da festivlanı əhəmiyyətini birə-beş artıracaq. Həm də belə gözəl bir təşəbbüs barədə niyə də beynəlxalq qurumlar xəbərdar olmasınlar ki? Bu həm də Azərbaycan teatrının, gənc istedadların uğurudur.
- Bir teatr adamı kimi, festivalı necə qiymətləndirsiniz?
- Hesab edirəm ki, bucür festivalların keçirilməsi yalnız müsbət hal kimi qiymətləndirilməlidir. Gənclərin teatr sənətinə olan marağı artacaq, tamaşaçıların teatrlara cəlb olunması prosesi sürətlənəcək, həm də cəmiyyətimizdə ekologiya ilə bağlı olan məsələlərin həllinə az da olsa müsbət təsiri olacaq. Mən deyərdim ki, təsir qüvvəsini hər kəs hiss edəcək.
Orxan