Elza İbrahimovanın son bəstəsi – “Peşmanam”

Xalq artisti, bəstəkar Elza İbrahimovanın son bəstəsi olan "Peşmanam" mahnısı ərsəyə gəldi. Sözləri Vahid Əzizə məxsus olan mahnının istedadlı müğənni Həcər Əliyeva ifa edib. Mahnı son zamanlar FM radiolarında səslənərək böyük dinləyici rəğbəti qazanıb. Həcər Əliyeva eksklüziv olaraq "OLAYLAR"a bunları söylədi: "Bu mahnını mənə illər öncə ölməz bəstəkarımız Elza İbrahimova təqdim edib. Qeyd edim ki, bu mahnı Elza xanımın ölümündən əvvəl yazdığı sonuncu mahnısıdı. Səsimə qulaq asdıqdan sonra bəstəkar "Peşmanam" mahnısının üzərində dayandı və onu mənə təqdim etdi".

"Elza xanım artıq həyatda yoxdur. Bunu necə sübut edə bilərsiniz ki, məhz Elza xanım bunu sizə təqdim edib" sualımıza Həcər xanım çox gözəl bir cavab verdi: "Mən sizə Elza xanımın bu mahnının öz ifasında olan versiyasını təqdim edərəm".

Araşdırma aparmaq məqsədilə müğənnidən həmin versiyanı bizə təqdim etməsini xahiş etdik. Müğənni heç bir söz demədən Elza xanımın bənzərsiz səsində və müşayiətində həmin mahnını bizə təqdim etdi. Doğrusu, çox kövrəldik. Elza xanım çox təsirli oxumuşdu.

"Mən bu mahnını Elza xanımın ruhuna ithaf etmişəm. Heyfsilənirəm ki, Elza xanım sağlığında bu mahnını mənim ifamda dinləyə bilmədi. Çünki mən uzun illər Moskvada yaşamalı oldum. Tezliklə bu mahnıya klip çəkdirəcəyəm. Klipdə Elza xanımın ifasında da istifadə edəyəcəm. Mahnının halallığını Elza xanımın qardaşı Çingiz bəydən və şair Vahid Əzizdən almışam. Hər ikisi mənə xeyir-dua verib. Bundan əlavə Rüstəm Zeynallının "Heç küsməyin vaxtı idi?", Hacı Nazimin "Tərk etdin" mahnıları ilə tamaşaçıları sevindirəcəm. Ömrümün sonuna kimi "Peşmanam" həmişə mənimlə olacaq".

Alim Nəbioğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31