Tanınmış şair Seymur Baycanı “boşboğazlıq”da ittiham etdi
“Konkret olaraq sən bir tərəfdə dayanıb insanlara mesajlarını verib diqqət mərkəzində olursan”
29 Aprel 2014 14:05 MədəniyyətTanınmış şair Elçin Mirzəbəyli yazıçı Seymur Baycanın "Azərbaycan xalqı mənim əsərlərimə layiq deyil" kimi qalmaqallı fikirlərinə münasibət bildirib. E.Mirzəbəyli qeyd edib ki, Seymur Baycan kimi adamlar yalnız səs-küy yaradacaq fikirlərlə gündəmə gəlməyi xoşlayırlar. Şairin sözlərinə görə, bir qrup adam var ki, Azərbaycan cəmiyyətini aşağılamaq və təhqir etməklə özlərini böyütməyə çalışırlar. Seymur Baycanın bu fikirlərinin yeni hadisə olmadığını deyən Elçin Mirzəbəylinin sözlərinə görə, bütün dövrlərdə ədəbiyyatda Seymur Baycan tipində insanlar olub: "Burada əslində qeyri-adi heç nə yoxdur. Bir tərəfdən də onun fikirlərinə diqqət etməklə Seymur Baycanı populyarlaşdırırıq. Diqqətdən kənarda saxlamaq lazımdır. İnsanlar öz əsərlərilə gündəmə gəməlidirlər, boşboğaz açıqlamaları ilə yox. Seymur Baycan sıradan bir qələm adamıdır. Onun dediklərinin ədəbiyyatda hadisə yaratdığına inanmıram. Belə dünyagörüşə malik olan insanlar adətən böyük ədəbiyyat yarada bilmirlər. İnkarçılıq ədəbiyyatda gündəmə gəlmənin ən asan yoludur. Konkret olaraq sən bir tərəfdə dayanıb insanlara mesajlarını verib diqqət mərkəzində olursan. Bundan sadə metod yoxdur. Amma gerçək ədəbiyyat cəmiyyətin içərisində onun dəyərlərini qoruyaraq, hörmətlə yanaşaraq onu inkişafa aparan ədəbiyyatdır. Cəmiyyəti söyərək, təhqir edərək yox. Tarix də zamanla Azərbaycan xalqını aşağılayan, qamçılayan insanların inkişafa nail ola bilmədiklərini göstərdi. Həsən bəy Zərdabi Azərbaycan xalqına daha böyük uğurlar gətirdi, nəinki Mirzə Cəlil. Təbii ki, qətiyyən Mirzə Cəlillə Seymur Baycanı uyğunlaşdırmaq istəmirəm. Üslub baxımından deyirəm. Söymək, qamçılamaq, təhqir etmək - bu inkişafa aparan yol deyil. Tamam səhvdir". ("OLAYLAR" İA)