Sosializm realizmi unudulmaqda olan ədəbi cərəyan kimi
31 Mart 2014 17:28 MədəniyyətƏsasən sosializm realizmi haqqında yazmaq istədiyim aşağıdakı sətirlərə başlamazdan öncə bu ədəbi cərəyanın uzun zamanlar Azərbaycan ədəbiyyatında hakim cərəyanlar olan romantizmlə və elə realizmin özü ilə əlaqələri haqqında bir neçə söz demək istəyirəm. Realizmdən əvvəl ədəbiyyatımızda uzun illər hakim cərəyan olan romantizmdə çox böyük ədəbi nümunələrimiz yaranıb. Amma digər cərəyanlara nisbətən romantizmdə yeniliklər çox gec baş verir. Necə ki, ötən əsrlərdə yeni janrlar yaranmadı. Qəzəl, qəsidə, beşliklər, altılıqlar və b.-lar uzun müddət ədəbiyyatımızın geniş dəbdə olan janrları idi. Əlbəttə, demək olar ki, bu ədəbi nümunələr o dövr insanların zövqünü oxşayırdı. Böyük Füzuli "Qəzəldir səfabəxşi əhli-nəzər" dedikdə də məhz bunu nəzərə alırdı. Az-çox nəzərə çarpan, cəmiyyətdə hay-küyə səbəb olan həcvlərdi ki, bunların da hədəfi mövcud quruluş, bütöv cəmiyyət deyil, tək-tək fərdlər idi. Və bir də ki, həcvlərdə fərdlər çox zaman tənqid deyil, təhqir olunurdu. İnsanların şəxsi şikəstliyinə belə toxunulurdu.
Bunlardan başqa romantizmdə fəxriyyə, mədhiyyə və bir də nəzirəçilik vardır ki, bu da düşünürəm ki, oxucunu yorur, hətta ikrah yaradır. Gəlin görək ədəbiyyatımızda Füzuliyə nə qədər nəzirələr yazılıb? Bu şairlərin nəzirələri demək olar ki, təkrardan ibarətdir və heç bir köklü dəyişiklik yoxdur. Gənc bir araşdırmaçı olaraq xalqımın ağrılı problemlərini əks etdirməyən ədəbiyyatı ədəbiyyat hesab etmirəm. Gülün-çiçəyin, gözəlin vəsfi haqqında kifayət qədər yazılıb. Romantizmin əsas aparıcı cərəyanı olan qəzəl isə ictimai motivlərə deyil, eşq-məhəbbət motivlərinə söykənir. Professor J.Bertels təsadüfi demir ki, "Qəzəl musiqi incəsənətinə aiddir". Orta əsrlərdə ictimai fikr qəzəl və qəsidələrdə deyil, şifahi xalq yaradıcılığının hər hansı bir yanrında daha kəskin vermək olurdu.
Mədəniyyəti ixrac etmək mümkün olmadığı kimi, ədəbi janrları da fikrimcə ixrac etrmək olmaz. Bu hər şeydən öncə həmin xalqın inkişaf xüsusiyyətləri, milli ruhu ilə bağlıdır. Burada xalqların həyatı, sinfi mübarizəsi düzgün əks olunmalıdır. Bir xalqın zövqünü oxşayan ədəbiyyat başqa bir xalqın zövqünü oxşamaya bilər. Düşünürəm ki, xalqımızın milli psixologiyasına ən uyğun gələn ədəbi cərəyan elə realizmdir. Düzdür, digər janrlar vasitəsilə də milli psixologiyanı əhatə etmək olar, amma realizmin ədəbiyyatda daha dərindən iz salması dediyimizə əsas verə bilər. Məhz M.F.Axundzadə də mənim nəzərimdə bir də ona görə ucadır ki, o, realizmi romantizmdən ayırıb müstəqil ədəbi cərəyan etdi.
Lakin söyləmək düzgün olmaz ki, romantizm həyat həqiqətlərinin itirilməsi deməkdir. Bu ədəbi cərəyanın çox gözəl nümunələrini yaradan Nizami deyirdi:
Mən, mən olan gündən şahiddir aləm,
Bir qarışqanı da incitməmişəm.
Təmizdir vicdanım, ucadır adım,
Heç kimin haqqında pis danışmadım.
Burada şair, ömrü boyu pisə piz, əyriyə əyri dediyinə, haqsızlığa qarşı mübarizə apardığına işarə edir. Onun "Sultan Səncər və qarı" hekayəsini xatırlatmaq kifayətdir. Nizaminin, Füzulinin əsərlərində elə realist nöqtələr vardı ki, onlardan çox-çox sonralar yaşamış şairlərin əsərlərində belə həmin nöqtələrə rast gəlinmir. Şerlərinin əksəriyyətinin mayasını keyf, işrət təşkil edən XVIII yüzilin ən böyük şairi olan Vaqifin yaradıcılığında belə kəskin nöqtələrə rast gəlinmir (əlbəttə, onun Azərbaycan gözəlinin daxili və xarici zənginliyini açıb realistcəsinə təsvirini verən "Kür qırağının əcəb seyrəngahı var" və ömrünün sonuncu günlərində yazdığı şerlər istisnadır). Lakin bilindiyi kimi bu şerlər ictimai motivlərə söykənmirdi. Çünki, onun mübarizəsi ictimai quruluşla deyil, tək-tək fərdlərlə idi.
Realizmin yaranması ilə xalqın həyatını doğru-dürüst əks eləyən əsərlər meydana gəldi. Komediya, dram əsərlər kimi yeni-yeni janrlar yarandı. Ədəbiyyatda coşqun inkişaf başladı. Realizmin yarandığı XIX yüzili ədəbiyyatda ancaq XX yüzillə müqayisə etmək olar. Bu zaman isə sosializm realizmi hakim ədəbi cərəyan idi. Bu ədəbi cərəyanın ən çatışmayan cəhəti onda idi ki, kommunist partiyası tək partiyalı sistem olduğu kimi sosializm realizmi də digər ədəbi cərəyanların fəaliyyətinə meydan vermirdi. Daha doğrusu o şairlərə meydan verilirdi ki, onların romantikası inqilabi romantika olsun, əsərlərində zülmə haqsızlığa qarşı üsyankar ruh olsun. Nizami, Zakir, Sabir hamı tərəhindən qəbul edilib sevilərək oxunurdu. Amma Füzuli sosializm realizmi üçün çox da maraqlı olmaya bilərdi. Füzuli yalnız Azərbaycan şairlərinin, alimlərinin gərgin səyi ilə ədəbiyyatdakı mövqeyini saxlaya bilmişdi.
Sosializm realizmi örnəkləri bütövlükdə Azərbaycan ədəbiyyatının ayrılmaz hissəsidir, ən gözəl örnəkləridir. 70 illik ədəbiyyatımız o qədər zəngindir ki, onu digər ölkələrin bütöv ədəbiyyatı ilə müqayisə etmək olar. Lakin, bu bir faktdır ki, biz sosializm realizmindən imtina etməklə ümumən realizmdən imtina edirik. Nəticədə xalqımızın ruhunu oxşamayan yabançı ədəbi nümunələr yaranır. Biz hər işdə olduğu kimi bu işdə də tələsirik. Böyük sabir demiş "Çırmanırıq keçməyə çay gəlməmiş". İndi sovet dövrü ədəbiyyatını araşdırdıqca aydınlaşır ki, bu zaman o əsərlərə meydan verilirdi ki, o sovet adamının zövqünü oxşasın. Burada qeyri-adi heç nə yoxdur. Əslində hər bir ədəbi cərəyan fəaliyyət göstərdiyi dövrdə insanların fəaliyyətini işıqlandırmalıdır. Sabir demiş "şair öz xalqının ayinəsi olmalıdır". Bu sözləri bütün qələm sahiblərinə şamil etsək onlar yaşadıqları dövrün insanlarını tərənnüm etməlidir. Fantastik, kriminal mövzuda yazılan əsərlər ağır zəhmətlə sosializm quran bir xalqın ruhunu bir o qədər də oxşamırdı. Yazmağa yetərli qədər mövzu olduğu halda realizmdən kənara çıxmaq boşuna zəhmət çəkməkdir. 70 illik sovet dönəmi başa çatandan sonra yaranmış bir tendensiya artıq bir ənənə halını alıb. Xalqımızın sosializm dövründə yaratdığı ədəbi nümunələr unudulmaqdadır. Təkcə ona görə ki, bütün bunlar sosializm realizmidir. Belə çıxır ki, şair və yazıçılar sosilizm dövründə yaşasalar da xalqımızın quruculuq proseslərindən kənarda qalmalı imiş.
Böyük istedad sahibi olan S.Vurğun ölməz əsərləri ilə ədəbiyyat xəzinəmizi zənginləşdirmişdir. Onun primitiv əmək alətləri ilə ilanlar mələşən Muğanı gülüstana döndərən, sadə əməkçilərin böyük quruculuğundan bəhs edən "Muğan" poeması bu gün az qala unudulmaqdadır. Yalnız ona görə ki, bu əsər sosializm realizmi cərəyanında yazılıb. Beləliklə də bu fəlsəfi əsərin mahiyyəti heçə endirilib. Və yaxud dünya məzlumlarının zalımlara qarşı mübarizəsindən bəhs edən "Zəncinin arzuları" əsərini götürək. Belə başa düşmək olur ki, ümumiyyətlə müstəmləkə xalqların imperializmə qarşı mübarizəsi lazım deyilmiş. Biz unutmamalıq ki, sosializm dövründə yaşayan xalqın adı sosalizm realizmi yox, azərbaycanlı idi. Və bir də ki, bu dövrdə yaşayan şair və yazıçıların heç biri peyğəmbər deyildi və öncəni görə bilməzdi.
Azərbaycan ədəbiyyatının nəhənglərindən olan Rəsul Rza yüksək bədii zövqlə yaratdığı əsərləri ilə tanınır. Onun bütün əsərlərində insan amili ön plandadır. Şair bir şerində yazırdı:
Plan dövlət qanunudur
Bilirsən özün.
Amma adamsız nə plan, nə dolum,
Adamlarda olsun gözün.
Bu gün onun da böyük zəhmətlər hesabına yaratdıqları "sosializm realizmidir" deyə orta və ali məktəb dərsliklərindən çıxarılaraq unudulmaqdadır.
Sosialism realizminin ən parlaq nümayəndələrindən biri olan, əsərlərinin əsas qayəsi quruculuq və xalq qəhrəmanlarının tərənnümü olan S.Rüstəm bu gün yalnız "Təbrizim", "Ana və poçtalyon" və daha bir neçə şeiri ilə xatırlanır. Onun çoxşaxəli yaradıcılığından bu günki nəsil demək olar ki, xəbərsizdir. Onun Böyük Vətən Müharibəsindən bəhs edən, bir dərdli ananın fəryadını təsvir edən, qəlbləri riqqətə gətirən "Ana və poçtalyon"u bir şairin bütöv yaradıcılığına yetəcək qədər məzmunludur. Azərbaycan ədəbiyyatında cənub həsrətini onun qədər verən ikinci bir şair yoxdur. İncə ruhlu şeirlərində xalqını, vətənini incə bir qəlblə sevən, onun hər bir uğuruna sevinən, dərdinə şərik olan bir şairin ürək çırpıntıları daha az hiss olunur.
Bu gün ən çox oxunan yazıçılardan biri də İlyas Əfəndiyevdir. Onu ədəbiyyatımızda ən çox C.Cabbarlı ilə müqayisə etmək olar. Çünki, yaradıcılığı çoxşaxəlidir. Bütün dövrlər üçün aktual olan əsərləri var. Sozializm realizmi cərəyanında yazdığı əsərləri istinad etsək əksər əsərləri sevilə-sevilə oxunur, pyesləri səhnələrdə repertuardan düşmür.
Oxucuların nəzərinə çatdırım ki, mən bu sətirləri yalnız oxuyub tanış ola bildiyim əsərlər üzərində qurmağa çalışdım. Sosializm realizmi nümunələri ilə tanış olunca öz təəssüratlarımı oxucularla bölüşəcəyəm.
Bu kiçik yazını oxuculara müraciətlə yekunlaşdırıram: Gəlin ədəbiyyatımızı qoruyaq. Bu ədəbiyyatın hansı ədəbi cərəyanda yaranmasından asılı olmayaraq. Yoxsa biz sosializm realizmindən imtina etməklə ən azı iki şeyi itirəcəyik.
Birincisi yetmiş illik ədəbi irsimizi. İkincisi isə ümumiyyətlə realizmən üz döndərəcəyik.
Yeqzar Cəfərli
Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycan ədəbiyyatında müasir yaradıcılıq cərəyanlarının izlənməsi və təhlilinə dair təşəbbüslər" layihəsi çərçivəsində çap olunur