Səməd Behrənginin uşaq ədəbiyyatı üçün yeni kitabları nəşr olunub
25 Fevral 2014 12:56 MədəniyyətYazıçının ilk kitabı "Bir şaftalı min şaftalı" adlanır...Ustad yazıçı Səməd Behrəngi, kiçik dostuna bir nağıl danışır. O nağılda, iki uşağın əkdiyi bir şaftalı tumunun cücərib böyüyərək ağac olana qədər baxın nələr gəlir başına: "...Beləliklə, mən hərəkətdən və hərarətli əllərdən düşdüm, torpağın altında xoş və şirin yuxuya getdim ki, yazda daha hazırlıqlı və daha qüvvətli ayılım, cücərim, torpaqdan çıxıb Polad ilə Sahibəli üçün çoxmeyvəli ağac olum. Elə ağac ki, onun şaftalıları mənə baxanda, öz gözəlliyindən utanan qızların qızarmış yanağına oxşasın, sulu və iri olsun. Qışda gördüyüm yuxulardan yadımda bir şey qalmayıb. Ancaq o yadımdadır ki, yekə ağac olmuşam. Polad və Sahibəli mənim gövdəmə dırmaşıb budaqlarımı silkələyirlər. Ağacın ətrafında toplaşan yarıçılpaq kəndli uşaqları yerə tökülən şaftalıları götürüb ləzzətlə yeyirlər. Ağızlarının suyu sinələrinə tökülür, çılpaq qarınlarını və hətta göbəklərini də isladır..."
"Balaca qara balıq" adlı ikinci kitabda isə Kiçik Qara Balıqla anası arasında olan söhbətdən bəhs edilir: "...Yox, ana, mən belə gəzintilərdən yorulmuşam. Buradan uzaqlaşmaq və başqa yerlərdə nələr olduğunu bilmək istəyirəm. Birdən zənn edərsən ki, bunları mənə kimsə öyrədib, yox, ana, çoxdan bu fikrə düşmüşəm. Əlbəttə, ondan-bundan çox şeylər öyrənmişəm. Məsələn, bunu başa düşmüşəm ki, balıqların çoxu həyatlarını boşu-boşuna keçirdiklərindən gileylənirlər. Daim ah-nalə edir, hər şeydən şikayətlənirlər. Bilmək istəyirəm görüm, həyat elə bir qarış yerdə o yana-bu yana gedib qayıtmaqdanmı, qocalıb heç nə görməməkdənmi ibarətdir, yoxsa başqa dünya da mövcuddur?". Qeyd edək ki, Qanun Nəşrlər Evi tərəfindən balaca oxuculara təqdim edilən hər iki kitab 2 AZN dəyərindədi.