Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondundan daha bir yenilik

Qazaxıstanın xalq yazıçısı, türk xalqları arasında "Dünyanın ən yaxşı şairi" mükafatının qalibi, Çingiz Aytmatovla bir neçə əsərin həmmüəlifi Muxtar Şaxanovun "Həqiqət formulu və Sevginin Everest zirvəsinə yüksəliş" əsərinin ruscadan Azərbaycan dilinə tərcüməsi başa çatıb. Bu barədə "OLAYLAR"-a məlumat verən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov deyib ki, tezliklə tərcümə olunmuş əsər kitab halında işıq üzü görəcək: "Kitab Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə Azərbaycan dilinə tərcümə edilib. Kitabın Azərbaycanda keçiriləcək təqdimatının təşkilatçısı da Türkdilli Dövlətlərin Siyasətinə dəstək Fondudur. Kitabın redaktoru isə telejurnalist Vəli Əkbərdir. Kitab-essedə Çingiz Aytmatovun həyatından oxuculara məlum olmayan maraqlı, həmçinin vətəndaş mövqeyi, dövləti və milli maraqları şəxsi mənafeyindən üstün tutmasını əks etdirən konkret faktlar, müəlliflə dost-qardaş münasibətləri əksini tapıb. Eyni zamanda, Muxtar Şaxanov Çingiz Aytmatovun qaldırdığı manqurtlaşma prosesinə toxunur, bu prosesi ən incə detallarına qədər araşdırır və BMT-yə, YUNESKO-ya azsaylı xalqlar adından təkliflərini çatdırır". Nüsrət Məmmədov deyib ki, kitabda Azərbaycan ictimai-siyasi tarixinin sonuncu mogikanı Heydər Əliyevə həsr edilmiş bir bölüm də var: "Bütün bunlarla bərabər, kitabda şəxsiyyətə pərəstiş problemi, prezidentlər Qorbaçov, Yeltsin, Akayev, Kərimov haqqında xatirələr, milyarder Soros, şairlər Yevtuşenko, Voznesneski ilə bağlı düşüncələr əksini tapıb. Kitab-essedə qaldırılan və müasir dövrü əhatə edən bir çox kəskin aktual problemlər bizim ədəbi mühit üçün də fundamental əhəmiyyətə malik ola bilər. Kitabın azərbaycan dilinə tərcüməsi və Azərbaycanda keçiriləcək təqdimatı Qazaxıstan və Azərbaycan mədəni əlaqələrinin daha da inkişaf etməsi üçün də bir töhfə olacaq"..
Qeyd edək ki kitabın Azərbaycanda keçiriləcək təqdimatında Muxtar Şaxanov, Oljas Süleymenov, İlgiz Aytmatov, Bolot Şəmşiyev və bir sıra Qazaxstan və Qırğızstandan tanınmış şəxslərin və deputatların iştirakı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31