Əli bəy Hüseynzadənin 150 illiyi ilə və beynəlxalq ana dili günü ilə bağlı konfrans keçirilib
22 Fevral 2014 21:46 MədəniyyətFevralın 22-də Ümid Partiyasının qərargahında böyük mütəfəkkir Əli bəy Hüseynzadənin 150 illiyi və Beynəlxalq Ana dili günü ilə bağlı konfrans keçirilib. Tədbirdə böyük fikir adamının həyat yolu haqda araşdırmaçı alim Yasəmən Qaraqoyunlu, filoloq Aydın Mədədoğlu və fəlsəfə doktoru Faiq Ələkbərli, Ana dilinin əhəmiyyəti haqda isə professor Nuşabə Sadıqlının məruzələri dinlənilib. Milli Mədəniyyətin təbliği İB-nin sədri Jalə Cəfərova, BAO təmsilçisi Bəxtiyar Tuncay, ADP-nin sədr müavini, şair Nurəddin İsmayıl, güneyli fəal Əlirza Amanbəyli çıxış ediblər. Tədbirin bədii hissəsində 2007-ci ildə Güney Azərbaycanda hazırlanmış "Ana dilim ölən deyil" sənədli filminin təqdimatı olub. Tədbir Güneyli ozan Yanar Sönməzin çıxışı ilə davam edib.
Tədbirdə iştirak edənlər Güney Azərbaycanda həbs olunan soydaşlarımızla bağlı bəyanat qəbul ediblər.
Bəyanatda deyilir:
"Fevralın 20 və 21 də Güney Azərbaycanın Əhər, Zəncan, İslamşəhr, Miyana və başqa səhərlərində Beynəlxalq Ana dili günü münasibətilə soydaşlarımızın təskil etdiyi tədbirə Iran təhlükəsizlik qüvvələri basqın edərək, 200-dən artıq milli-mədəni fəal həbs edilmisdir. Həbs edilənlərin 84 nəfərinin adları məlumdur. Onların arasında Abbas Leysanlı,Əkbər Azad, İsrafil Sultanian, Ibrahim Rəşidi, Fərdin Muradpur, Həsən Zarəi və Saleh Molla Abbasi kimi dəfələrlə milli haqları müdafiə etdiyinə görə basqılara məruz qalan fəallar da var.
Nəzərə alsaq ki, yeni prezident Həsən Ruhani seçiləcəyi təqdirdə ölkədə fars dilində danışmayan xalqların haqlarını tanıyacağına dair vəd versə də, bu vədlər hələ də reallaşmayıb.
Konfrans iştirakçıları olaraq İranda yaşayan 30 milyondan artıq Azərbaycan türkünün ana dilində təhsil haqqına sahib olmadığı bir şəraitdə soydaşlarımıza qarşı bu hərəkəti kəskin səkildə pisləyir və onların təcili azad olunmasını tələb edir, beynəlxalq təşkilatları isə Iranda yaşayan 30 milyondan artıq soydaşımızın bu ibtidai haqqına çatmaları üçün ciddi addımlar atmağa çağırırıq". Olaylar