Marionetlər Bakıya gəldi: Sapların arxasında gizlənən sehrli dünya
16:05 MədəniyyətTbilisidəki Marionetlər Teatrının qülləsində qızılı qanadlı balaca mələk zəngi vuraraq vaxtı bildirir. Onun səsi sanki insanı Rezo Qabriadzenin ecazkar dünyasına dəvət edir. Uşaq qəlbli, cansız əşyalara həyat verməyi və ən adi şeylərdə belə poeziya görməyi bacaran bu sənətkarın dünyasına...
Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində Bakı tamaşaçıları da bu nağılvari aləmə toxunmaq imkanı əldə ediblər. Heydər Əliyev Mərkəzində Rezo Qabriadzenin Tbilisi Marionetlər Teatrı Aleksandr Dümanın oğlu tərəfindən yazılmış "Kameliyalı qadın" romanından və Cüzeppe Verdinin "Traviata" operasından ilhamlanaraq hazırlanmış, incə yumorla zəngin, zərif və kövrək sevgi hekayəsi olan "Alfred və Violetta" tamaşasını təqdim edib. Bu barədə Trend-in müxbiri məlumat verir.
Görkəmli gürcü dramaturqu, rəssamı, kinorejissoru və heykəltəraşı Rezo Qabriadze dünya incəsənətində silinməz iz qoyub. "Mimino", "Kədərlənmə!" və "Kin-dza-dza!" kimi məşhur filmlərin ssenari müəllifi, peterburqluların sevimlisi olan "Çijik-Pıjik" heykəlciyinin yaradıcısı kimi tanınan sənətkar incə yumoru, fəlsəfi dərinliyi və həqiqi insani duyğuları bir araya gətirmək kimi nadir istedada malik olub.
Onun yaradıcılıq həyatında marionet teatrı xüsusi yer tutub. Rezo Qabriadze teatrın hər mənada yaradıcısı idi. O, teatrın bədii dünyasını formalaşdırır, məşhur saat qülləsini bəzəyən keramika plitələrini öz əlləri ilə hazırlayıb rəngləyir, kuklalar düzəldir, pyeslər yazır və özünəməxsus səhnə estetikasını yaradırdı.
"Alfred və Violetta" teatrın tarixində xüsusi yer tutur. Məhz bu tamaşa 1981-ci ildə teatrın səhnə həyatına başlamasına səbəb olub. İstedadlı gənc astronom Alfred və qırmızısaçlı gözəl yetim qız Violetta 1990-cı illərin əvvəllərində gərgin hadisələrin yaşandığı Tbilisidə yaşayırlar. Köhnə Mtatsminda rayonundakı evlərdən birində onların sevgi hekayəsi başlayır.
Tədricən qəhrəmanların hekayəsi köhnə Mtatsmindanın hüdudlarını aşır. Tamaşaçı onlarla birlikdə Milan, Roma, Venesiya, Xaşuri, Abastumani və Diqomiyə səyahət edir. Bu şəhər və məkanlar qəhrəmanların şəxsi talelərinin böyük dünya ilə qovuşduğu qeyri-adi hekayənin ayrılmaz hissəsinə çevrilir.
Balaca, rəngarəng, bir qədər gülməli və kövrək fiqurlar səhnəyə çıxır və tamaşaçı səmimiyyət üzərində qurulmuş poetik, incə bir dünyaya qərq olur. Usta kuklaçılarının əlindəki güclə sezilən saplar Alfredə, Violettaya, Jermona, Nağılçıya... həyat verir. Kuklalar nəfəs almağa, hərəkət etməyə, danışmağa başlayır. Bir an sonra isə saplar sanki havada əriyir, gerçəkliklə təxəyyül arasındakı sərhəd yox olur. Qarşımızda artıq marionetlər deyil, öz taleləri, sevincləri və kədərləri olan insanlar dayanır. Violetta mahnı oxuyanda isə bu səsin əslində ona məxsus olmadığını unudursan.
Burada kuklalar heyrətamiz dərəcədə insani xüsusiyyətlər qazanır. Qəhrəmanlar işıqlı ironiyadan fəlsəfi düşüncələrə, gülməlidən kövrəyə, yüngüllükdən dərin drama asanlıqla keçirlər. Bu kövrək, səssiz varlıqlar insan sevgisindən, tənhalıqdan və həsrətdən elə incəliklə, elə təsirlə danışırlar ki, bəzən bunu canlı aktyor belə bacarmır.
"Kameliyalı qadın" əsərinin faciəvi finalından fərqli olaraq, Rezo Qabriadze öz qəhrəmanlarına ümid bəxş edir. Onun yozumunda sevgi xilasa çevrilir. Alfred səmada yeni bir ulduz kəşf edir və onu Violettaya həsr edir. Beləliklə, onların taleləri xeyirxahlıq və nəvazişlə toxunmuş poetik dünyada əbədi olaraq birləşir.
Tamaşa artıq başa çatıb, pərdə enib. Lakin balaca bir marionetin ruh qazana bildiyi sehrli dünya uzun müddət insanın yaddaşında yaşayır.
Tamaşanın yeni səhnə versiyasının necə ərsəyə gəldiyi, bu hekayənin rejissorun özünə nə üçün xüsusilə yaxın olduğu və marionet sənətinin hansı imkanlar açdığı barədə quruluşçu rejissor Leo Qabriadze jurnalistlərlə söhbətində danışıb.
Onun sözlərinə görə, 1981-ci ildə yaradılmış teatr uzun müddətdir Bakıya gəlməyi arzulayırdı və festivalda iştirak bu səfəri nəhayət reallaşdırmaq üçün gözəl fürsət olub. Leo Qabriadze özü də əvvəllər, 1982-ci ildə Azərbaycan paytaxtında olub. Lakin onun fikrincə, ötən onilliklər ərzində şəhər xeyli dəyişib.
"Bu, artıq tamamilə başqa şəhərdir. Bakı xeyli gözəlləşib. Burada möhtəşəm ab-hava var və bizi necə qarşıladıqlarından çox məmnunuq", - deyə o, təəssüratlarını bölüşüb.
"Alfred və Violetta" tamaşasından danışan müsahibimiz onun teatrın tarixində xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Məhz bu tamaşa 1981-ci ildə qapılarını açan kollektivin ilk səhnə əsəri olub. Onilliklər sonra teatr bu hekayəyə yenidən qayıdaraq tamaşaçılara tamamilə yeni yozum təqdim edib.
Leo Qabriadzenin sözlərinə görə, atası ilkin pyesi demək olar ki, tamamilə yenidən işləyib, hadisələrin baş verdiyi zamanı və tarixi şəraiti dəyişdirib. Əgər ilk versiyada hadisələr 1981-ci ildə Tbilisidə cərəyan edirdisə, yenilənmiş tamaşada hadisələr Sovet İttifaqının dağılması, siyasi sarsıntılar və Gürcüstanda baş verən dramatik dəyişikliklər dövrünə - 1991-ci ilə köçürülüb.
Beləliklə, Aleksandr Dümanın oğlu tərəfindən yazılmış "Kameliyalı qadın" romanından və Cüzeppe Verdinin "Traviata" operasından ilhamlanan tanış sevgi hekayəsi yeni tarixi və dramaturji məzmun qazanıb.
Leo Qabriadze əsas qəhrəman Alfredlə şəxsi bağlılığına da xüsusi diqqət çəkib. Onun sözlərinə görə, bu tamaşaya qayıtmaq qərarı, böyük ölçüdə öz xatirələri və yaşantıları ilə bağlı olub: 1990-cı ildə o, Gürcüstanı tərk edərək ABŞ-yə köçüb.
"Mən baş qəhrəmanla özüm arasında çox yaxın bir bağlılıq hiss etdim. Mənim üçün teatra qayıtmaq və bu tamaşanı səhnələşdirmək vacib idi. Çünki burada 1990-cı illərdə özümün də yaşadıqlarımın çoxu var", - deyə o bildirib.
Festivalın qonağının fikrincə, bu hekayə Azərbaycan tamaşaçıları üçün də doğma ola bilər. Çünki Gürcüstan və Azərbaycan mürəkkəb tarixi dəyişikliklərdən keçib.
Söhbət zamanı kukla teatrının ifadə imkanlarına və mürəkkəb insani duyğuları çatdırmaq qabiliyyətinə də xüsusi diqqət yetirilib. Leo Qabriadze məhz bunda marionetlərin özünəməxsus gücünün gizləndiyini vurğulayıb. Onun fikrincə, kuklalar bəzən tamaşaçılarda canlı aktyorlardan daha çox inam yarada bilir.
"Kuklalara inanmaq insanlara inanmaqdan daha asandır. Onlar məhz bu obrazlar üçün yaradılıblar. Onların başqa həyatı yoxdur - onlar yalnız öz rolları üçün mövcuddurlar", - deyə o qeyd edib.
Leo Qabriadze atasının yaradıcılıq yolundan da danışıb. Rezo Qabriadze ssenarist kimi məşhur filmlərə yazdığı ssenarilərlə tanınıb. Daha sonra isə özünü marionet teatrına həsr edərək Tbilisinin mərkəzində özünəməxsus, kiçik və bənzərsiz bir sənət dünyası yaradıb. Bununla belə, teatr heç vaxt yalnız uşaq auditoriyası ilə məhdudlaşmayıb. Onun tamaşalarında ciddi mövzulara, fəlsəfi düşüncələrə və dərin insani hisslərə müraciət olunur.
Teatr ictimaiyyətindən danışan festivalın qonağı kukla teatrı sahəsində çalışan insanların xüsusi yaxınlığını vurğulayıb. O, Bakı Marionet Teatrı ilə tanış olmaq, onun tamaşalarını izləmək və azərbaycanlı həmkarlarını Tbilisiyə qastrol səfərinə dəvət etmək arzusunda olduğunu bildirib.
"Biz hamımız bir böyük ailəyik. Bir qədər ekssentrik ailə olsaq da, yenə də ailəyik", - deyə o, təbəssümlə vurğulayıb.
O, həmçinin Bakı Marionet Teatrına gələcək yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb və kukla sənətinin gələcək teatr tamaşaçılarının formalaşmasında mühüm rolunu qeyd edib. Onun sözlərinə görə, bir çox uşaq səhnə sənəti dünyası ilə ilk dəfə məhz kukla teatrı vasitəsilə tanış olur.
Söhbətin sonunda Leo Qabriadze dəvətə görə festivalın təşkilatçılarına təşəkkür edib və belə görüşlərin teatrlara yeni şəhərlər kəşf etmək, öz tamaşaçılarını tapmaq və yaradıcılıq əlaqələri qurmaq imkanı verdiyini vurğulayıb. O, yenidən Bakıya məmnuniyyətlə qayıdacağını bildirib.