Tarixi Azərbaycan kəndində Roma imperatorunun sikkəsi tapıldı
11:40 MədəniyyətErmənistan ərazisində yerləşən tarixi Azərbaycan kəndi Qəmərlidə (erm.Metsamor) Roma imperatorunun sikkəsi tapılıb.
News Armenia"nın məlumatına görə, arxeoloji tapıntılar Metsamor tarixi-arxeoloji qoruq-muzeyinin yaxınlığındakı ərazidə aşkarlanıb.
Ərazisində aparılan arxeoloji qazıntılar zamanı Roma imperatoru Oktavian Avqustun dövrünə aid sikkənin, qızıl sırğaların, tunc xəncərin və digər qədim əşyaların aşkarlandığını qeyd olunub.
Tapıntılar arasında müxtəlif tarixi dövrlərə aid əşyalar da var. Qazıntı işlərinin 2024-cü ildə başladığı və 2026-cı ildə davam etdirildiyi bildirilir.
Məlumata əsasən, qəbir kamerasının yuxarı qatında eramızın I əsrinə aid edilən dəfn yeri müəyyənləşdirilib. Burada qızıl bəzək əşyaları, sikkə və digər artefaktlar aşkarlanıb. Qəbir kamerasının aşağı hissəsində isə ilkin qiymətləndirməyə görə, e.ə. XIV-XIII əsrlərə aid dəfn yeri üzə çıxarılıb. Həmin qatda at sümükləri, keramika qalıqları, tunc əşyalar və xəncər parçaları tapılıb.
Xatırladaq ki, yaşayış məntəqəsi keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında yerləşib. Tarixi mənbələrdə kəndin adının Gözlü Qəmərli kimi də göstərilir.
1918-ci ildə kəndin azərbaycanlı əhalisi etnik təmizləməyə məruz qalaraq deportasiya edilib.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 15 iyul 1946-cı il tarixli qərarı ilə Qəmərli kəndinin adı dəyişdirilərək Metsamor qoyulub.