“Homer nəğmələrində oxunan əfsanəvi dostluq”- Səməd Vurğun-120

Ta qədimdən bu günümüzədək insanlar arasında dostluq münasibətləri ən müqəddəs, ən ülvü münasibət forması olaraq qalmaqdadır. Ayrı-ayrı insanlar və ailələr arasında elə dostluqlar  var ki, bu münasiət fərdilikdən çıxaraq örnəkləşir, ümumilli, bəşəri xarakter alır. Həmin dostluq haqqında söhbətlər, xatirələr, dildən-dilə, ağızdan-ağıza  keçir, əfsanələşir,  böyük insanların dostluğu da böyük olur. Belə örnək böyük dostluqdan biri də xalqımızın iki qüdrətli sənətkarı xalq şairləri Səməd Vurğu və Osman Sarıvəlli arasında yaranan dostluqdur. Bu yazıda mən iki böyük insan arasında yaranan və 38 il sərasər davam edən əfsanəvi dostluğun ayrı-ayrı məqamları üzərində dayanaraq onun mənzərəsini  yaratmağa çalışacam.

Bu dostluğun canlı şahidi olan və ona yüksək dəyər verən, Səməd Vurğunun qardaşı, görkəmli pedaqoq, ədəbiyyatşünas, ictimai-siyasi xadim, professor Mehdixan Vəkilov Səməd Vurğunun həyat və yaradıcılığına həsr etdiyi "Ömür dedikləri bir karvan yolu" kitabında  yazır: "Səməd Vurğunla  Osman Sarıvəllinin həyat, mübarizə və yaradıcılıq hyolları bu illərdən başlayaraq (1930-cu illərin başlanğıcı nəzərdə tutulur. R.G.) birləşir. Əlbətdə, mən, seminariya illərini demirəm. Onlar arasında yaranan səmimiyyət, fədəkarlıq və mənəvi yaxınlıq ömürləri boyu davam etmişdir. Bu iki ədəbi simanın dostluğu, qədim yunan əsatirində söylənən, Hömer nəğmələrində oxunan əfsanəvi bir dostluğu xatırladır."

Seminariyada oxuduğu ilərdə bu iki yeniyetməni oxşar tale, oxşar məşəqqət və məhrum iyyətlərlə dolu tale birləşdirirdi. Və bu həyat tərzi, dolanışıq çətinlikləri həm də onları mövcud ədalətsizliklərə, bərabərsizliklərə, haqsızlıqlara qarşı mübarizəyə səsləyirdi.

Bu illər Səməd Vurğunla Osman Sarıvəllinin arasında yaranmış dostluq münasibətləri getdikcə daha da möhkəmlənir. Onların dostluğu, artıq yavaş-yavaş  əqidə, amal, məslək və ədəbi dostluğa çevrilirdi. Sonralar seminariyadan başlanan dostluğu öz yaradıcılığında qələma alan Osman Sarıvəlli Səməd Vurğuna həsr elədiyi "De, niyə üzümə mənalı baxdın"şeirində yazırdı:

De, nədən biləydim, məktəbli dostum-

Qara qıvrım saçlı sadə bir uşaq

Hünər göstərəcək, ad alacaqdır?!

Qələmin ecazkar qüdrətilə o,

Bir xalqın başını ucaldacaqdır.

Seminariya illərində Osman Sarıvəlli də, Səməd Vurğun kimi gənc yaşlarından komsomol sıralarına daxil olmuşdu və o, da digər seminariya yoldaşları kimi Səməd Vurğunla bərabər Qazaxda və kəndlərdə savad kurslarının yaradılmasında və savadsızlığın ləğv edilməsində, kəndlilərin kolxozlara cəlb edilməsində, əhalinin mədəni inkişafında fəal iştirak edir, iməciliklər təşkil edir, yoxsullara köməkliklər göstərir, teatr  tamaşaları göstərirdilər. Komsomol sıralarında gördükləri işləri, qaşılaşdığı hadisələri məşhur "Komsomol poeması"nda qələmə alan "Səməd Vurğun özünün sədaqətli dostu Osman Sarıvəlliyə , 1931-ci il oktyabrın 17-dəgöndərdiyi bir məktubunda yazırdı: "Bir iri poema başlamışam, komsomol həyatından, görək  nə alınacaq. Ə, qəhrəmanları elə özümüz olacağıq..."      "Görənlər danışırmışlar ki, bu şair qardaşlar əllərinə saz götürüb Vaqiflə Vidadinin məşhur deyişməsini üzbəüz oxumağı şox sevirlərmiş"(Akademik Bəkir Nəbiyev).

1924-cü ildə Seminariyanı bitirdikdən sonra Səməd Vurğun əvvəlcə Osman Sarıvəllinin anadan olduğu Şıxlı kəndində, sonra Köçəskər kəndində, daha sonra Qubada və Gəncədə müəllimlik etdi. Osman Sarıvəlli isə Göyçayın Qaraməryəm və Bığır kəndlərində müəllimilik edirdi. Ancaq onlar harda oldusa bir-birini unutmadılar, məktublaşır, öz fəaliiyətləri barədə bir birinə məlumat verir, ədəbi yaradıcılıqları barədə fikir mübadilələri aparır, məsləhətləşirdilər.

1929-cu ildə onların yolları yenidən birləşir. Hər iki gənc şair "romantikanın qüdrətli  qanadları üzərində, çox-çox  uzaqlara, poetik xəyalın ənginliklərinə, şeir pərisinin məskən saldığı bədii təfəkkür səmasına çıxmaq istəyirdilər." (Mehtixan Vəkilov). Elə bu arzu da onları Bakıya,  oradan isə daha böyük "döyüş meydanına" Moskvaya çəkirdi. Həmin illəri şirin, həm də  kədərli xatirə kimi xatırlayan Mehdixan Vəkilov yazırdı: " Səməd Vurğun yenə də adəti üzrə pulsuz gəlmişdi. Üstəlik osman Sarıvəlli də gəldi çıxdı. O da pulsuz...

Hər iki dost, təxminən ay yarım mənim yanımda qaldılar...1929-cu il iyul ayının ortalarında Səməd üçün bir qədər yol xərci düzəldə bildim. Osmanın qardaşı çoban Qurban da qoyun-quzusunu satıb pul göndərmişdi. Bütün çətinliklərə baxmayaraq yay paltarında  Moskvaya yola düşdülər. Sonralar danışırdılar ki, "qənaətçillik" edərək biletsiz-filansız vaqonların üstündəcə Moskvaya getmşdilər." Moskvada tələbə yataqxanasında qalan,  ilk günlər ciddi  maddi sıxındılar içində yaşayan dostlar təqaüd almaqla yanaşı, boş vaxtlarında, fəhləlik etməyə məcbur olur, maşınlara,  vaqonlara kartof yükləyir və bu kimi işlərlə məşğul olurmuşlar.

O vaxtlar Yazıçılar İttifaqı tərəfindən gənc şair və yazıçılar yay tətillərində həyatı öyrənmək və yeni əsərlər yazmaq üçün  rayonlara göndərilirmişlər. Səməd Vurğunla Osman Sarıvəlli də Qazağa ezam edilirlər. Səməd Vurğun Ağköynək kəndində, Osman Sarıvəlli isə doğma Şıxlı kəndində ezamiyyədə idilər. Həmin günlərdə Səmədi bir vaxtlar sevdalı anlar keçirdiyi məkanlar özünə çəkir, o,  yenə də ilk məhəbbətinin xəyalları ilə göylərdə uçurdu. Osman Sarıvəlli isə dostu kimi Səyalı adlı bir qıza dəlicəsinə vurulmuşdu. "Lakin  qızı Qaraboğazoğlu çoban Abdullanın bu kasıb  oğluna vermək istəmirdilər. Buna görə də Osman baş götürüb uzaqlara , Moskvaya getmişdi. İndi isə kəndlərinə, ilk məhəbbətinin doğma yuvasına  qayıdıb gəlmişdi." (Mehdixan Vəkilov). Bu iki gənc arasında dostluq münasibətlərinin nə qədər möhkəm, səmimi və sədaqətli olduğu təsdiqi üçün həmin günlərdə onların bir-birinə yazdığı məktublardan misallar gətirmək istədim. 1930-vu ilin 24 avqustunda Səməd Vurğun dostuna yazırdı: "Əzizim Osman, salam. Şıxlıya gəlmək və orada  səninlə birgə işləmək yaman ürəyimdən keçir. Sənin "xoşbəxtliyindən" məni buraxmadılar. Ayə, yoxsa  kölgəmdə qalardın. İnandırıram ki, sənin haqqında çox narahat oluram həmişə də fikirləşirəm. Osman mənə elə gəlir ki, sən çox fikirləşib az görürsən. Həyatsa gözləmir. Biz atımızı dördnala çapmalıyıq.

Çalış onlarla işi yoluna qoy. Əgər mümkün olmasa , məsləhət görürəm: onu unut və təhsilinin dalınca get...İkinci də bəy qızı ilə evlənməyi heç sənə məsləhət  görmürəm...

Mən Ağköynəkdə qalmalı və işləməli oldum, Moskvaya gedəndə Qazaxdan gəl ki, görüşək. Səninlə söhbətim var."  Lakin özü də məhəbbət dəlisi olan, ilk məhəbbətindən olmazın iztirablar keçirən, Səməd Vurğun bir neç gündən sonra Osman Sarıvəlliyə göndərdiyi məktubunda yazırdı: "Əzizim Osman! Bilmirəm Musa mənim birinci məktubumu  sənə yetirdimi? Mən orda yazmışdım ki, ondan tamam əl çək. Bir tərəfdən də fikirləşirəm ki, bu çox prinsipal məsələdir. Özü də deyirsən ki, arada məhəbbət var. Bizim nə ixtiyarımız var ki, onun əleyhinə duraq."

Yazılı mənbələrdən aydın olur ki, Səməd Vurğula Osman Sarıvəllinin dostluğ təkcə bu iki gəncin dostluğu ilə məhdudlaşmamış , həm də onların ailəsnə keçmişdi. Osman Sarıvəlli ilə Mehdixan Vəkilov arasında mehriban qardaşlıq və dostluq münasibətləri olduğu kimi , Səməd Vurğunla  Osman Sarıvəllinin qardaşı çoban Qurban Abdulla oğlunun da mehriban ünsiyyətləri hələ Səməd Vurğun Şıxlı məktəbində müəllimlik edən dövrdən yaranmışdı və bunu Səməd Vurğunun Qurban Abdulla oğluna 1930-cu ildə  yazdığı məktub əyani şəkildə sübut edir: "Bizim ilk görüşümüz 6 il bundan əvvəl Şıxlı kəndindən Qazağa gələrkən oldu. O zaman mən bir kənd müəllimi , sən də bir kəndli idin...Mən o zaman gördüm ki, sən sadəqəlb bir insansan. Ona görə sənin xətrini çox istəyirəm. Bu gün mən və Osman birlikdə çalışırıq...Sən Osmanın qardaşı olduğun kimi, mənim də qardaşımsan. Odur ki, bu məktubu Osmanla göndərirəm və sənə və bir də səni istəyənlərə çox-çox salam göndərirəm. Sizə yadigar olaraq aşağıdakı şeiri yazıram". Bu şeir "Ellər dünyası" adlanırdı.

Həm Səməd Vurğunun, həm də Osman Sarıvəllinin yaradıcılıqları  şifahi xalq ədəbiyyatından,  folklorumuzdan bəhrələnmişdi. Onların hər ikisi də əsasən aşıq şeirinin ən gözəl nümunəsi olan qoşma janrında yaradıcılığa başlamışdılar.Bu qoşmalar dillər əzbəri olur, həmin dövrün (həm də sonrakı dövrlərin) aşıqlarının repertuarını bəzəyirdi.       Elə bu səbədən də bir sıra hallarda kosmopolit düşüncəli "mefistofellər" həm Səməd Vurğun tənqid edir və çox qəribədir ki, böyük şairi tənqid edənlər həm də onun  ədəbi dostu Osman Sarıvəllini  tənqid edir və onun indi dillər əzbəri olan "Gətir oğlum, gətir" poemasının  "...fəlsəfi qayəsini və məramını qəsdən eybəcərləşdirmək  məqsədini güdürdülər. Buna görədir ki, böyük sairimiz S.Vurgun O. Sarıvəlliyə həsr etdiyi şeirində yazırdı "kosmopolit is baginda səni dandi, məni dandi" -- deyirdi. " Xalq şairi Səməd Vurğun belə üzdəniraq tənqidçilərə  özünün məşhur "Muğan" poemasında daha qabarıq şəkildə cavabalndırırdı:

Kosmopolit tənqidçilər ömrü boyu dandı məni

Dedi: "Əsl şairlərin nə yurdu var, nə vətəni".

Dedi: "Bütün yer üzüdür sənətkarın ana yurdu,

Bizim çoban şairi də saz üstündə şeir qurdu..."

- Bəli! - Dedim! - Saz üstündə!

Lakin onun mənasını

Vətənimin, millətimin qəhrəmanlıq dünyasını

Simfonyalar lisanilə öz evimdə ötmüşəm mən

Vaşinqton salonları keçməmişdir ürəyimdən!

Qeyd edildiyi kimi, Səməd Vurğunla Osman Sarıvəllini bir-biri ilə uşaqlıq, tələbəlik, ailə dosu olmaqla yanaşı,  həm də ədəbi dostluq birləşdirirdi. Səməd Vurğun Osman Sarıvəllinin yaradıcılığına yüksək qiymət verir və ona çoxsaylı şeirlər həsr edirdi . Yazının bu məqamında həmin şeirlərin ikisindən  nümunə gətirmək istədim:

Sirin dilin, şirin Iəhcən,

Yurdumuzun oz sasidir,

Rübabını çalanda sən

Dindi dağ da, göy ormanda

Dedi hamı, dedim mən da

Bu Osman nəfəsidir

Yurdumuzun öz səsidir!...

Səməd Vurğunun dostu Osman Sarıvəlliyiyə həsr etdiyi, oxuculara nümunə gətirmək istədiyim iknci şeiri "Bir arzu" adlanır:

Yenə şeirlərin qarşımdadır, bax,

Sənin kitabçanı varaqlayaraq,

O qara keçmişi xatirə saldım,

Hər sözün üstündə xəyala daldım....

...Bu bizə bəllidir!

Fəqət, qardaşım!

(Sən ey bu dünyada yalnız sirdaşım)

Düşünən alnının isti tərindən,

Ömrünün yuxusuz gecələrindən

Hər ayın başında bir dastan yarat,

Yazan əllərinlə bəzənsin həyat...

Səməd Vurğun "Muğan" poeması üzərində işləyərkən poemanın ayrı-ayrı nəğmələrini Osman Sarıvəlliyə göndərir, onun poema haqqında fikrini alırmış. Bir dəfə poemanın 14-cü nəğməsində "Qəhrəmanın zəfəri" hissəsini oxuyarkın Osman Sarıvəlli görür ki,  onun müəllifi olduğu bir fikir poemada yer alıb. Götürüb Səməd Vurğuna zəng edir və   bunu  ona bildirir. Səməd Vurğun cavabında deyir: - Osman mən onu dəyişdirməyəcəm, ancaq elə əlavə edəcəm ki, oxucular o fikrin müəllifinin  sən olduğunu biləcəklər". Elə də olur və poema nəşr onunanda həmin fikir aşağıdakı kimi yazılmışdı:

...Pələng nərə çəkər hücumdan qabaq,

Bir an da  bir yerdə dayanmayaraq...

Dağlar dilə gələr onun səsindən,

Ağaclar titrəyər hər nərəsindən...

Ancaq, şikarını aldımı pələng,

Hayqırmaz, bir daha nərə çəkərək;

Hay vurub, qıy vurub qışqırmaz yenə,

Sakitcə baş qoyar öz pəncəsinə...

Oxucum, bu surət sizə  bəllidir,

Onun ilk avtoru Sarıvəllidir.

Osman Sarıvəlli də dostu Səməd Vurğuna öz sədaqət və məhəbbətini təkcə onunla ünsiyyətdə olanda, məktublalaşnda ifadə etməmiş,  həm də onun yaradıcılığına yüksək  dəyər verərək, bu böyük şair və şəxsiyyət haqda fikirlərini poetik ifadələrlə təqdim etmişdir. Belə şeirlərdən biri olan "Günah onun özündədir" şeiridir.

Dostum, incə barmaqların

Sədəflərin üzündədi.

Mənim meylim bir sazında,

Bir də şirin sözündədi...

Osman, ələ alma əsa,

Yaş dolanda batma yasa.

Hər kim yüz il yaşamasa,

Günah onun özündədi.

Osman Sarıvəllinin Səməd Vurğun haqqında ən kövrək şeirləri onun ölümündən sonra yazmışdır."De niyə üzümə mənalı baxdın", "Heykəl", "Mən dayansam sən dayanma", "Qəbirstanda bir gecə" həmin qəbildən oln şeirlərdi. Bu şeirlər təkcə bir şeir deyil  40 illik dost, ən yaxın sirdaş, qardaş qədər doğma olan əziz bir insanın vaxtsız itkisini ifadə edən  ağıdır, göynərtidir, həm də bu böyük dostunun vaxtsız ölümündən fəryad qoparan şairin  açıq etiraflarıdır. Lakin Osman Sarıvəlli bu şeirlərlə kifayətlənməmiş, 1958-ci ildə onun haqqında ən kövrək əsəri olan "Sənsiz keçən günlərim" poemasını yazmışdır. Poemanı oxuduqca onun hər sətrində bir göynərti duyursan. Vurğubsuz ömrünün üçüncü ilini yaşayan şair, sanki onu bu əsəri yazan gün itirib. Ən yaxın ürək dostunu, könül sirdaşını itrmiş Osman Sarıvəllinin bu böyük itlkidən nə qədər sarsıldığını və hələ də özünə gəə bilməriyi poemanın hər sətrində hiss olunur:

Bir tabut qaldırdım, belim büküldü_

Gördüm dərdim kimi ağırdır yüküm;

Deyirəm,  kaş mənim əlim sınaydı,

Sənin cənazəndən yapışdığım gün.

Şair poemada bu böyük itkinin kədərini milyonların daşıdığını bildirsə də, "Sənsiz bircə gün də dözə bilməzdim, Yeddi yüz otuz gün necə dözmüşəm deyərək onun bütün ağırlığın məhz iki nəfərin daşıdığını yana-yana belə ifadə edir:

Sözlərin qranit qayalarından,

Özün qoyub getdin öz heykəlini.
Kəsdirir yanını Mehdixan, Osman ,

Mən yaxın dostunam, o qardaşındır,

Dururq üz-üzə dərdli, kədərli,

Mən ayaq daşınam, o baş daşındır..

Sözsüz ki, poema haqıında danışmaq, yazmaq ayrıca bir yazının mövzusudur və mən bu yazıda əsərdən bir neçə nümunə gətirməklə kifayətləndim. Osman Sarıvəlli Səməd Vurğunsuz keçən 34 il ərzində heş vaxt ən əziz dostunu unutmadı, onu əsərlərində, xatirələrində, söhbətlərində xə xəyallarında yaşatdı.

Səməd Vurğundan sonra Osman Sarıvəlli ilə 20 ilə yaxın dostluq etmiş Zəlimxan Yaqub yazırdı: " Dilinin əzbəri Səməd Vurğun idi. Elə görüşümüz yadıma gəlmir ki, o, Səməd Vurğunu xatırlamamış olsun. Lap kövrələndə dərindən ah çəkib - "Eeeh, Səməd, Səməd", - deyərdi...

Səməd Vurğundan analar nə doğub, nə doğacaq-deyərdi."

Bu dünyada iki qudrətli söz ustadı yaşadı. Onların dostluğu da yaradıcılıqları, mənəviyyatları və şəxsiyyətləri kimi, gələcək nəsillərə örnək oldu. "Bu iki ədəbi simanın dostluğu, qədim yunan əsatirində söylənən, Hömer nəğmələrində oxunan əfsanəvi bir dostluğu xatırladır."

Ramiz Göyüş

Yazıçı-publisist

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31