İran və silah iddiaları: Köçəryanın çıxışı region siyasətini necə dəyişir?- ÖZƏL

Ermənistanda iyunun 7-nə təyin edilmiş parlament seçkiləri öncəsi revanşist qüvvələrin fəallığı artır. Rusiya tərəfindən dəstəklənən eks-prezident Robert Köçəryan seçki kampaniyası çərçivəsində verdiyi bəyanatda Ermənistanın hərbi təchizatı ilə bağlı sensasion etiraf edib. Köçəryan bildirib ki, 44 günlük müharibə zamanı Ermənistana silah-sursat daşınması üçün hava məkanını açan yeganə ölkə məhz İran olub. Hazırda Fransadan alınan artilleriya qurğularının mərmisiz "metal qırıntısı" olduğunu deyən eks-prezident, İran ətrafındakı gərginlik səbəbindən Tehranın artıq NATO üzvü olan ölkələrin yükləri üçün hava məkanını bağlayacağını və Ermənistanın çıxılmaz vəziyyətdə qaldığını vurğulayıb. Bu açıqlama illərdir rəsmi Tehranın Ermənistanın işğalçılıq siyasətinə verdiyi gizli hərbi-logistik dəstəyin birbaşa təsdiqi kimi qiymətləndirilir.

Köçəryanın bu etirafı İran-Azərbaycan münasibətlərindəki etimada necə təsir göstərəcək? İndiki halda bu etirafın edilməsi hansı siyasi xarakter daşıyır?
Mövzu ilə bağlı politoloq Murad Saddədinov Olaylar.az-a açıqlama verib:
" Bu hərbi cinayətkar Köçəryan öz bəyanatı ilə yeni bir şey deməyib, sadəcə olaraq məlum hadisələri təkrarlayıb. Bu hadisələr hamı üçün bu vaxta qədər məlum idi. Müharibə vaxtı bununla bağlı çox fikirlər söyləmişik.
Sadəcə olaraq indi seçki kampaniyasıdır və o çalışır müxtəlif fəaliyyətlərlə Paşinyanın siyasətinə zərbə vurulsun, Paşinyanın tutduğu yolu tənqid etsin və göstərsin ki, Paşinyanın tutduğu yolda səhvlər nəticəsində Ermənistan müxtəlif ağır vəziyyətlərlə rastlaşacaq. Amma bunlar hamısı cəfəngiyyatdır.
Paşinyan bu günlərdə sülh siyasətini həyata keçirir. Köçəryan isə vaxtilə Rusiyanın maraqlarını idarə edən bir marionet prezident idi. Bugünkü gündə də onun fəaliyyəti, məsələn, Rusiya tərəfindən idarə olunur və Rusiyanın siyasətini həyata keçirmək üçün çalışır. Bu baxımdan onun çıxışları  "İrana bura gəlməli" kimi fikirlər və sair, bunların hamısı birbaşa Paşinyanın seçki kampaniyasına mənfi təsir göstərməkdən ibarətdir.
Hesab edirəm ki, bu heç bir nəticə verməyəcək. Köçəryan Ermənistan daxilində hər hansı təsir imkanına malik deyil. Rusiyada belə bir gücü yoxdur və son nəticədə Paşinyan seçiləcək. Nəticə etibarilə bu cinayətkarlar da gələcəkdə məsuliyyətə cəlb olunacaqlar və heç bir kənar qüvvə də onları müdafiə etməyəcək.
Necə ki, Qarabağdakı separatistləri kənar qüvvələr idarə edirdi və son anda Azərbaycan məhkəməsində qərarlarını alıb gedib cəzalarını çəkirlər. Köçəryanın da sonu belə bitəcək".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31