Kinoda bürokratik tıxac – 11 milyondan 41 faiz xərclənib: Dövlətin pulu var, amma çəkiliş yoxdur
20:23 Mədəniyyət"Maliyyə Nazirliyinin kinoya pul ayrılması ilə bağlı arqumentləri müəyyən mənada məntiqlidir. Nazirlik bildirir ki, 2025-ci ilin əvvəlində 11 milyon, ilin sonunda isə 5 milyon manat qalıq vəsait olub. Buna görə də 2026-cı il üçün ayrılacaq vəsaitlə bağlı sorğuya cavab verilməyib. Onların yanaşmasına görə, əgər 2025-ci ildə cəmi 3 milyon manat xərclənibsə, 2026-cı ildə də təxminən eyni həcmdə vəsaitin ödənilməsi kifayət sayılır. Halbuki Mədəniyyət Nazirliyi haqlı olaraq bildirir ki, 2025-ci ildə istehsalata buraxılmış, lakin ödəmələri 2026-cı ilə düşən layihələr mövcuddur. Bu, doğrudur - çünki filmlər adətən yayda çəkilməyə başlanır və növbəti ilin eyni dövründə tamamlanır. Son ödənişlər də həmin vaxt həyata keçirilir".
Bunu Musavat.com-a açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, kinorejissor Əli İsa Cabbarov deyib.
Onun sözlərinə görə, dövlətin kinoya ayırdığı vəsaitlərin xərclənməməsi ciddi məsuliyyətsizlikdir:
"2025-ci ilin əvvəlində 11 milyon manat vəsaitin qalması kinomuza qarşı böyük məsuliyyətsizlikdir. Bu vəsaitin istifadəsini təmin etmək üçün film müsabiqələrinin sayını artırmaq lazımdır. Müsabiqələr çoxaldıqca təsdiqlənən layihələr tez istehsalata buraxılar və dövlət vəsaiti vaxtında xərclənərdi. Bu il cəmi bir film müsabiqəsi başa çatıb, ikincisi yekunlaşmaq üzrədir. Halbuki 2025-ci ildə azı üç müsabiqə keçirilməli idi. Mənim təklifim ondan ibarətdir ki, müxtəlif janrlar üzrə dörd müsabiqə təşkil olunsun".
Rejissorun fikrincə, Azərbaycanda həm peşəkar yaradıcı heyət, həm də dövlət dəstəyi ilə film çəkməyə layiq ssenarilər kifayət qədərdir:

"Kino Agentliyi və Mədəniyyət Nazirliyinin arxivində çəkilməyə dəyər çoxlu ssenarilər var. Demək olmaz ki, material yoxdur. Sadəcə, istehsalata buraxılmırlar".
Əli İsa Cabbarov qeyd edib ki, film festivalları da maliyyə baxımından çətin vəziyyətdədir:
"Bu il üç film festivalı keçirildi - DokuBaku Beynəlxalq Sənədli Film Festivalı, Animafilm və Bakı Beynəlxalq Film Festivalı. Lakin onların hamısı ciddi maliyyə çatışmazlığı ilə üzləşdi. Əgər vəsait varsa, niyə layihələrə pul ayrılmır? Niyə bu festivallar hələ də 'dilənçi statusu'ndadır? Niyə beynəlxalq tədbirlər təşkilati baxımdan axsamalarla keçirilir?"
Kinorejissor əlavə edib ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi də bu sahədə bürokratik maneələr yaradır:
"Bu qurum film layihələri ilə bağlı satınalma əməliyyatlarını təsdiqləyir. Lakin çox vaxt sənədlər Agentlikdə ilişib qalır və ya formal səbəblərlə geri qaytarılır. Münsiflər layihələri təsdiqləyir, rejissorlar çəkilişə başlayır, amma ödəmə gecikir. Bununla bağlı xüsusi komissiya yaradılmalı və bu problemlər birdəfəlik aradan qaldırılmalıdır. Biz hər mərhələdə - çəkilişin əvvəlində, ortasında və sonunda müxtəlif arayışlar təqdim etməyə məcbur oluruq. Bu, istehsalatı ləngidir. Məntiqli, sadə və sürətli sistem qurulmalıdır".
Əli İsa Cabbarovun fikrincə, dövlətin kinoya ayırdığı vəsaitlərin xərclənməməsində məsuliyyət həm aidiyyəti strukturların gecikməsində, həm də Agentliklə işin səmərəsiz qurulmasındadır:
"Müsabiqələr gec keçirilir, az sayda film istehsalata buraxılır, Agentliklə iş ləng gedir. Nəticədə layihələrin maliyyələşməsi gecikir. Hətta olub ki, beynəlxalq kino layihəsi elan edilib, amma sənədlər Agentlikdə ilişib qaldığı üçün çəkiliş vaxtı dəyişdirilib".
Qeyd edək ki, Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2026-cı ilin dövlət büdcəsi müzakirə olunarkən məlum olub ki, gələn il film sektoruna dövlət büdcəsindən vəsait ayrılmayacaq. Maliyyə nazirinin müavini Himalay Məmişov bildirib ki, bu il Kino Agentliyinə 8,5 milyon manat vəsait ayrılıb:
"Artıq 11-ci aydır, bu vəsaitdən cəmi 41 faiz istifadə olunub. Növbəti il üçün sifarişlər 12 milyon manat təşkil edir. Qalan vəsaitin həmin sifarişləri ödəyəcəyi qənaətindəyik".
Şahanə Rəhimli,
Musavat.com