“Türk Mədəniyyətinin Rəqəmsal Transformasiyası” mövzusunda sessiya təşkil olunub

Xəbər verdiyimiz kimi, Özbəkistanın Xivə şəhərində Özbəkistan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Baxşı Festivalı keçirilib. Festivalın tərkib hissəsi: "II Türk Dünyası Mədəniyyət Forumu" çərçivəsində "Türk Mədəniyyətinin Rəqəmsal Transformasiyası" mövzusunda sessiya təşkil olunub.

"Ədəbiyyat və incəsənət" portalı xəbər verir ki, sessiya, Türk Mədəniyyəti və İrsi Fondu və Türk Əməkdaşlıq Koordinasiya Agentliyi (TİKA) ilə birgə hazırlanıb.

Türk Mədəniyyəti və İrsi Fondunun layihə meneceri Nuri Aksunun moderatorluğu ilə baş tutan sessiyada mədəni irs və rəqəmsallaşdırma sahəsində beynəlxalq nüfuza malik mütəxəssislər bir araya gəlib. Cənab Aksu çıxışında TİKA ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında qurulan əməkdaşlıq münasibətlərindən bəhs edib, tərəflər arasında imzalanmış Anlaşma Memorandumuna istinad edərək 2025-ci il üçün nəzərdə tutulan birgə layihələr barədə məlumat verib, "Macarıstandakı Türk İrsinin Rəqəmsallaşdırılması" layihəsinə xüsusi diqqət ayırıb. 

Əlavə olaraq, sözügedən sessiyanın da məhz TİKA ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında mövcud əməkdaşlıq hesabına həyata keçirildiyini vurğulayıb.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova sessiyaya qatılaraq təqdimatları dinləyib və iştirakçıları təbrik edib.

Sessiyada Türk Memarlıq Araşdırmaları Mərkəzinin Baş katibi Hasan Fevzi Çügen, Balkanlardakı Türk Memarlıq İrsinin Bərpası və Rəqəmsallaşdırılması layihələri haqqında danışıb. O, təqdimatında Balkanlar və Türküstandakı müxtəlif irs sahələri ilə yanaşı, TİKA-nın dəstəyi ilə bərpa edilən Gül Baba Türbəsi və Muzeyi, eləcə də Serbiyadakı Mahmud Paşa Hamamı kimi layihələrə toxunub.

Restavrator Erdinç Gökçe, Divriyi Ulu Məscidi kimi UNESCO Dünya İrsi Siyahısında yer alan ərazilərdə fotoqrammetriya və lazer skanlama texnikalarından istifadə olunaraq həyata keçirilən bərpa və qoruma işləri haqqında məlumat verib.

Carleton Universitetinin müəllimi və ICOMOS-SIPA-nın fəxri prezidenti Prof. Mario Santana, onlayn qoşularaq iştirak etdiyi sessiyada "Mədəni İrsin Qorunması, İdarə Edilməsi və Təqdimatı üçün Rəqəmsal Alətlər" adlı təqdimatında dünya miqyasında yaxşı təcrübə nümunələrini və rəqəmsallaşmada qarşılaşılan texniki çətinlikləri müzakirəyə qoyub.

University College London-un müəllimi Prof. Tim Williams, onlayn təqdimatında Orta Asiya Arxeoloji Landşaftları (CAAL) Layihəsini təqdim edərək peyk təsvirləri, Coğrafi İnformasiya Sistemləri (GIS) və açıq girişli rəqəmsal arxivlərin yaradılması sahəsində görülən işlərdən bəhs edib.

Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisi dos. Dr. Fatma Sezin Doğruer Türkiyənin Efes Rəqəmsal Təcrübə Muzeyi, Ayasofya Tarix və Təcrübə Muzeyi, Virtual Troya Muzeyi kimi genişmiqyaslı rəqəmsallaşdırma layihələri və milli inventar sistemləri haqqında məlumat paylaşıb.

Sessiyada Türk Dünyasının zəngin mədəni irsinin rəqəmsal texnologiyalar vasitəsilə qorunmasının və tanıdılmasının vacibliyi xüsusi vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31