“Elmi müsabiqələr sisteminin yenidən baxılması zamanıdır”- Professordan təklif- ÖZƏL
16:36 Sosial"Ölkədə elan edilmiş elmi müsabiqələrə yalnız xarici nüfuzlu jurnallarda dərc edilmiş məqalələrin qəbul edilməsi beynəlxalq standartlara ineqrasiya kimi təqdim olunsa da, əslində yerli elmi mühitin inkişafını zəiflədən sistemdir". "Olaylar" xəbər verir ki, bunu iqtisadçı alim, professor, Rusiya, Türkiyə və Azərbaycan iqtisad elmləri doktoru Zahid Məmmədov deyib: "Bizim üçün maraqlıdır ki, beynəlxalq indekslərlə müqayisədə Azərbaycanın elm mühiti özünü qiymətləndirə bilirmi? Nəzərə alaq ki, Azərbaycanda iqtisadiyyat, tarix, hüquq, təhsil və mədəniyyət kimi sahələrdə tədqiqatların bir çoxu məhz lokal kontekslə bağlıdır, və bu, bütün dünyada belədir. Ona görə, bəzi hallarda bu sahələrlə bağlı məqalələrin xarici dildə çap edilməsinə ehtiyac yoxdur. Çünki, məsələlər sırf Azərbaycan çərçivəsində dəyərləndirilir. Bu zaman mövzu beynəlxalq autoriya üçün maraqlı olmaya bilir. Belə olduğu halda müsabiqənin şərtləri yalnız təbiət elmləri üzrə çalışan alimlərin lehinə işləyir, sosial, humanitar sahələrin kənarda qalma imkanı yaranır. Odur ki, müsabiqələrin şərtlərində balanslaşdırma siyasəti olmalıdır. Məqalələrin xarici nüfuzlu jurnallarla bərabər yerli jurnallarda da çapı şərtlərə əlavə edilməlidir. Dövlətin prioritetlərinə uyğun tədqiqat layihələrinə, yerli problemləri həll edəcək innovativ tətbiqi araşdırmalara balanslı meyarlar çərçivəsində yer ayrılmalıdır. Əsas şərt o götürülməlidir ki, müsabiqəyə təqdim edilən elmi məqalə nəyə xidmət edir, Azərbaycan iqtisadiyyatının inkişafına xidmət edirmi.
Cənab Prezident Milli Elmlər Akademiyasının 80 illik yubileyində çıxışı zamanı qeyd etdi ki, elmi məqalələrin əsas göstəricisi onun real nəticəsidir. Bu, cənab Prezidentin tapşırığıdır. Odur ki, müsabiqəyə təqdim edilən elmi məqalələrin real nəticələri olmalıdır. Alimlərin qarşısına qoyulan birinci məsələ ondan ibarətdir ki, Azərbaycan elmi iqtisadiyyatın inkişafına xidmət etməlidir. Azərbaycan dilinin saflığı, Azərbaycan tarixi, Azərbaycan iqtisadiyyatına xidmət edən məqalələr adətən kokal jurnallarda nəşr olunur. Dövlət başçısının söylədiyi kimi elmin praktiki nəticəsi olmalıdır. Təkcə elmi əsərlərdə yox, reallıqda iqtisadiyyatın sürətli inkişafı nəzərə alınaraq elmlə iqtisadiyyat arasında uzlaşdırma yüksək səviyyədə olmalıdır. Yazılan məqalənin iqtisadiyyatın inkişafına təsiri yoxdursa, onun nə mənsı? Ona görə hesab edirəm ki, elmi müsabiqələr sisteminin yenidən baxılması zamanıdır".
Qeyd edək ki, Azərbaycan Elm Fondu "İlin Alimi - 2025" mükafat müsabiqəsinə start verib. Müsabiqənin əsas məqsədi ölkəmizdə elmin inkişafına töhfə vermiş alim və tədqiqatçıların fəaliyyətini qiymətləndirmək, onların elmi nailiyyətlərini ictimaiyyətə təqdim etmək və beynəlxalq elmi əməkdaşlığı gücləndirməkdir. Müsabiqəyə 2025-ci il yanvar - noyabr ayları arasında xarici nüfuzlu jurnallarda (SCİ və digər beynəlxalq indeksli nəşrlərdə) dərc olunmuş elmi işlər qəbul olunur.