Regionda yeni güc xətti: Azərbaycan Orta Asiya əməkdaşlığında aparıcı rol alır – ÖZƏL

"Son vaxtlar Azərbaycanın türk dövlətləri ilə, eləcə də Orta Asiyanın beş dövləti ilə çox ciddi iqtisadi və siyasi əməkdaşlığı formalaşıb. Artıq bu ölkələrlə həm iqtisadi, həm də siyasi sahələrdə olduqca intensiv əməkdaşlıq edirik".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi qeyd edib ki, bunun təsdiqi kimi noyabr ayının 15-16-da Özbəkistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə Azərbaycan Prezidenti də iştirak edib. Azərbaycan üçüncü dəfədir ki, bu tədbirə qatılırdı və bu dəfə mühüm bir qərar qəbul olundu: Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu üzvü elan edildi. Bu, əslində, regionun ali siyasi platformalarından biridir. Orta Asiya dövlətləri bu məclisdə bir araya gələrək mühüm qərarlar qəbul edir, regional əməkdaşlıq məsələlərini müzakirə edirlər.

Siyasi şərhçi əlavə edib ki, Azərbaycanın bu quruma tamhüquqlu üzv kimi qəbul edilməsi göstərir ki, Azərbaycanın Orta Asiya ilə əməkdaşlığı son dərəcə sıxdır. Son illərdə Azərbaycan bu dövlətlərlə tərəfdaşlığı genişləndirib, onlara həm müttəfiq, həm də strateji tərəfdaş kimi daha da yaxınlaşıb. Qarşılıqlı səfərlərin intensivliyi də bunu sübut edir: son üç ildə Azərbaycan Prezidenti Orta Asiya ölkələrinə 14 dəfə səfər edib, Orta Asiya dövlətlərinin rəhbərləri isə 23 dəfə Azərbaycana gəlmişlər.

Ekspert bildirib ki, Qarabağın bərpasında da Orta Asiya dövlətlərinin hər birinin müəyyən payı və dəstəyi olub. Ən strateji layihələrdən biri isə "Orta Dəhliz" - yəni Orta Yol layihəsidir. Bu, Azərbaycanla Orta Asiya ölkələrinin birgə həyata keçirdiyi böyük nəqliyyat və logistika layihəsidir və hazırda sürətlə inkişaf etdirilir. Gələcəkdə bu dəhliz Orta Asiya respublikalarını Avropa ilə birləşdirəcək. Bu yol vasitəsilə təxminən 15 milyon ton yükün daşınması planlaşdırılır. Bu isə Orta Asiya ölkələrinin iqtisadiyyatının inkişafına, Avropa ilə əməkdaşlığın dərinləşməsinə və ticarət əlaqələrinin genişlənməsinə böyük töhfə verəcək. Azərbaycan da bu layihədə mühüm tranzit ölkə kimi xüsusi rol oynayır.

"Məşvərət görüşündə bu yolun istifadəsi, əlverişli gömrük rüsumları və digər texniki məsələlərlə bağlı ümumi anlaşmalar da əldə olunub. Ümumiyyətlə, bölgədəki dövlətlərin bu platformada bir araya gəlməsi və Azərbaycanın da tamhüquqlu üzv kimi qəbul edilməsi onu göstərir ki, türk dövlətləri arasında böyük bir ittifaq formalaşır. Türkiyə, Azərbaycan və Orta Asiya türk respublikaları strateji bir mega layihə ətrafında birləşirlər. Bu əməkdaşlıq logistika, iqtisadiyyat, ticarət, enerji və siyasi əlaqələri əhatə edir və bütün region üçün geniş perspektivlər vəd edir," - deyə Əli Mustafa vurğulayıb.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31