İlham Əliyevin Daşkənd səfəri: Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ – ÖZƏL
16:48 Siyasət"15 noyabr 2025-ci ildə Prezident İlham Əliyevin Özbəkistana rəsmi səfəri regionda baş verən geosiyasi proseslərin fonunda xüsusi əhəmiyyət kəsb edir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Əfsanə İbrahimova deyib. Ekspert bildirib ki, Azərbaycan liderinin Daşkəndə səfəri həm ikitərəfli münasibətlərə, həm də Mərkəzi Asiya ilə strateji əməkdaşlıq modelinə yeni dinamika gətirdi. Səfərin əsas məqsədi Daşkənddə keçirilən 7-ci Mərkəzi Asiya Dövlət Başçıları Məsləhətləşmə Görüşündə iştirak etmək idi. Azərbaycanın bu formata dəvət edilməsi ölkənin regiondakı nüfuzunun artdığını göstərir. Bundan başqa, səfər çərçivəsində Azərbaycan Prezidenti həm regional toplantıda iştirak etdi, həm də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə ikitərəfli görüş keçirdi. Görüş zamanı tərəflər siyasi, iqtisadi, sənaye və turizm sahələrində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində müzakirələr apardılar. Mirziyoyev iki ölkə arasında "praktiki əməkdaşlığın" genişləndirilməsinin vacibliyini xüsusi vurğuladı. Prezident İlham Əliyev, həmçinin Daşkənddə yerləşən İslam Mədəniyyəti Mərkəzini ziyarət etdi. Bu addım Azərbaycan-Özbəkistan əlaqələrinin təkcə iqtisadi deyil, həm də dini-mədəni ölçüdə gücləndirildiyini göstərir.
"Azərbaycan lideri Daşkənddə keçirilən "Heritage of the Future" beynəlxalq mükafatlandırma mərasimində də iştirak edib. Bu səfər regional inteqrasiyanın dərinləşməsi baxımından önəmlidir. Azərbaycanın Mərkəzi Asiyada keçirilən ali səviyyəli toplantıya dəvət edilməsi, Bakı ilə region ölkələri arasındakı siyasi əlaqələrin strateji səviyyəyə yüksəldiyini təsdiqləyir. "Mərkəzi Asiya + Azərbaycan" formatı qarşıdakı illərdə regionlararası əməkdaşlığın əsas platformasına çevrilə bilər. Bu format ölkələri birləşdirən nəqliyyat şəbəkələrinin koordinasiyası, ticarət axınlarının yenidən strukturlaşdırılması və təhlükəsizlik məsələlərinin vahid masa ətrafında müzakirəsini mümkün edir," - deyə siyasi şərhçi əlavə edib.
Ə. İbrahimova qeyd edib ki, cənab prezidentin Daşkənd səfəri həmçinin iqtisadi amillərə görə də önəmlidir. Tərəflər arasında aparılan görüşlər ticarət, sənaye və turizm sahələrində yeni layihələrin reallaşmasına zəmin yaradır. Özbəkistanın sürətlə inkişaf edən sənaye sektoru, Azərbaycanın isə nəqliyyat-logistika mərkəzi kimi mövqeyi iki ölkənin iqtisadi əlaqələrini qarşılıqlı fayda əsasında genişləndirə bilər. Xüsusən də Orta Dəhliz ("Middle Corridor") çərçivəsində daşımaların artırılması, hər iki ölkənin beynəlxalq ticarətdə rolunu yüksəldə bilər. Son zamanlar Mərkəzi Asiyanın böyük güclərin rəqabət meydanı olduğunu nəzərə alsaq prezident İlham Əliyevin bu səfərinin nə qədər mühüm əhəmiyyət kəsb etdiyinin şahidi olarıq.
Sevda Dəniz